“Narkotik tcarətinin kökünü kəsmək çox çətindir...” - MİRMAHMUD MİRƏLİOĞLU

Baxış sayı:
340

“Dövlət məmurları arasında da heroin qəbul edənlər var”

“Ölkəmizdə kiçik çaplı narkotik alverçilərinə "məşədi tiryək", daha böyük çaplı narkotik alverçilərinə isə "hacı heroin" deyirlər”

Ölkəmizdə narkomaniyanın və narkotik ticarətinin yayılması cəmiyyətin hər bir fərdini narahat edir. Bu problemin qarşısını almaq üçün aidiyyəti qurumlar mübarizə aparsa da, bu məsələdə hər bir vətəndaşımızın da üzərinə yük düşür. Çünki narkotik bəlasından ancaq bu halda xilas olmaq mümkündür. Nəzərə alsaq ki, İkinci Qarabağ Savaşından sonra bu dəfə də ölkəmizə “narkotik müharibəsi” açılıb, deməli, yenə də yalnız vətəndaşlarımızın birliyi ilə bu savaşda qalib gələ bilərik. Bu mübarizədə isə vətəndaşları siyasi qütbələrə, xüsusilə də iqtidar və müxalifətə bölmək olmaz. Elə bu məsələ ətrafında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə həmsöhbət olduq.
- Mirmahmud bəy, 44 günlük Qarabağ Savaşından sonra, xüsusilə də 2021-ci ildən etibarən Azərbaycanda narkotik ticarətinə qarşı mübarizə dövlət siyasətinin bir qoluna çevrildi. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə bütün müvafiq qurumlar yeniyetmə və gənclərimizin məhvinə yönələn bu bəlanın aradan qaldırılması üçün səfərbər oldular. İlk olaraq bilmək istərdik ki, son 4 il ərzində bu istiqamətdə aparılan fəaliyyət Sizi qane edirmi?
- Ümumiyyətlə, narkotikə qarşı mübarizə dünyanın diqqətində olan və bizim üçün də həyati əhəmiyyətli məsələdir. Necə olmasından asılı olmayaraq, dünya bu məsələ ilə bağlı səfərbər olunubsa və bu, dünyanın probleminə çevrilibsə, təbii ki, hər kəs bilir - burada orqan alveri, narkotik alveri, insan alveri, silah ticarəti və s. dünyanın aparıcı qeyri-leqal ticarətidir - mübarizə bütün hallarda ən yüksək səviyyədə olsa belə, qaneedici deyil. Bu, dünyanın problemidir. Əgər məktəblərimizdə də bu varsa, baxmayaraq ki, quru sərhədlərimiz bağlıdır, bu bizi çox narahat edir, quru sərhədlərin açılması vacibdir, amma gənc nəsil, hətta yeniyetmələr belə bu məsələlərə cəlb olunubsa, polis, ictimai qınaq, valideynlər, bütün cəmiyyət - hamı səfərbər olunubsa, deməli, hələ mübarizə qaneedici deyil.
- Aparılan araşdırmalara görə, Azərbaycana narkoitk vasitələrin 95 faizi İrandan daxil olur. Bu, xüsusilə 44 günlük Qarabağ Savaşı nəticəsində İranın vaxtilə işğal olunmuş ərazilərimizdən keçən narkotik marşrutunun qarşısının kəsilməsindən sonra baş verdi. Sizcə, İranla münasibətləri necə tənzimləmək lazımdır ki, ölkəmizə qarşı "narkotik savaşı”na son qoyulsun?
