Ermənistanda parlamentin buraxılması prosesi başlanır: Keçmiş hakim partiya vədinə əməl edəcəkmi?

Baxış sayı:
3226

Ermənistan Milli Məclisində bu gün "Yelk" ("Çıxış") parlament fraksiyası tərəfindən baş nazir vəzifəsinə irəli sürülmüş Nikol Paşinyanın namizədliyi üzrə səsvermə keçirilməli və qabaqcadan razılaşdırıldığı kimi, Paşinyan seçilməməlidir.

Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, parlamentdə təmsil olunan digər üç fraksiyalarla namizəd irəli sürməmək haqqında razılıq əldə etdikdən sonra, oktyabrın 16-da istefa verib.

Baş nazir namizədliyinin irəli sürülməsi taktiki xarakter daşıyır və dekabrın əvvəlində növbədənkənar parlament seçkilərini keçirmək məqsədilə "məxməri inqilabdan sonra reallığı əks etdirməyən" hazırkı Milli Məclisin qanuna uyğun buraxılması üçün şərait yaratmalıdır, Paşinyan Facebook vasitəsilə xalqa müraciətində deyib.

Nəzəri baxımdan bu, mümkündür, işdə isə bir neçə mərhələdən keçməlidir.

Parlament iki dəfə "yox" deməlidir

Baş nazirin və hökumət kabinetinin istefası ölkə prezidenti tərəfindən qəbul olunduqdan yeddi gün müddətində parlament fraksiyaları yeni baş nazir postina namizəd irəli sürə bilərlər. "Yelk" fraksiyası öz keçmiş rəhbəri Nikol Paşinyanın namizədliyini təklif edib. Digər üç - ERP, Tsrukyan bloku və Daşnaksutyun - parlament fraksiyaları vədlərinə əməl edib namizəd irəli sürməyiblər.

Baş nazirin seçkiləri adbaad səsvermə üsulu ilə keçirilir. Namizədin seçilməsi üçün onun lehinə parlament üzvlərinin yarısından çoxu səs verməlidir.

Mili Məclis tərəfindən seçilmiş baş nazir prezident tərəfindən də dərhal vəzifəyə təyin olunur.

İlk səsvermə nəticəsində seçilmədikdə, bir həftədən sonra yenidən seçkilər keçirilir. Lakin bu dəfə namizəd millət vəkillərinin ümumi sayının ən azı üçdə biri tərəfindən irəli sürülə bilər.

Səs çoxluğu ilə namizəd seçilməzsə, qanuna əsasən, Milli Məclis buraxılır.

Pashinyan

Növbədənkənar seçkilər nə vaxt keçirilə bilər?

Ermənistan Konstitusiyasına əsasən, növbədənkənar parlament seçkiləri iki halda keçirilə bilər. Hər iki halda fəaliyyətdə olan parlament buraxılmalıdır.

Milli Məclisin ləğv edilməsi iki halda mümkündür: ya millət vəkilləri iki həftə ərzində iki dəfə baş nazir namizədinin əleyhinə səs verir, ya da parlament baş nazir tərəfindən tərtib edilmiş hökumət kabinetinin proqramını qəbul etmir.

Prezident parlament seçkisinin tarixini müəyyən edir. Seçkilər parlament buraxıldıqdan 30 gün sonra, ən geci, iki həftə müddətində keçirilməlidir.

Paşinyan niyə tələsir?

"Məxməri inqilab" liderinin nüfuzu ona xalqın dəstəyinə güvənməyə əsas versə də, vaxtın uzanması "əks-inqilabi qüvvələr", xüsusilə, hazırda parlamentdə çoxluq təşkil edən sabiq hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) təmsilçilərində "prosesləri əngəlləmək imkanların artması illüziyasını yarada bilər", siyasi təhlilçi, ilk müstəqil Ermənistan parlamenti xarici əlaqələr komissiyasının sədri Hovhannes İqityan hesab edir.

Baş nazir təyin olunduqdan bir il, yəni 2019-cu ilin may ayından sonra keçmiş hakim ERP fraksiyasının çoxluq təşkil etdiyi hazırkı parlament, Konstitusiyaya əsasən, baş nazirə etimadsızlıq votumu elan edə bilər, İqityan BBC News Azərbaycancanın müxbiri ilə söhbətində deyib.

"Onlar bu müddət ərzində, xüsusilə, qış aylarında yaşayış şəraitinin pisləşməsinə görə əhalidə Paşinyan hökumətinə qarşı narazılıq yaranacağına ümid edə bilərlər", - politoloq deyib.

Qanun üzrə, etimadsızlıq votumu təşəbbüsü gündəmə gətirmək üçün millət vəkillərinin üçdə birinin rəyi kifayətdir.

Lakin politoloqun fikrincə, "iş o yerə çatmaz".

Hovhannes İqityanın sözlərinə görə, sayca ikinci "Tsarukyan bloku" fraksiyası Paşinyanın növbədənkənar seçkilər keçirmək təşəbbüslərini dəstəklədiyi haqqında sənəd imzalayıb, ERP ilə Daşnaksutyun isə namizəd irəli sürməməyi vəd ediblər. Bundan başqa bir sıra millət vəkili keçmiş hakim ERP fraksiyasından çıxıb, Paşinyanın təşəbbüsünə qatılıblar.

"Bu qüvvələr yalnız prosesi müəyyən qədər ləngidə bilərlər. İnanmıram ki, mane ola bilələr. Paşinyan bu gün xalq arasında böyük nüfuza və dəstəyə malikdir. Bunu onun əleyhdarları da anlayırlar".