Kadr siyasətinin fəlsəfəsi... - SƏRDAR CƏLALOĞLUNUN YAZISI

Və yaxud kifayət qədər səlahiyyət əldə etmiş məmurun “birincilik” həvəsinə düşməsinin səbəbləri
Azərbaycanda məmurların özbaşınalığının kütləvi xarakter alması qaçılmaz olaraq ya növbəti dövlət çevrilişlərinə, ya da xalq inqilablarına gətirib çıxaracaq... Yeganə çıxış yolu idarəetmənin keyfiyyətini dəyişməkdir
(Əvvəli ötən sayımızda)
Özbaşınalıq olan ölkələrdə hakimiyyətlərin davranışı da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər bir hakimiyyətin özünüqoruma instinkti olduğundan, hakimiyyət həm məmurların razılığı, həm də vətəndaşların narazılığı ilə bağlı müxtəlif cür reaksiyalar verir.
Bir qayda olaraq hakimiyyət, ideyalar gizlində insanların beynində olduğundan onlara yox, davranışlarına, xarici seyr edilən hərəkətlərinə görə tədbirlər görür.
Hakimiyyətin uzurpasiya ideyasına yiyələnmiş məmurların vəzifədən sui-istifadə ilə bağlı 4 cür reaksiyası meydana çıxır.
Birincisi, ölkədə məmur özbaşınalığının ümumi xarakter alması ilə bağlı hallarda xəbərdarlıq.
İkincisi, konkret səlahiyyət həddini aşmaqla bağlı bir məmurun tənqid edilməsi.
Üçüncüsü, vəzifə cinatəylərinə yol verən bəzi məmurlarla bağlı tədbir görülür.
Tədbir bəzi məmurları cəzalandırıb, bəzi məmurları isə qorxutmaq məqsədi daşıyır. Bu zaman xalq bəzi məmurların cəzalandırılmasından məmnunluq edir, bəzi məmurlara toxunulmamasını anlamaqda çətinlik çəkir.
Dördüncüsü, yüksək rütbəli məmurların səlahiyyət həddini aşması, yəni ümumi hakimiyyəti məniməsməsi ilə bağlı REPRESSİYA.
Repressiya hər hansı bir yüksək rütbəli məmurun mənimsədiyi ümumi hakimiyyəti həyata keçirən bütün kadrlara qarşı tətbiq edilən kollektiv cəzalandırmadır. Azərbaycanda idarəetmə xəbərdarlıq, tənqid, tədbir və repressiya ilə xarakterizə olunur ki, sonuncu da dövlət çevrilişinə cəhdin mövcudluğunu təsdiq edir.
Hakimiyyətdə vətəndaşların ən ümumi narazılıqlarına - şikayətlərinə heç bir reaksiya vermirlər. Biz bunu hakimiyyətin özünüqoruma instiktinin orijinal ideyası adlandırırıq. Buna paralel məmurların özbaşınalığına qiymət verilmir, göz yumulur.
Etirazlarla bağlı hakimiyyət xüsusi hüquqi tədbirlər görür, belə ki, ya etiraza səbəb olan məmur və ya narazı vətəndaşlar cəzalandırılır.
Üsyanlarda hakimiyyətin özünüqoruma instinkti onun bəzi tədbirlər görməsinə, üsyançılara qarşı legitim güc tətbiq etməsinə və ya onlarla siyasi dialoqa getməsinə səbəb olur və hakimiyyət əlindəki zordan üsyanı yatırmağa cəhd edir, buna gücü çatmadıqda üsyançıların bəzi şərtlərini qəbul edir. Eləcə də, üsyana səbəb olan məmurlarla bağlı da iki cür qərar qəbul edirlər: ya onları cəzalandırır - əgər üsyançılarla dialoq tələb olunursa, ya da əksinə mükafatlandırılır - əgər üsyançılara qarşı amansızlıq edilirsə.