- O münasibətlərdən asılı olan məsələ deyil. Narkotik məsələsi təkcə dövlətlərarası münasibətlərdən asılı deyil, ona görə ki, bu, beynəlxalq biznesdir. Bunu da hər kəs bilir. Bu, unudulmamalıdır. Sizin sualınızın birinci cümləsində vurğuladığınız məsələ isə (Azərbaycana narkoitk vasitələrin 95 faizi İrandan daxil olması) tarixən olub. Yəni Çar Rusiyası zamanında da, tarixən də belə olub. Hərçənd, çox adamlar ədəbiyyatçılar və s. bunu düzgün qəbul etmirlər. Siz bilirsiniz, Axundovun məşhur əsərlərindən birinin adı "Hacı Qara"dır və o əsərdəki "Qara" adı elə-belə götürülməyib, "qara" o "qara"dır. Bu "Qara" bugünki "qara" deyirlər ha, tiryək-filan, az qala onunla sinonimdir. Ona görə, bu təkcə dövlətlərarası məsələlərdən, necə münasibət olacağından asılı deyil. Bayaq xatırlatdım, quru sərhədlər bağlıdır, amma görürsünüz, hər gün bütün xəbərlərdə bu və ya digər informasiya gedir - bizim Güneylə sərhəd rayonlarımızdan filan vətəndaşımız, Güney Azərbaycan vətəndaşı, İran anti-İslam Cümhuriyyətinin filan vətəndaşı saxlanıldı, bu qədər oldu və s. Dövlətlərarası məsələlərdə bu gündəmdə deyil. Amma zahirən gündəmdə deyil. Sənəd olaraq masada gündəmdə deyil. Yalnız danışıqlarda şifahi olaraq xatırlanır ki, məsələ belə qoyulmalıdır, dövlətlərarası beynəlxalq əməkdaşlıq olmalıdır. Amma bunun sahibi var. Narkoticarətin kökünün kəsilməsi çox çətindir. Niyə? Çünki bu beynəlxalq ticarətdir və onun da yiyəsi var. Dünyanın bütün ölkələrində bu davam edir. Bu məsələ təkcə 30 il işğal altında qalan torpaqlardan narkotik bitkilər yetişdirilməsi üçün istifadə olunması ilə bağlı deyil. Bu gün də var.
Çox təəssüflər olsun ki, Quzey Azərbaycanda bu işlə məşğul olan vətəndaşlarımız da var. El arasında hətta onların arasında məşhur olanlara "məşədi tiryək" deyirdilər. İndi isə onlara "hacı heroin" deyirlər. Bax, belə şeylər var. Ona görə də bu ictimai qınaqla, tərbiyə və təhsillə, təbliğatla, sizin saytınızla mümkündür, hər bir vətəndaşın mübarizəyə səfərbər olması vacibdir.
- Çox gözəl qeyd etdiniz, "məşədi tiryək" və "hacı heroin" nüanslarını, ilk dəfədir eşidirəm...
- Bəli, kiçik çaplı narkotik alverçilərinə "məşədi tiryək", daha böyük çaplı narkotik alverçilərinə isə "hacı heroin" deyirlər. El arasında bunlar deyilir.
- Hesablamalara görə, İrandan daxil olan narkotik vasitələrin cəmi 16 faizi aşkar olunur. Bu isə o deməkdir ki, 84 faiz, yəni tonlarla narkotik sərbəst şəkildə ölkəmizə ayaq açır. Bu məsələdə DSX və DGK-nın məsuliyyət payı nə dərəcədədir?
- Burada ən böyük məsuliyyət polisindir. Polis istədiyi təqdirdə narkotikə qarşı mübarizədə amansız da ola, onu aradan da qaldıra bilir. O dediyiniz var ha, 16 faiz müsadirə olunan narkotik - təbii ki, bunda adını çəkdiyiniz qurumların da rolu var, amma mən birinci polisi, ictimai asayişi qoruyanları əsas götürürəm. Məsələn, deyilir ki, informasiya verildi və Komissiyanın iştirakı ilə də müsadirə olunub toplanan narkotik məhv edildi. Bunun videosunu da, xüsusi əməliyyat çəkilişini də göstərdilər. Kimdə qarantiya var ki, o narkotikin hamısı məhv edildi? Tonlarla narkotik. Qarant yoxdursa, deməli, məhv edilmir. Həm də əgər sərhədlər bağlıdırsa, narkotik necə gələ bilir?
