​Bu gün işdən azad edilən nazir müavini: həkim, icra başçısı...

Baxış sayı:
12232

Azərbaycan Prezidenti İlham Əliyev bu gün verdiyi sərəncamlarla Anar Əliyevlə bərabər, Vüsal Zakir oğlu Nəsirlini də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edib.
Muxalifet.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Həm Anar Əliyev, həm də Vüsal Nəsirli bu vaxta qədər nazir Sahil Babayevin müşaviri vəzifəsini icra ediblər.
Vüsal Nəsirli haqda hələ o, bu il may ayında müşavir təyin edilərkən yayılan məlumat özünü doğrultmamışdı. Belə ki, Vüsal Nəsirli həbs edilən general Zakir Nəsirovun oğlu və ya qohumu deyil.
İşdən azad edilən Natiq Məmmədov 23 oktyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Unversiteti) bitirib.
1980-1985-ci illərdə Bakı şəhər Dəri-Zöhrəvi Dispanserində fəaliyyət göstərib.
1986-1990-cı illərdə Bakı Baş Səhiyyə İdarəsində Nəzarət İnspeksiyasının rəisi, 1990-1997-ci illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin müdiri, 1997-2000-ci illərdə Bakı şəhəri 12 saylı poliklinikanın baş həkimi, 2001-2004-cü illərdə Gənclər, İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2004-2006-cı illərdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini idi.