Daha bir siyasi fəal saxlanıldı
İctimai fəal Qarayev Elsəvər Sahib oğlu polisə müqavimət ittihamıyla həbs olunub.
Qarayev Elsəvərə İnzibati Xətalar Məcəlləsinin 513-cü (xırda xuliqanlıq) maddəsi ilə 10 günlük inzibati həbs cəzası verilib.
Onun haqqında bu qərarı Xətai Rayon Məhkəməsinin hakimi Abbasova İlahə çıxarıb.
Belə ki, siyasi fəal Qarayev Elsəvər Fəvvarələr Meydanında aksiyadan Xətai üzrə istiqamətə gedərkən saxlanılıb. Xətai Polis İdarəsinə gətirilin.
Orada haqqında inzibati xəta protokolu tərtib edilib. Ardınca Xətai Rayon Məhkəməsinə gətirilib.
Aksiyada saxlanılanların sayı 50 nəfərdən artıqdır.
Onların bəziləri haqqında cinayət işi başlanıb. Bir çoxuna polisə müqavimət ittihamıyla inzibati həbs cəzası verilib.
Həbs olunan fəallar özlərini təqsirli bilmir, şərləndiklərini bildirirlər.

Hikmət Hacıyev: “Xocalı faciəsindən süjet göstərilsə də, verilişin müəllifi özündə cəsarət və vicdan tapıb bunun Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini dilinə gətirməyib”
“Rusiyanın “5-ci kanal” adlanan televiziya kanalında yayımlanan, obyektivlikdən və vicdandan kənar olan və yalnız Ermənistan tərəfinin yalanlarına xidmət edən verilişdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarına məqsədyönlü şəkildə yer verilməyib”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Rusiyanın “5-ci kanal”ında 20 yanvar faciəsi və Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən proqrama münasibət bildirərkən deyib: “Xocalı faciəsindən süjet göstərilsə də, verilişin müəllifi və kanalın redaksiyası özündə cəsarət və vicdan tapıb bunun Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini dilinə gətirməyib. 20 yanvar faciəsi isə məhv olmaqda olan imperiyanı qorumaq üçün sovet rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdir”.
Hikmət Hacıyev bildirib ki, verilişin müəllifi Azərbaycan Respublikasının icazəsi olmadan işğal altındakı Azərbaycan ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanunu pozub. O əlavə edib ki, Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın rəhbərliyinə Azərbaycan tərəfinin narazılığı çatdırılacaq və Rusiyanın müvafiq dövlət qurumlarına müraciət ediləcək.