15 İYUL HƏQİQƏTLƏRİ – II YAZI

Baxış sayı:
990

Dostum Öznur Çakarın 6 aylıq körpəsi ilə yaşadığı zillət...  

Birinci yazımda 15 iyul (Temmuz) hadisələrindən sonra Türkiyə elmi və təhsili sahəsində çalışan bir çox elm və təhsil işçilərinin “FETÖ” damğası ilə təqiblərə, təzyiqlərə, işgəncələrə, həbslərə və min cür məşəqqətlərə məruz qalmasından bəhs etmişdim. Bu həbs və məşəqqətlər dalğası uzun illər yaxından tanıdığım, savadlı, bilikli, vicdanlı və Türk gəncliyinin milli ruhda tərbiyə olunmasında sonsuz xidmətləri olan dostum Öznur Çakardan da yan keçmədi.

Öznur Çakar həbsxanada 6 aylıq Bahar adlı qız vavrusu ilə min bir əzablara düçar olmuş yüzlərlə Türk xanımlarından biri idi. 15 iyul (Temmuz) hadisələrinə görə həbsxanadakı 914 körpədən biri də Öznur bacımın 6 aylıq körpə qızcığazı olan Bahar idi. Bu qızcığaz Bahar 9 ay soyuq, qaranlıq və rütubətli dörd divarlar arasında anası ilə birlikdə Ərdoğan zülmünü tam mənası ilə iliklərinə qədər yaşamış məsum bir mələk idi. Adı kimi bu Bahar təravətli, məsum mələyin anasının günahının nə olduğunun bilirsinizmi..?! Bahar adlı qız mələyin anası Öznur Çakarın tək suçu “Gülən camaatına” məxsus təhsil ocaqlarının birində müəllimə olmaq, Türk millətinə təlim və təhsil vermək idi. Qeyd etdiyim kimi saxta “darbenin” baş qəhrəmanı Ərdoğan “Gülən camaatına” məxsus elm və təhsil ocaqlarında oxuyan, çalışan və ya həmin elm və təhsil ocaqları ilə hər hansı bir əlaqəsi olan insanları “terrorçu” elan etmişdi.

Həbsxanın soyuq divarları arasında çətin günlər geçirən, körpə və məsum qızcığazını 40 dərəcə istiliklə xəstəxanaya yollayan, digər övladını isə nənəsinə əmanət edən gözəl insan Öznur axı heç vaxt Türk dövlətinə qarşı üsyan etməmişdi. Öznur həbsdə olarkən həmişə onun üçün dualar edərdim, ümid edirəm ki, gün gələr Öznur haqq etdiyi öz azadlığına qovuşar. Axı onun heç bir günahı yoxdur.

Lakin, o azadlığa qovuşsa da, ona qarşı təqiblər davam etdi. Azadlığa qovuşandan sonra Öznur Çakar hər dəfə 6 aylıq məsum körpəsi Baharla zindanda yaşadıqlarını anlatarkən çox dəyanətli və qürurla deyirdi ki, bizlər heç zaman kimsəyə bir pislik düşünmədik. Öznur Çakar həyatdakı məqsədinin və təhsil müəssisəsindəki missiyasının ölkəsinə, vətəni Türkiyəyə savadlı, bilikli, vətənpərvər gənclik yetişdirmək olduğunu, ən ümdə arzusunun isə Türkiyənin gələcəyinin xoşbəxt və firavan görmək istəyi olduğunu qeyd edirdi. Bu baxımdan Türkiyə milləti və dövləti qarşısında alnının açıq olduğunu qürurla bildirirdi.

15 iyul (Temmuz) hadisələrindən sonra günahsız insanların, bu camaata məxsus olan hər bir binanın, iş mərkəzlərinin, tədris ocaqlarının dövlətin izni ilə açılmasına baxmayaraq Öznur və körpəsinin də qədəri digər dostları və yol yoldaşları kimi çətin və məşəqqətli oldu. Öznur Ərdoğanizmə sorğusuz-sualsız tabe olan cahil insanlar tərəfindən davamlı olaraq dışlanmaya məruz qaldı. Bütün bu əzablara dözə bilməyən Öznur Çakar bir gecə övladlarını qucaqlayar Meriç sularında batanları duymuş olmasına baxmayaraq o da doğulub boya-başa çatdığı, sevdiyi doğma vətənini tərk etmək məcburiyətində qaldı.

Öznurla sonuncu dəfə danışığımızda Almaniyada uşaqları ilə qaçqınlar düşərgəsində olduğunu söylədi, hıçqıra-hıçqıra ağladı, biz bu yaşadığımızı haqq edəcək nə etdik, onlar bizi vətənimizdən, evimizdən, anamızdan ayırdılar, ən dəhşətlisi də alnımıza vətən xaini damğasını vurdular deyə. Öznur ilahi ədalətə inandığını bildirərək “bizə iftira atanların cəzasını Allah əlbəttə ki, bir gün verəcək” söylədi.

Mən də hesab edirəm və inanıram ki, gün gələcək dostum Öznur Çakar kimi günahsız ziyalılara, elm və təhsil işçilərinə “terrorçu” və “vətən xaini” damğasını vuranların əslində özlərinin vətən xaini olduğunu bütün dünya görəcək.

Günay KALELİ