“Soial medianın mənə nələr etdiyini görəndə ondan uzaqlaşdım” – MÜSAHİBƏ

Baxış sayı:
235

Psxoloq Solmaz Məmmədova: “Çox sayda villalar tikən, iri maşınlar alan insanlar “məni görün” deyir”

Bir sıra asılılar söhbət əsnasında bildirirlər ki, narkotikə və digər uyuşdurucu vasitələrə “həzz almaq” üçün yönəliblər. Bəziləri deyir ki, xoşbəxt olmağa çalışarkən narkotikə rast gəlib və bu maddəni “xoşbəxtlik və həzz almaq” üçün istifadə ediblər...

Tibb sahəsindən də bildiyimz kimi, insanın özünü xoşbəxt hiss etməsində iki əsas hormon rol oynayır – serotonin və dopamin. Bəs insana həyatından qane olmağa kömək edən serotonin və dopaminin qaynağı nədir? Serotonin həzm sistemi və bağırsaqlarla əlaqəlidirmi? Əlaqəlidirsə, bu, hansı şəkildədir? İnsanın psixoloji-mənəvi baxımdan serotonin-dopamin hormonunun yaranması, dolayısı ilə bunun asılılıqların tətiklənməsində rolu necə baş verir? Suallar çoxdur. Gəlin, məsələyə çoxtərəfli prizmadan baxaq. Tanınmış psxoloq, Neyro koç, NLP master, İmgeterapi uygulamacısı Solmaz Məmmədova bir çox qaranlıq mətləblərə aydınlıq gətirir. Buyurun, oxuyun.

(Əvvəli bu linkdə: https://muxalifet.az/xosbxtliyin-v-saglam-yasamin-sirri-v-yaxud-insanda-xosbxtlik-hzzi-olan-serotonin-nec-yaranir.html )

O ki qaldı serotonin, oksitosin, melatonin, dopaminlə asılılığın əlaqəsinə, bunlar hamısı bir-birinə bağlı olan şeylərdir. Bu hormonların ifraz olunmasının bizim qidalanmamızla əlaqəsi var. Serotoninin bağırsaqlarda ifraz olunmasının bizim yeməyimizlə əlaqəsi var. Əgər gecə saat 3-də yemək yemisənsə, bir yeməyi həzm etməmiş digərini yeyirsənsə, insulin dəngəsini, beləliklə də hormonların ifraz olunma sistemini pozursan. Bu halda xoşbəxt ola bilməzsən.

Məsələn, çox şirniyyat yeyirsənsə, göbələkdən tutmuş bütün zərərli bakteriyalar şirə ilə orqanizmə daxil olur. Xərçəng xəstəliyi olan insanın ilk növbədə şirniyyatını kəsirlər. Çünki xərçəng çox şirin yeyən insanlarda sürətlə yayılır. 100 il öncə yemək vərdişlərimiz belə deyildi. Qıda olaraq vaxtından əvvəl yetişən pomidor, xiyar yemirdik. İndi orqanizmimiz çaş-baş qalıb. Çiyələk iyunda bitirdi, artıq martda çiyələk olur. Bu hormonlarla bitirilir. Hormonlarla yetişmiş meyvə-tərəvəzi yeyən insanın xoşbəxtlik hormonları “bayram edə bilməz”. Bunlar məsələnin yeməklə-həzm sistemi-bağırsaqlarla bağlı fiziki tərəfidir.

-Bəs, məsələnin psixoloji tərəfi haqda nə deyə bilərsiniz?

- İndi məsələyə pxisoloji tərəfdən baxaq. Oksitosin adlı hormonumuz var. Oksitosin qucaqlaşmaq, toxunmaq, anası ilə yaxınlıq, bədənsəl ünsiyyət istəyir. Çünki, hələ xoşbəxt olmaq üçün demirəm, yaşamaq üçün gün ərzində uşağın ən az 8 dəfə, böyüyün ən az 4 dəfə qucaqlaşmaq ehtiyacı var. Gəlin baxaq, hansı böyük insan gündə 4 dəfə, hansı uşaq gündə 8 dəfə qucaqlaşır?! O uşağa “sən dəyərlisən, yaxşı ki, varsan, səni sevirəm” deyilir?! Bəlkə də bəzi fərqindəliyi olan valideyinlər var, amma bir insan ona göstərilməyən, verilməyən şeyi verə bilmir. İnsan sevilə-sevilə sevməyi öyrənir. Və bir insanın bədənsəl ehtiyacı ödənməyəndə, okstitosin hormonu ifraz olunmayanda, bu fiziki boşluq mənəvi boşluğa, aclığa çevrilir.

