““Sınıq körpü”də borçalıları bilərəkdən təhqir edirlər, alçaldırlar”

Əlibala Əsgərov: “Dünyada başqa bir Azərbaycan yoxdur... Bu dövlət dünyadakı bütün azərbaycanlılarındı, indi əlində səlahiyyət olan 3-5 məmurun yox”

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Cəmiyyətinin sədri Əlibala Əsgərov “Yeni Müsavat”a müsahibə verib. Həmin müsahibəni olduğu kimi dərc edirik.

Qeyd edək ki, Marneulidə yaşayan Əlibala bəy söhbətə Borçalı əhalisinin ən yaralı yeri – “Sınıq körpü” gömrük-keçid məntəqəsinin durumu haqda sual ünvanlanıb.

- Gürcüstanda hakimiyyət dəyişikliyi Borçalı əhalisinin durumuna yaxşı mənada heç bir yenilik gətirmir. Hakimiyyətə gələn komandalar seçkiqabağı vədlərini unudurlar. İndi əhalinin əsas problemi işsizlikdir. Borçalı aqrar bölgədir, insanlar kənd təsərrüfatı ilə məşğuldur. 2005-ci ildə kütləvi özəlləşdirmə zamanı torpaqların xeyli hissəsi türk olmayan əhaliyə verildi. Torpağı olanın becərdiyini satmağa bazarı yoxdur. Bir tərəf Ermənistandır – biz gedə bilmirik, Rusiya ilə viza sistemi var – mümkün deyil, daxili bazarda alıcılıq qabiliyyəti aşağıdır. Qalır bircə Azərbaycan. Azərbaycanda da tələbat yüksəkdir, ancaq monopoliya bazara girməyə imkan vermir. 1 tonu 200 dollar olan mandarini sərhəddən keçirmək üçün 700 dollar istəyirlər.

- Bu, rəsmi rüsumdur?

- Əlbəttə yox - açıq rüşvətdir. 4-5 sutka insanlar orda qalıb əziyyət çəkəndən sonra tələb edilən rüşvəti tapıb verməyə məcbur olurlar. Rüşvətsiz sərhəddən heç 10 kilo meyvə keçirmək mümkün deyil. Son aylarda “Sınıq körpü” sərhəd məntəqəsində Borçalı camaatının başına açılan oyunlar yəqin dünyanın heç bir sərhədindən baş vermir. Sərhəddə milləti bilərəkdən təhqir edirlər, alçaldırlar. 2 ay qabaqdan sərhəddə dəmir barmaqlıqlar tikilib. O barmaqlıqların arxasına böyük bir qıfıl da asıblar. Çox ölkələrdə olmuşam, ancaq heç yerdə belə biabırçı durum görünməyib. Hətta pasport qeydiyyatından keçəndən sonra da insanların üst-başı, şəxsi əşyaları alçaldıcı şəkildə yoxlanır. Bəs keçiddə quraşdırılan o bahalı avadanlıqlar nə üçün alınıb? Qadınların əlindən çantalar alınır. Kimi Bakıda uşağına, tələbəsinə həyətdən bir toyuq aparır, bir balaca pendir aparır, kimi meyvə aparır, hamısını camaatın əlindən alırlar. Azərbaycan dövləti, yaşlı, kasıb qadınların 1-2 yolunmuş toyuğunamı möhtacdı? Bunun üçün nə bir sənəd var, nə bir əsas. Sənəd tələb edəndə sərhədçilər elə çığır-bağır salır, oğru doğru olur. Durum o həddə çatdı ki, camaat bir neçə dəfə Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında piket keçirmək istədi. Bu, Azərbaycana yaraşan durumdurmu? Gürcüstan Avropa Şurasına üzv olandan sonra 8-10 gün ərzində “Soydaş haqqında” qanun qəbul edib. O qanuna əsasən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq gürcülər Gürcüstan ərazisinə maneəsiz gələ, ürəyi istədiyi qədər qala bilər, istədiyi zaman da gedə bilər. Sərhəddə hər dəfə qanunsuzluq görəndə istər-istəməz bu fakt yada düşür. O kasıb, balaca Gürcüstanın soydaşına verdiyi qiymət, bu da regionun ən inkişaf etmiş, varlı dövləti Azərbaycanın.

“Sınıq körpü” sərhəd məntəqəsində Borçalı camaatının başına açılan oyunlar yəqin dünyanın heç bir sərhədindən baş vermir”

- Borçalı əhalisinin öz avtomobilləri ilə Azərbaycana keçməsi də çətinləşdirilib. Siz bu durumla bağlı Azərbaycandakı rəsmi qurumlara müraciət etmisinizmi?

