Oğlandan sevgilisinin bacısına qarşı İNANILMAZ ƏMƏL: başqa-başqa günlərdə... - Azərbaycanda

Sumqayıtda sevgi münasibətində olduğu qızın bacısına qarşı dələduzluq etməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əhməd Quliyev tanışı Validə Şükürovanın vasitəsilə onun bacısı Məfkurə İsayeva ilə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, onu aldadıb.
Sənəd vədi
Belə ki, o, Məfkurə İsayevaya Sumqayıt şəhəri, 10-cu məhəllə, H.Əliyev prospekti 23 ünvanda yerləşən 300 kvadratmetr sahədə tikdirdiyi ikimərtəbəli qeyri-yaşayış binasını Məfkurənin adına rəsmiləşdirəcəyinə söz verib.
O, aldatmaqla Validə Şükürovanın vasitəsilə Məfkurə İsayevadan 12 fevral 2014-cü ildə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində “Sputnik” mağazasının qarşısında 78000, martın 15-də 15000, martın 17-də 20000, martın 19-da 70000, aprelin 1-də 20000 manat alıb.
303 min manatdan çox dələduzluq
İşin tamamlanması üçün Əhməd Quliyev başqa-başqa günlərdə Məfkurə İsayevadan yenə də böyük məbləğlərdə eyni adla pul alıb.
Əhməd Quliyev ümumilikdə Məfkurə İsayevadan 303.970 manat pul alıb. O, Məfkurə İsayeva üçün inşa etdiyi 315 kvadratmetr sahədə qeyri yaşayış binasını öz adına rəsmiləşdirib, 2015-ci il noyabrın 7-də alqı-satqı müqaviləsinə əsasən 524.000 manata Fatma Yolçiyevaya satıb.
“Pulu borc almışam”
İstintaq orqanı tərəfindən Əhməd Quliyevin barəsində 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən Əhməd Quliyev həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirini etiraf etməyib. O, zərərçəkmiş Məfkurə İsayevadan, daha doğrusu, onun bacısı Validə Dadaşovadan pulu borc aldığını deyib.
“Obyekti adlarına rəsmiləşdirmədim”
Əhməd Quliyev deyib ki, Məfkurə İsayevanın bacısı Validə Dadaşova ilə uzun müddət tanış olub və aralarında səmimi münasibət yaranıb. Bildirib ki, qeyd edilən obyekti öz vəsaiti hesabına inşa etməyə başlayıb, sonradan həmin vəsait kifayət etmədiyi üçün “Rabitə Bank” ASC-dən kredit götürüb: “Zərərçəkmiş şəxs qismində tanınmış Məfkurə İsayevanın bacısı Validə bundan sonra mənə müraciət etdi və həmin obyektin onlara verilməsi ilə bağlı aramızda razılıq oldu. Lakin həmin obyektin əsaslı təmiri üçün lazım olan 300.000 manat onlar tərəfindən ödənilmədiyi üçün həmin obyekti onların adına rəsmiləşdirmədim”.
Hökm və cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Quliyev 8 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti verib. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, bu iş üzrə cinayət tərkibi yoxdur, tərəflər arasında olan münasibət mülki xarakterlidir.
Şikayət edildi, cəza...
Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Əhməd Quliyevin cəzası 6 il 11 ay 29 günə endirilib.