Dövlət çevrilişlərində və inqilablarda hakimiyyətin özünü qorumasının ən ümumi instinkti özünümüdafiə kimi meydana çıxır. Özünü müdafiə əks tərəflə danışıqlardan imtina və legitim zordan qeyri-qanuni istifadə kimi meydana çıxır ki, bu da müharibə adlanır. Bu zaman hakimiyyət özünün bütün hakimiyyət resursalarını inqilabçı kütlələrə - xalqa və ya dövlət çevrilişi edən elitaya qarşı müharibə elan etməklə onlara yönəltməyə səbəb olur, ölkədaxili müharibə və ya iqtidardaxili çaxnaşmalar meydana çıxır. İqtidarların öz gücləri ilə inqilabları yatırmaq cəhdindən vətəndaş müharbəsi, xarici güclərdən istifadə etməsi xarici intervensiya meydana çıxır. Kecmiş rus imperiyasında oktyabr inqilabı, 1979-cu il İran İslam İnqilabı rejimlərin daxili potensialla xalq narazılığını dəf etməsindən,Ukrayna və Suriya hadisələri xarici gücdən istifadəyə cəhddən meydana çıxmışdır.
Hakimiyyətin özünü qoruma instinkti ondan kadrların düzgün seçilməsini tələb edir. Kadrların seçilməsində yol verilən qüsurlar nədən qaynaqlanır? Nə üçün kadrlar onları vəzifəyə qoyan şəxslərin əleyhinə çıxırlar?
Yuxarıdakı şərhdən aydın oldu ki, səlahiyyətlə məsuliyyət bir-biri ilə əksiklik və vəhdət təşkil edən iki müxtəlif siyasi normadır, hansı ki, meydana çıxma formalarına görə fərqli, məqsədlərinə görə eynidirlər. Əksliklərin tərəfləri kimi qarşılıqlı zidiyyətdə ictimai həyatın müxtəlif sahələrində ya səlahiyyət, ya da məsuliyyət birincilik əldə edir. Səlahyyət kadrların üzərinə qoyulmuş məcburi öhdəlik, məsuliyyət kadrın öz üzərinə götürdüyü könüllü öhdəlikdir. Politologiya, psixologiya, sosiologiya elmi və fəlsəfənin ortaq mövqeyi bundan ibarətdir ki, şəxsiyyət könüllü öz üzərinə götürdüyü öhdəliyi məcburi onun üzərinə qoyulmuş öhdəlikdən daha yüksək keyfiyyətlə icra etmək imkanına malikdir.
Məcburi olduğundan səlahiyyətlərin müəyyən olunmasında - kadrı seçən - təyin edənin, amma məsuliyətin müəyyən olunmasında –kadrın seçılməsi - məsələsində kadrın özünün və ya onu seçən kollektivin iradəsi əhəmiyyət daşıyır. Dövlətin quruluşundan və idarəetmənin tipindən asılı olaraq bəzi kadrlarda səlahiyyət birincili olduğundan, kardların qabiliyyəti olmasa da onlar həmin vəzifələri yerinə yetirməyə məcbur edilir. Məsələn, orduda hərbi xidmətdə kadrların səlahiyyəti məcburi müəyyən edildiyindən, onların öz vəzifələrini, həyatları bahasına başa gəlsə də, yerinə yetirmələri tələb olunur. Amma idman yarışlarında məsuliyyət birincilik təşkil etdiyindən, yarışa idmançı könüllü olaraq - özünün şəxsi qabiliyyətlərinə görə qoşulur və nəticədə onun idmançı səlahiyyətləri meydana çıxır. Buradan aydın olur ki, bir halda səlahiyyət məsuliyyəti ,digər halda məsuliyyət səlahiyyəti yaradır. O hallarda ki, məsuliyyət səlahiyyət yaradır, bu hallarda kadrlar azad seçimlə - könüllü, fərdin şəxsi və ya başqalarının kollektiv iradəsi ilə müəyyən olunur. O yerdə ki, səlahiyyət məsuliyyət yaradır, orada kadrlar seçilmə ilə - məcburi və başqa bir fərdin iradəsi ilə müəyyən olunur. Dövlətdə siyasi ierarxiyaya uyğun olaraq kadr siyasəti hər iki prinsipə tabe etdirilmişdir. Məsələn, Ali Qanunverici orqan azad seçkiyə, yəni vətəndaşların öz üzərlərinə könüllü məsuliyyət götürməsinə və onların kollektiv iradə ilə seçilməsinə uyğun formalaşır. Əgər parlament seçkiləri saxtalaşırsa (Azərbaycanda olduğu kimi, millət vəkilləri təyin olunursa), onda millət vəkilinin məsuliyyətini onun səlahiyyəti yaradır. Buna görə, millət vəkili ona bu səlahiyyəti verəndən asılı olur. Əksinə icra hakimiyyəti səlahiyyətin doğurduğu məsuliyyət əsasında mövcud olduğundan, insanların könüllü dövlət vəzifələri tutmaq hüquqları, yəni seçimləri olmur. Bu cür kadrlar yalnız seçilir - təyin olunur. Seçki subyektiv təzahür olduğundan kollektivləşdikcə daha doğru - həqiqi seçim olur. Yəni min nəfərin seçimi bir nəfərin seçimindən yüksək keyfiyyətli seçim olur. Çünki fərdi subyektiv xətalar kollektiv seçimdə istisna olunur. Kollektiv iradə və öz üzərinə könüllü məsuliyyət götürdüyünə görə, belə adamlar səlahiyyətə malik olmağa daha çox haqq qazanır və layiq olurlar.