- Bəli. Elə bu gün görüşlərimiz olub. Avtomobillərin Azərbaycana gətirilməsi qaydalarını müəyyən edən strukturların rəsmiləri ilə görüşmüşük. Bizə bildiriblər ki, yeni qaydaların Azərbaycana müvəqqəti gələn insanlara aidiyyatı yoxdur. Ancaq sərhəddə böyük bir özbaşınalıq yaşanır. Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlama verib ki, Gürcüstandan Azərbaycana köhnə avtomobillər gətirilib ehtiyat hissələri kimi satılır, ona görə də Gürcüstan vətəndaşları öz avtomobilləri ilə sərhədi keçsə, ya gömrük rüsumu qədər depozit qoymalı, ya da Azərbaycan vətəndaşlarından kimsə ona zamin dayanmalıdır. Aydın Əliyev özü də Borçalı kökənlidir, çox yaxşı bilir ki, bizim camaatın xeylisinin Azərbaycanda ailə üzvləri var, gedən-gələn çoxdur. Bundan başqa, xeyir var, şər var, indi hər dəfə gömrüyü keçəndə kasıb camaat rüsum dəyərində depozit qoymalı, ya da Azərbaycandan kimisə sərhədə çağırmalıdır? Bu, absurddur? 3 gün öncə bizi Bakıya gətirən maşını sərhəddə saxladılar, dedilər 9 min manat depozit qoyun, sonra keçin. Biz də maşını sərhəddə qoyduq, piyada keçdik. Bu nə münasibətdir? Azərbaycana keçirilən köhnə maşınlar satılırsa, onların sahibləri geri qayıdanda niyə qadınların boxçasında pendir, toyuq, meyvə axtaran gömrükçülər onları saxlamır? Gömrükçülərin şəxsi maraqlarına görə belə bir durum yaranıbsa, onun cəzasını əhali niyə çəkməlidir? Anladıq, Avro-4 standartlarına görə 2005-ci ilin maşınlarının Azərbaycana gətirilməsi qadağandır, axı bunun 2002-ci ildə aldığı maşınla qohumunun toyuna, yasına gələn Borçalı camaatına nə dəxli ola bilər? 3 min köhnə maşına görə yarım milyon insan cəzalanarmı? Bu nə özbaşınalıq, nə biabırçılıqdır? Bizimlə bərabər Rusiyadan 2 gənc də gəlirdi. Gürcüstan sərhədini keçdik, Azərbaycanda dəmir barmaqlıqlara çatanda biri o birisinə dedi ki, hə, bax, bura Azərbaycandır! Bu söz mənə o qədər pis təsir elədi ki... Millət vətəninə gəlir, ilk qarşılaşdığı dəmir barmaqlıq, hasar olur. 3-4 gün qabaq Marneulidən olan bir neçə nəfəri sərhəddə ağzı açıq itlərlə yoxlayıblar. Təsəvvür edirsinizmi? Kim qarantiya verir ki, ağzı açıq itlər insanı qapmayacaq. Dünyanın harasında insanı itlə yoxlayırlar. İtlərə əşyaları yoxlamaq üçün təlim keçilmirmi? Bu açıq-aşkar insanların ləyaqətini alçaltmaq, istədiklərini onlardan qopartmaq üçündür. Niyə Azərbaycan belə primitiv və insanlıqdan kənar yadda qalmalıdır? İstəsələr də, istəməsələr də Borçalıda yaşayan 500 min insan Azərbaycanın da bir parçasıdır. Nə olsun ki, biz başqa dövlətin vətəndaşıyıq? Azərbaycan dövlətinin işinəyarayanda biz soydaş oluruq, işinə yaramayanda əcnəbi. Azərbaycan məmurları papaqlarını qarşılarına qoyub bu haqda yaxşı-yaxşı düşünməlidirlər. Milləti millətə qarşı qaldırmasınlar. Sərhəddəki bu özbaşınalıq Azərbaycan dövlətçiliyinə və rəhbərliyinə vurulan zərbədir. Biz Borçalı camaatının güvənc yeri Azərbaycandır. Dünyada başqa bir Azərbaycan yoxdur. Onlar istəsə də biz Azərbaycana gələcəyik, istəməsələr də. Çünki bu dövlət dünyadakı bütün azərbaycanlılarındı, indi əlində səlahiyyət olan 3-5 məmurun yox. Onların özbaşınalığına görə biz gürcülərin içərisində ayağa qalxıb etiraz aksiyası keçirməyi özümüzə də ayıb bilirik, Azərbaycan dövlətinə də.

- Əlibala bəy, yeni məmurlarla Borçalı əhalisinin münasibətləri necədir? Məmurlar içərisində yerli əhali də varmı?

- Bütün Kvemo-Kartlidə aşağı-yuxarı 110-120 məmur var. Onların da yalnız 10-15-i bizdəndi. Qalanı gürcülərdir. Həmin 10-15 nəfər də çox kiçik, əhəmiyyətsiz vəzifələrdə çalışırlar. Gürcüstan rəsmiləri bu haqda danışanda deyirlər ki, guya kadr yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm. 35 min nəfərimiz birinci sinifdən sona qədər gürcü dilində təhsil alıb, aralarında ali təhsil alan yüzlərlə insan var. Bundan başqa, SOCAR-ın maliyyə dəstəyi ilə ali təhsil alan gənclərimiz var. Yəni onlardan çox demirəm, 40-50 nəfəri rəsmi qurumlarda işə götürülə bilməzdimi? Ümumiyyətlə Gürcüstanda bütün hakimiyyətlərin dönəmində bizə qarşı ayrı-seçkilik olub. Saakaşvili ilk seçilən vaxt Azərbaycan televiziyasına elə bir müsahibə vermişdi ki, dedik, daha cənnətdə yaşayacağıq. Ancaq tam əksi oldu. Avropa standartları adı ilə orta və kiçik sahibkarlığı məhv elədilər, 10-20 min larilik satlıq malı olan insanları balaca bir səhv üzündən 30-40 min lari həcmində cərimə elədilər. Özü də, bu cəzalar Kvemo –Kartlidə daha ağır oldu. Eyni qanun pozuntusu üçün digər ərazilərdə, məsələn, Orta Kartli bölgəsində yaşayan vətəndaşlara 600 lari idisə, bizim Kvemo-Kartlidə 6-20 min arası kəsilirdi. Tələb eləyəndə də deyirdilər, bu bölgə iqtisadi cəhətdən bir az inkişaf eləyib. Elə insanlar oldu, cərimələrə görə, gecə ilə qapısını bağlayıb ölkədən çıxmağa məcbur oldu. Saakaşvili rejimi zamanı Gürcüstan büdcəsinin 30-35 faizi vergilərdən formalaşırdı. Bilirsizmi nə qədər insanların banklara borcu var? İnsanlar illərdir bank faizlərindən qurtula bilmir. İvanişvili hakimiyyətə gələndə də çox böyük vədlərlə gəmiºdi. Ancaq o da heç birini yerinə yetirmədi və indi onun tam nəzarətində olan yeni komanda da yerinə yetirmir.

“Hansı Azərbaycan şirkətinin qapısını açırsan, Gürcüstan bayrağı, gürcü xaçı görür, gürcü dili eşidirsən”

- Siz işsizlik problemindən danışdınız. Gürcüstanda Azərbaycanın xeyli müəssisəsi var. Həmin qurumlarda Borçalı əhalisinə iş verilmirmi?

- Bizimkilər ancaq SOCAR-da benzin şlankı tutur. Bütün önəmli vəzifələrdə gürcülərdir. Hansı Azərbaycan şirkətinin qapısını açırsan, Gürcüstan bayrağı, gürcü xaçı görür, gürcü dili eşidirsən. Ona görə də təhsilli kadrlarımız ya bazarlarda al-ver edir, bir az imkanı olan da çıxıb xaricə köçür.

- Dini durumla bağlı problemlər nə yerdədir?

- Çox təəssüf, heç bir problem həll edilməyib. Əksinə, dini məsələlərə görə əhali arasında parçalanma daha da dərinləşib. Gənclərin bir hissəsi İrana, bir hissəsi Türkiyəyə meyllənib. Gürcüstan bölgədə vəhhabiliyin təbliğinə rəsmi icazə verən yeganə dövlətdir. Özü də onlara dini dəyərlərə xüsusi sayğısı ilə seçilən şiə əhalinin yaşadığı yerdə ofis ayırıblar. Gürcülər hələ fərqində deyillər, ancaq bu açıq-aşkar münaqişə ocağı yetişdirməkdir. 3 il, 5 il sonra bu qruplar arasında kim bilir hansı miqyasda qarşıdurmalar baş verə bilər. Təbii, bütün bunlar Gürcüstanın daxili sabitliyi üçün potensial problemlərdir. Gürcülər dini məsələlərlə bağlı Borçalı camaatına xüsusi basqı göstərir. Bütün ətraf yüksəkliklə xaç vurulub. Hətta qəbiristanlıqlarımıza da xaç qoyulub. Əhalinin etirazlarına min bir bəhanə ilə məhəl qoymurlar. Qafqaz Müsəlmanları İdarəsini də faktiki bölgədən sıxışdırıb çıxarıblar. Bəzən deyirlər ki, Borçalı camaatının Gürcüstan cəmiyyətinə inteqrasiyası sürətlə getmir. Biz min illərdir qonşu olaraq yaşamışıq. Xeyirdə, şərdə, döyüşdə bir yerdə olmuşuq. Ancaq dinimiz, adətimiz fərqlidir. Biz bir-birimizin içərisində tamamilə əriyə bilmərik. Bu gün də xalqların münasibəti çox yaxşıdır. Dədə-babadan necə dostluq, qonşuluq eləmişiksə, bu gün də durum eynidir. Problem hökumətlərin münasibətlərindədir. Biz çox arzu edirik ki, Azərbaycan hökuməti öz iqtisadi maraqlarına görə Bakı ilə yaxınlaşmaq kursunu hər zaman qoruyub saxlamağa çalışan rəsmi Tiflislə danışıqlarda bizim problemlərimizi də gündəmdə saxlasın. Çünki bizim uman yerimiz ancaq Azərbaycandır.

Aygün Muradxanlı