Asılılıqlarda serotonindən çox, oksitosin hormonunun əksikliyini görürəm. Çünki uşaqla bədənsəl ünsiyyət çox olmalıdır. Məsələn, II Dünya müharibəsindən sonra Amerikada yetimxanalarda çoxlu uşaq ölümü baş verib. Bunun səbəbini araşdıranda görürlər ki, uşaqların heç bir əksikliyi yoxdur. Sadəcə yetimlərin sayı o qədər çox olub ki, baxıcıların onları qucağına almasına, danışdırmasına, oynatmasına və s. vaxtları olmayıb. Bizdə də belə söz var idi: uşağı qucağa öyrəşdirmək olmaz, ağlayıb-ağlayıb səsini kəsəcək, uşağı özünə öyrətmə, öz yanında yatırtma və s. Belə olanda o uşaqda güvən problemi yaranır.

Uşaq ananın döşünü əməndə təkcə süd əmmir, anadan qeyd-şərtsiz sevgi, güvən, göz təması alır. Hər şeyin təməli ana-uşaq ünsiyyətində qoyulur. Əgər ana uşağa süd verəndə telefona baxırsa, qonşuyla danışırsa, əriylə dalaşırsa, birinci o emosiyaları uşağa ötürür. Bu vaxt uşaq ananın gözünün içinə baxır. Uşağa süd verən ana uşaqla kontakt anında ona əhəmiyyət vermirsə, bu, uşaq üçün “anam məni görmür” deməkdir. Bizim ən böyük dərdimiz nədir: bu qədər villalar tikən insanlar, iri maşınlar alan insanlar “məni görün” deyir.

- Deməli, bunlar təməlində həmin mənəvi aclıq olan insanlardır?

- Bəli. Onlarda özgüvən o qədər əskikdir ki, bunları göstərərək “məni görün, bu maşınsız mən heç kiməm” deyirlər. “Böyük maşına minrəm ki, məni görsünlər. Bahalı saat taxıram ki, məni görsünlər. Bahalı ayaqqabı geyinirəm ki, məni görsünlər. Brend çanta götürürəm ki, məni görsünlər”. Yəni “mən özümü o qədər görünməz sayıram, anam süd verəndə məni o qədər gərəksiz sayıb ki, özümü bunlarla görünən edirəm”. Erix Fromun “süd və bal” sözü var. O deyir ki, ana uşağı əmizdirəndə ona yalnız süd vermir, süd və bal verir. Ana südə bal qatmır ki. Bal ananın südlə ötürdüyü sevgidir, şəfqətdir, uşağa verdiyi, “sən varsan, sən mənim üçün çox önəmlisən” sözüdür. Ana bunu etmədisə, burada o sözü demədi. Sonra uşaq böyüyür, ağlayır, susur. Uşağın şüuraltına bu informasiya ötürülür: “Heç kimə lazım deyilsən, heç kim köməyə gəlməyəcək, başının çarəsinə baxmalısan”. Yenə dəyərsizlik duyğusu şüuraltına girir. Uşaq bağçaya gedir, gəlib evdə olanları anasına danışır, anası deyir, əşi, get oyuncağınla oyna. Ona telefon verir ki, başı qarışsın. Kompüteri açır ki, uşaq oynasın və onu rahat buraxsın. Uşağı yedirdəndə də onun gözünə baxmır, göz ünsiyyəti qurmur. Uşaq yemək yeyəndə anası ilə yox, telefonla olduğuna görə doymaq hissini itirir. Bu, artıq psixoloji aclıqdır və ağıl da “burada və indidə” deyil, başqa aləmdədir.

Məsələn, çox əmizdirilməmiş uşaqların sonralar qulaq problemləri yaranır. Çünki ağız əzələləri işləməyə alışmadığından qulaqlarında iltihab çox yaranır. Ana döşü əmməyən uşaqlar yeməyi diri udurlar. Bu, serotonin hormonunda da sözünü deyir. Çünki çeynəmə refleksi yoxdur. Uşaq ananın döşündən süd əmmək üçün əziyyət çəkməlidir, ağız əzələləri, dil, damaq işləməlidir. Uşaq südü sormağı öyrənməlidir. Sonradan uşaq həyatda mübarizə aparmağı öyrənmir. Bu isə ona “hazıra nazir” olmaq hissini aşılayır: hər şey mənə hazır gəlsin, hamının mənə borcu var, dövlət mənə iş verməlidir, prezident mənə vəzifə verməlidir və s. Çünki ona ilk qida hazır gəlib və şüuraltına “hamının mənə borcu var” mesajı gedir.

Uşaq məktəbə gedib-gəlir, hisslərini bölüşmək istəyir. Analar uşağa nağıl oxumalıdır. Bu proses özü nağıl terapiyasıdır. Amma nə var, “çölə tək çıxma, oğurlayarlar, asarlar, kəsərlər” və s. Düzdür, təhlükəsizlik üçün bu vacibdir. Amma digər tərəfdən uşağa mesaj gedir: çöl təhlükəlidir və o, qorxmağa başlayır. Zatən, anayla bağı olmayan insanın dünyayla bağı olmur.

(Davamı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA