​Ölkəyə qayıdan siyasi fəal saxlanılıb

Baxış sayı:
1162

Redaksiyamıza müxalifətçi fəalın H.Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıldığı barədə məlumat daxil olub. Apardığımız araşdırma zamanı məlum olub ki, bir neçə günlüyə ölkə xaricində səyahətdə olan ADP-çi gənc Mirzəka Osmanlı 18 mart 2017-ci il tarixində axşam saatlarında H.Əliyev adına Beynəlxalq Hava Limanından polis və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinə aparılıb.
ADP-çi gənc M.Osmanlının barəsində həmin idarədə saxta protokol tərtib edilib ki, guya o hava limanında özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyən edilməsi məqsədilə saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərib. Buna görə də M.Osmanlının ümumvətəndaşlıq pasportu əlindən alınmış və onun barəsində polis idarəsində 2 gün saxlanılaraq inzibati qaydada tənbeh edilməsi barədə qərar çıxarılıb. Lakin, o həmin idarədə saxlanılarkən siyasi fəaliyyətinə, kütləvi aksiyalarda fəal iştirakına və sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi materiallar paylaşdığına görə təqiblərə məruz qalıb. Buradan məlum olur ki, müxalifətçi fəalın saxlanılması onun ADP-çi kimi siyasi mənsubiyyəti və fəaliyyəti ilə bağlıdır. Müxalifətçi fəal dünən axşam saatlarında sərbəst buraxılsa da, ümumvətəndaşlıq pasportu özünə qaytarılmayıb.