Buradan sual meydana çıxır: bəs Ali İcra Hakimiyyətinin kadrlarının, məsələn, nazirlərin, generalların, komitə sədrlərinin, icra başçılarının seçilməsində - təyin olunmasında təyin edənin - przedinetin və ya kadrları təyin edən azlığın subyektivizmindən doğan qüsurlardan necə xilas olmaq olar? Bu tərəfdən zərurətə (qanuna) görə, bu kadrlar bir nəfər - prezident və ya az bir adam – kadrlarin seçilməsində -təyin olunmasında iştirak edənlər iştirak etməlidir, digər tərəfdən həmin seçim maksimum kollektiv seçim keyfiyyəti almalıdır ki, kadr cinayətləri meydana çıxmasın və vəzifələrə layiqli insanlar təyin olunsun.
Hakimiyyətin formasından və idarəetmənin keyfiyyətindən asılı olaraq kardların iki cür seçilməsi - təyin olunması mövcuddur. Birincisi, ən aşağı keyfiyyətli idraəetmə üçün xas olub, şəxsi sadaqətə və proteksiyaya (şəxsi münasibətlərə - qohumluğa, dostluğa, qonşuluğa, yoldaşlığa, yerliçiliyə, intim münasibətlərə, etnik, dini və yerliçilik münasibətlərinə və s .) görə seçimdir.
İkincisi, ən keyfiyyətli idarə etməyə xas olub, kadrın dövlət və xalq qarşısındakı əvvəlki vəzifələrindəki xidmətlərini nəzərə almaqla - ictimai münasibətlərə görə seçimdir. Birinci növ seçimdə kadrlar təsadüfən dövlətə və xalqa bağlı adamlar ola bilər. Bu cür seçimdə kadr cinayətləri - xalqa və dövlətə qarşı cinayət kütləvi xarakter alır, hansı ki, rüşvət və korrupsiya ilə başlayıb, sonda dövlət çevrilişləri ilə başa çatir. Amma ikinci növ seçimdə seçilən kadr əvvəlcədən dövlətə və xalqa sədaqətini əməli işdə sübut etdiyindən, növbəti kadr pilləsində kadr qüsurlarına yol vermir, yəni hakimiyyət cinayətlərinə və dövlət çevrilişlərinə cəhd etmir. Yalnız bir halda dövlət və xalq qarşısında əvvələr xidmətləri olmuş kadrlar yeni vəzifələrində dövlət çevrilişlərində iştirak edir ki, onları seçənlərin özləri xalqa və dövlətə qarşı fəaliyyət göstərsinlər, bu da cinayət yox, qəhrəmanlıq kimi təzahür edir və dəyərləndirilir.
