ADP-dən Rusiya XİN rəhbərinin bəyanatına SƏRT REAKSİYA

Baxış sayı:
4501

“Üçtərəfli bəyanat sülh müqaviləsinin bağlanmasında əsas kimi götürülə bilməz”

Partiya Lavrovun bəyanatını Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarəna mane olmaq cəhdi kimi dəyərləndirib

Bu günADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, İdarə Heyəti ilk öncə ötən həftə uzun fasilədən sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlində baş tutan görüşü ətrafında fikir mübadiləsi aparıb. Rusiyanın təzyiqlərinə baxmayaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutan bu görüşü təqdir edilib və irəliyə doğru atılmış addım kimi dəyərləndirilib.
İdarə Heyəti eyni zamanda bu görüşdən sonra Rusiya XİN rəhbəri S.Lavrovun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yalnız 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında nizamlanmasının vacibliyi ilə bağlı bəyanatına da diqqət çəkib. Toplantıda vurğulanıb ki, siyasi situasiya dəyişdiyinə və yeni siyasi reallıqlar yarandığına görə, üçtərəfli bəyanat Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas kimi götürülə bilməz. İdarə Heyəti Rusiya XİN rəhbərinin bu bəyanatını Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarəna mane olmaq cəhdi kimi dəyərləndirib.
İdarə Heyəti ötən həftə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni də müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, Azərbaycanın Ermənistana qarşı guya “həyata keçirəcək hər hansı bir işğala görə” ittiham edilməsi absurddur, Cənubi Qafqazda Gürcüstan və Ermənistanla sıx əməkdaşlıq edən Avropa institutlarının Azərbaycanla bağlı bu tipli qərarları ikili standartlı və qərəzli yanaşmadan, eyni zamanda xristian təəssübkeşliyindən qaynaqlanır. Müzakirələrdə son zamanlar Azərbaycanın bir sıra media orqanlarında Ermənistana qarşı müharibə ritorikasından istifadə olunmasının yanlış olduğunu vurğulayan müzakirə iştirakçıları qeyd ediblər ki, bir halda ki, Azərbaycan dövləti sülh tərəfdarıdır, media vasitələri də sülhü təbliğ etməyə çalışmalıdırlar. Qeyd edilib ki, bu cür yanlış ritorika Azərbaycanın Avropadan uzaqlaşdırılmasına, ölkədə demokratiya uğrunda mübarizə aparan qüvvələrin mövqelərinin zəiflədilməsinə və Azərbaycanı daha çox avtoritar tipli ölkələrlə əməkdaşlığa sövq etdirir.
İdarə Heyəti Avropa Parlamentinin Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsxanada müəmmalı ölümü ilə bağlı Putin rejiminə qarşı, o cümlədən Rusiyada vətəndaş cəmiyyəti institutlarına və demokratik müxalifətə dəstək verilməsi ilə bağlı qəbul etdiyi qərarı alqışlayıb, eyni zamanda Avropa institutlarını bütün avtoritar ölkələrdə də vətəndaş cəmiyyətinə və demokratik müxalifətə dəstək verilməsi ilə bağlı anoloji qərarlar qəbul etməyə çağırıb. 
İdarə Heyəti ötən həftə həbsdə olan Xural TV-nin rəhbəri Əvəz Zeynallının son məhkəmə prosesi zamanı 9 il azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyib. Bu məhkəmə hökmünü siyasi motivli həbs kimi dəyərləndirib və ölkədə azad medianın susdurulmasına xidmət etdiyini bildirib. İdarə Heyəti bu tipli siyasi motivli həbslərin Azərbaycana qarşı beynəlxalq institutlar tərəfindən arzuolunmayan sənədlərin ortaya çıxmasına gətirib çıxara biləcəyini nəzərə alaraq növbəti məhkəmə instansiyalarını Ə.Zeynallının işinə obyektiv və qərəzsiz baxmağa çağırıb.
İdarə Heyəti ötən həftə əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçərək erməni hərbiçilərinin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun barəsində Ermənistan hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin açılmasını qətiyyətlə pisləyib, bu hadisəni iki ölkə arasında aparılan sülh danışıqları prosesinə maneə kimi dəyərləndirib. İdarə Heyəti eyni zamanda qeyd edib ki, şərti dövlət sərhədində bu tipli hadisələrin təkrarlanması həmin ərazilərdə nəzarətin zəif olması, müvafiq tədbirlərin qabaqcadan görülməməsi və ordu rəhbərliyinin işində qüsurların hələ də mövcud olması ilə bağlıdır.
İdarə Heyəti Rusiya-Ukrayna arasında davam edən qanlı münaqişənin son durumu ilə bağlı da müzakirələr aparıb. Bu qanlı müharibənin tez bir zamanda dayandırılması və Rusiya işğalının cilovlanması üçün beynəlxalq hüquq mexanizminin daha ciddi şəkildə işə salınmasının və bütün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini bildirib.
Muxalifet.az