Heydər Əliyev “xəyanətkar” deyib işdən qovdu, İLHAM ƏLİYEV VƏZİFƏ VERDİ – ŞOK FAKTLAR

Baxış sayı:
1917

"Azəryolservis" rəhbərinin “ulduz”u niyə Heydər Əliyev öləndən sonra parladı?

1994-cü ildə mərhum prezident Heydər Əliyev Azərbaycan dövlətçiliyi üçün ən təhlükəli iriçəkili məmurları və kadrları tutduqları vəzifələrdən qovmuşdu. O dönəmdə işdən qovulan kadrlardan biri də Cavid Qurbanov idi. Çünki 1992-ci ildə Cavid Qurbanov AXC-nin hakimiyyətə gəlməsinin gizli sponsorlarından biri sayılırdı. 
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin nəzdindəki “Təmir-Tikinti Tresti”nin rəisi işləyən Cavid Qurbanov o dönəmdə ölkənin gizli oliqarxlarından idi. Keçmiş Sovetlər Birliyinin dağılması prosesində Azərbaycandakı bütün dəmir yollarının tikintisi və təmiri işi birbaşa onun başçısı olduğu trestin nəzarətinə keçmişdi. Peşəkar iqtisadçılar çox yaxşı bilirlər ki, dünyada ən bahalı gəlir mənbələrindən biri də dəmir yollarıdır və bu xətlərin hər il bir neçə dəfə təmir olunması, yeni avadanlıqların quraşdırılması, yük və sərnişin vaqonlarının təmiri çox böyük məbləğdə vəsait tələb edir. 

Hakimiyyət labirintinin dolanbaclarının sehri

Kimsəyə sirr deyil ki, Cavid Qurbanov Əbdürrəhman Vəzirovun Azərbaycanda söz sahibi olduğu dönəmdə dərhal yenicə formalaşan “Qarabağlı” klanında yer almağa üz tutdu. 20 yanvar Qanlı Faciəsindən sonra iqtidara gələn Ayaz Mütəllibovun etibarlı kadrlarından birinə çevrildi. Azərbaycan xalq Cəbhəsi hakimiyyətə gələn ərəfədə isə görkəmli sənətkar Aşıq Şəmşirin nəvəsi qismində cildini dəyişməyə başladı. Bu zaman aşıq sənətinin dəlicəsinə heyranlarından biri olan və AXC hakimiyyətinin bel sütunu sayılan həmyerlisi İsgəndər Həmidovun sağ əlinə çevrilmək taktikası ilə hərəkət etdi. Beləliklə də 1988-1993-cü illərdə Azərbaycanda dəyişən üç iqtidarın necə sağ əli olması kimi istedadını nümayiş etdirdi. 1993-cü ilin 4 iyun dövlət çevrilişi zamanı isə Cavid Qurbanov bu dəfə çevrilişçi çetenin liderləri olan Surət Hüseynovun və Rövşən Cavadovun yanında dolayı yolla özünü dürtməyə nail oldu. Çünki, 4 iyun dövlət çevrilişi planı Gəncədəki Dəmir Yolu İdarəsinin təmir-tikinti bazasında hazırlanmışdı. Gəncəlilər çox yaxşı bilirlər ki, həmin idarə o vaxtdan Cavid Qurbanovun daim nəzarətində olub. 
 
Heydər Əliyev Cavid Qurbanovu niyə vəzifədən qovmuşdu?