Azərbaycanda müstəqillik əldə etdikdən sonra bütün hakimiyyətlər üçün xarakterik olar kadr siyasətinin yarıtmazlığı, kadrların dövlət çevrilişinə cəhd etməsi (1993, 1994-95, 2003-cü ilərdə) və vəzifə cinayətlərinə meyl etməsinin (Heydər Babayev, Səfər Əbiyev, Eldar Mahmudov və s.) kütləvi hal alması məhz kadrların seçilməsində şəxsi münasibətlərin -proteksiyanın və şəxsi sədaqətin rəhbər götürülməsidir. Heç təsadüfü deyil ki, bu cür kardlar ifşa edilərkən onlara qarşı tək bir yeganə ittiham – prezidentin şəxsi etimadını doğrultmamaq və ona xəyanət etməkdən ibarət olur. Bu cür idarəetmədə kadrlar onları təyin edənlərə sədaqətli qalmaqla, istənilən vəzifə cinayətlərinə meyllənirlər ki, bu da idarəetmənin keyfiyyətini aşağı salır, nəticədə xalqla hakimiyyət arasında uçurum meydana çıxır. Belə hallarda isə dövlət çevrilişləri cəhdləri hakimiyyətdən kənarda - cəmiyyətdən və ya xarici güclərdən meydana çıxır. Dövlət çevrilişlərinin hardan -hakimiyyət daxilindən, cəmiyyətdən və ya xarici qüvvələrdən meydana çıxmasından asılı olmayaraq, bütün hallarda pis idarəetmənin mövcudluğundan xəbər verir.
Nə üçün bu gün istər beynəlxalq təşkilatlar, istər ölkə müxalifəti hakimiyyəti qanuni seçikilər keçirməyə, kadrların düzgün təyin edilməsinə çağırır? Cünki parlament seçkilərinin saxltalaşdırılması və kadrların şəxsi sədaqətə və proteksiyaya görə seçilməsi idarəetmənin keyfiyyətini aşağı salır, hakimiyyətə qarşı qeyri-qanuni çevrilişlərə əsas yaradır, hansı ki, dövlət çevrilişləri qloballaşmış ölkələrdə yalnız milli çərcivədə yox, həm də qlobal çərcivədə çox ciddi fəsadlara yol açır. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Misirdə və Ukraynada uzun illər Qəddafinin, Hüsnü Mübarəkin, Səddam Hüseynin, Bəşər Əsədin, Yanukoviçin apardığı aşaği keyfiyyətli idarəetmə nəticəsində meydana çıxan çevrilişlər, vətəndaş müharibələri , həm həmin ölkələri viran qoymuş, həm də beynləlxalq təhlükəsizliyə çox böyük zərbə vurmuşdur.
Bütün bunlardan belə qənaətə gəlmək olur ki, aşağı keyfiyyətli idarəetmənin 3 klassik əlaməti mövcuddur:
- Xalqın kütləvi narazılığı;
- Məmurların kütləvi özbaşınalığı;
- Şəxsi iradə ilə idarəetmə.
Bu 3 əlamət bir-biri ilə qarşılıqlı vəhdətdə olub, qarşılıqlı vəhdətdə və mübarizədə bir-birinə keçir. Belə ki, şəxsi iradə ilə idarəetmədən xalqın kütləvi narazılığı və məmurların kütləvi özbaşınalığı əmələ gəlir. Xalqın kütləvi narazılığı şəxsi idarəetmə ilə məmurların kütləvi özbaşınalığından meydana çıxır. Nəhayət, məmurların kütləvi özbaşınalığı şəxsi iradə ilə idarəetmə və xalqın kütləvi narazılığından xəbər verir.
Deməli, Azərbaycanda parlamentin saxtalaşdırılması proteksiyanın kadr siyasətini həyata keçirmək və məmurların özbaşınalığının kütləvi xarakter alması qaçılmaz olaraq ya növbəti dövlət çevrilişlərinə, ya da xalq inqilablarına gətirib çıxaracaq. Bunların hansının nə vaxt baş verməsi yüksək rütbəli məmurların, zərurətə görə, xarici ölkələrdən dəstək alması, xalqın inqilaba qalxması isə, təsadüfə görə, hansısa bir ən əhəmiyyətsiz hadisə ilə meydana çıxacaqdır. Yeganə çıxış yolu idarəetmənin keyfiyyətini dəyişməkdir. Ölkədə böhrana səbəb olan hər bir iqtidarın böhrandan çıxmaq üçün effektli qərar qəbul etməsi mümkünsüz olduğundan, idarəetmənin dəyişdirilməsi kadr siyasətinin dəyişdirilməsini tələb edir. Başqa sözlə, bu iqtidarın yaratdığı böhrandan xalqı yalnız yaxşı idarəetmə əsasında - seçki yolu ilə hakimiyyətə gələn və ya qeyri-proteksion yolla təyin edilən məmurlar xilas edə bilər.
Sərdar CƏLALOĞLU, "Hürriyyət"