Bütün dünya ölkələrində belədir, mübarizə aparılır, gətirilir, saxlanılır, məhv edilir - hər kəsdə belədir. Türkiyədə, qonşu dövlətlərdə, Rusiyada, bizdə və s. Niyə buna son vermək, kökünü kəsmək olmur? Deməli, onun kökünü kəsməli olan adamların özləri bu işdə ya maraqlıdırlar, ya da iştirakçıdırlar. Xatırlayıram ki, 15-20 il bundan əvvəl bir xeyriyyə cəmiyyəti var idi - "Yardımlı" Xeyriyyə Cəmiyyəti. Onlar rayon polisi ilə birlikdə "Narkomaniyaya yox deyək!" adlı kampaniya başlatmışdı və illərlə bunu davam etdirdi, bütün məktəblərdə məktəblilərə anti-narkomaniya broşürləri paylanıldı. Onda doğrudan da narkomaniya yox idi. Həmin polisin özü indi istefadadır. O, bu işdə maraqlı idi, polis rəisi də maraqlı idi, bu işin içində idi, bunu edə bilirdilər. Amma indi məsələlər biraz fərqlidir. İstəsələr, bunun kökünü kəsmək mümkündür. İstəmək lazımdır.
- Rəsmi məlumata görə, Azərbaycanda 45 min nəfər yaxın, qeyri-rəsmi isə 330 min narkoman var. Nəzərə alsaq ki, bunların da böyük əksəriyyəti yeniyetmə və gənclərdir, deməli, Azərbaycanda bu sahədə vəziyyətin çox gərgin olduğunu deyə bilərik. Siz problemdən çıxış yolunu necə görürsünüz?
- Hər bir ailə, hər bir fərd, hər bir vətəndaş, valideyn, hətta ailə üzvləri, qonşular da mübarizədə maraqlı olmalıdırlar. Məsələn, bizim şəhərlərimizin elə yaşayış blokları var ki, iynələrlə doludur. Bununla bağlı çox ciddi həyəcan siqnalı var, iş görülməlidir. Bəs sahə müvəkkili hara baxır? Bəs Mənzil İstismar İdarəsi əməkdaşı, yaxud valideyn hara baxır? Qonşu hara baxır? Siz dedyiniz rəqəmlər özləri belə doğru-dəqiq deyil. Ona görə ki, rəhbərlik, bu işlə məşğul olanlar faiz verirlər. Mən bunu dəqiq bilirəm, işin içindən məlumatlıyam. Yəni, "bu qədər olsun, bu il, bu ay belə hesabat verək, yaş fərqini bu qədər göstərək, gənclər, yeniyetmələr bu qədər olsun, qoy çox olmasın". Bu, təxminən nəyə bənzəyir, sanki plan verirlər; "Keçən il bu qədər vermişik, qoy bu il bu qədər verək". Özü də bu rəqəmi verən ağzına gələni deyir: "Rəis belə dedi, qurtardı, bu qədər yazılmalıdır". Axı, bu qədər deyil. Həm də nə maraqlıdır - polis sahə müvəkkili, yaxud polis şöbəsi, idarəsi əzbər bilir ki, onun ərazisində neçə narkoman var, hamısını da tanıyır. Bilir ki, istifadəçi kimdir, neçə nəfərdir. Əzbər bilir ki, satıcı neçə nəfərdir. Bunların hamısı nəzarətdədir, istədiyi vaxt onun kökünü kəsə bilər. İstəmirlər, kimsə maraqlı deyilsə, bu, mübahisə doğuran fikirdir. Amma narkotik satışının kökünü kəsmək istəyirsənsə, əzbər bilirsən ki, hansı nöqtədə kim var. Mən əgər sahə müvəkkiliyimsə, polis rəisiyəmsə, əzbər bilirəm ki, bunlar neçə nəfərdir. Bu, o qədərdir ki, bütün kənd rayonlarını əhatə edir. “Patı”nı, tabletləri məktəblərdə və məktəblərin ərazilərində satırlarsa, məktəblilər bu narkoticarətə cəlb olunubsa, deməli, hər kəs bunu bilir. Yəni məktəbin kollektivi də, direktoru da, müəllimlər heyəti də bunu bilir. Onlar buna qarşı ona görə çıxa bilmirlər ki, arxasında konkret yüksək çinli adamlar var və burada təkcə qərarla məsələ həll olunmaz. Əgər dövlət başçısının da bu istiqamətdə bu məsələyə konkret münasibəti varsa, bunları etmək, yerinə yetirmək lazımdır. Bu, kampaniya xarakteri daşımamalıdır. Mövsümi xarakter daşımamalıdır. Daimi olmalıdır ki, kökü kəsilsin və gələcək nəslimiz də xilas olsun.