Böyük dövlət təcrübəsi olan və hakimiyyət məsələsində kadr siyasətində ən yüksək səviyyədə önəm verən mərhum dövlət başçısı Heydər Əliyevin 1994-1995-ci illərdə başı dövlət işlərinə qarışdığı üçün, bəzən ortaçəkili məmurlara toxunmağı vacib bilmirdi. Onların sırasında Cavid Qurbanovun da adı keçirdi. Cavid Qurbanovun vəzifə karyerası daha çox Surət Hüseynovun baş nazir olduğu dönəmdə çiçəklənməyə başladı. Belə ki, Dövlət Dəmir Yol İdarəsinin Təmir-Tikinti Trestinin rəisi vəzifəsindən üstün səviyyədə olan “Azəravtoyol Dövlət Şirkəti”nin prezidenti kürsüsünə qədər yüksəlmişdi. Bu şirkət sıradan adi bir təmir-tikinti idarəsi deyildi. Artıq ölkənin bütün yol infrastukturu da Cavid Qurbanova tabe etdirilmişdi. Onun rəhbərliyi altında Azərbaycan dövlətçiliyinə təhlükəli şəxs kimi tanınanların çoxu məhz bu şirkətdə yuva salmışdı. 
Ölkədəki korrupsiya və digər cinayətlərlə mübarizə sahəsi ilə o qədər də dərindən ilgilənməyən Heydər Əliyevi həmin ərəfədə daha çox dövlətə sadiq ola biləcək kadr siyasəti maraqlandırırdı. O, hər bir nazirlik, komitə və dövlət şirkətlərindəki kadr siyasətinin özəlliklərinə xüsusi diqqət yetirməyi daha vacib sayırdı. Cavid Qurbanovun vəzifə karyerası ilə tanış olduqda isə ölkənin əsas siyasi lideri və təcrübəli dövlət xadimi Heydər Əliyev, onu nəinki tutduğu vəzifədən azad etdi, biabırcasına qovdu. 

Ziya Məmmədov adlı “tavan”

Heydər Əliyev onu tutduğu vəzifədən qovduqdan sonra, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin rəisi Ziya Məmmədovun himayəsinə sığındı və burada müəyyən bir dönəm üçün kölgədə qalmağa çalışdı. Burada o, Ziya Məmmədovun dəstəyi ilə ilk öncə təchizat şöbəsində rəis, daha sonra isə “Azərdəmiryolservis İstehsalat Birliyinin rəisi vəzifələrini tutdu. Nəqliyyat Nazirliyi yenidən yaradıldıqda isə artıq Heydər Əliyev həyatda yox idi. Odur ki, 2003-cü ildən etibarən Cavid Qurbanovun əsil yaradıcılıq dönəmi çiçəklənməyə başladı. Cavid Qurbanov əvvəlcə "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi oldu. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutdu. Bununla yanaşı, 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür. Cavid Qurbanov Sabit Rəhmanın “Ulduz” komediyasında Gülümsərovun dediyi kimi həm də alimdir, yəni texniki elmlər namizədidir. 

Liderinə qarşı xəyanət

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün zərərli və təhlükəli saydığı kadrlardan biri sayılan Cavid Qurbanovun ikinci dönəm vəzifə pillələrində irəliləməsində onun sədaqətli dostu Ziya Məmmədovun misilsiz xidmətləri olub. Cavid Qurbanov bunun qarşılığında isə daim ona xəyanət edib. Redaksiyamıza daxil olan çoxsaylı məlumatlara görə, Ziya Məmmədovun ölkə mətbuatında, özəlliklə də müxalifət düşərgəsinə aid olan qəzetlərdə və eləcə də internet resurslarında əleyhində gedən kompramatların baş memarı məhz Cavid Qurbanov olmuşdur. “Azadlıq”, “Yeni Müsavat” və digər iriçaplı qəzetlərdə Ziya Məmmədovun vurulmasının sirri də bundadır. Ona görə ki, ölkədəki neft bumu dönəmi tamamilə fərqli idi. Milyardlarla dollarlıq layihələrin icra edilməsində ən çox vəsait də elə yol infrastukturuna ayrılırdı. Çox ciddi korrupsiya əməlləri də məhz Nəqliyyat Nazirliyi və onunla ortaq fəaliyyət göstərən sektorda mövcud idi. Buradakı yeyintilərlə bağlı MTN şefi Eldar Mahmudova çatdırılan ən ciddi informasiyalar da məhz “Azəryolavtoservis” şirkətinin prezidenti Cavid Qurbanovun kəraməti sayəsində ötürülürdü. Ziya Məmmədov əslində çox böyük yaxşılıqlar etməklə ürək dostu, sirdaşı, canından artıq inandığı Cavid Qurbanovun gizli işləklərindən çox-çox sonralar başa düşdü. Artıq indi portfelsiz nazirə çevrilən Ziya Məmmədovun bunca acınacaqlı duruma düşməsinin sirri də məhz Cavid Qurbanovun öz liderinə etdiyi xəyanətlər sayəsində baş vermişdir. 

Elşad ASLANOV
Mövzunu davam etdirəcəyik.