- Hazırda türmələrdə cəza çəkən məhbusların 50 faizə yaxını məhz narkotiklə əlaqədar həbs olunanlardır. Heç də təsadüfi deyil ki, indi “narkotik məhbusları” səbəbindən həbsxanalarda ciddi sıxlıq yaranıb. Buna baxmayaraq, həbslərin ardı-arası kəsilmir, demək olar ki, hər gün 34-40 nəfər narkotacir qandallanır. Əgər bütün bunlar insanları çəkindirmirsə, sizcə, narkotiklə əlaqədar cəzaların sərtləşdirlməsinə ehtiyac varmı?
- Bunu biz deyirik. Sərtləşdirmək missiyasını yerinə yetirən demir ki, sərtləşdirmək lazımdır. Cəmiyyət tələb edir, onlar da bu məsələlərə baxıb gülürlər ki, nə sərtləşdirmək. Əgər həbsxanada narkotik istifadəsi, yaxud satışı ilə məşğul olan həbs olunubsa, onun da narkotiki yoxdursa - konkret faktlara istinad edirəm, çünki bunu bilirəm, bunun məndən də çox bilənlər var, onlar bunları oxuyub gülürlər ki, nə danışır bu, bizim bildiyimizin yüzdə birini bilmir - deyək ki, adam müvəqqəti olaraq həbs olunub, ondan yuxarı cəza verə bilmərik, öz həbs müddətini oturdu, bitirdi, o qayıdır gəlib öz həbsxana yoldaşını narkotikə aparır. Yəni içəridə yatıb həbsdən çıxan içəridə yatan "dostu"na narkotik aparır. Bunların hamısını biz, mən, "obıvatel" - az məlumatı olan  vətəndaş kimi bilirəmsə, polis və aidiyyəti qurumlar bizdən yüz dəfə artığını bilirlər. Deməli, bu iş təkcə sərtləşdirmək tələbi ilə yox, sərtləşdirməyi yerinə yetirməklə olmalıdır.
Məsələn, müharibə dövründə işğal zamanında bizim tələbimiz bu idi ki, Azərbaycan işğala məruz qaldığına və müharibə vəziyyətində olduğuna görə, hərbçilərimiz də müharibə dövrünün qanunları və tələblərilə mühakimə olunmalıdırlar. Yəni müharibə cinayətlərinə görə istər düşmən, istər də özümüzünki törətdiyi əmələ görə ən ağır cəzaya məhkum edilməlidir, ölüm cəzası Azərbaycanda bərpa olunmalıdır. Dedilər ki, yox, siz insan haqlarına qarşısınız, biz Avropa Şurasına üzv olduq, ölüm hökmünü ləğv etdik. Bəs onda Nəcməddin Sadıkov necə mühakimə olunacaq? Yəni sərtləşdirmək təkcə sözdə olmalı deyil, əməldə olmalıdır.
- Narkotiklə əlaqədar həbs olunanların siyahısına baxdıqda, görünən odur ki, onların içərisində bir nəfər də olsun məmur, yaxud vəzifəli şəxs yoxdur. Həqiqətənmi, ölkəmizdə narkotik ticarəti aşağı səviyyədə aparılır?
- Hətta bu gün də dövlət məmurları var ki, heroin qəbul edirlər. Məhz ona görə narkotikə, narkomaniyaya qarşı mübarizə özünün səmərəli nəticəsini vermir.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA