ADP hakimiyyəti suverenliyimizə zidd olan təzyiqlərə boyun əyməməyə çağırdı

Baxış sayı:
2349

“Rusiya “sülhməramlıları”nın çıxarılması Azərbaycanın suverenliyinin bərpası istiqamətində atılmış mühüm addımdır”
 
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya hərbi kontigentinin ölkəmizdən çıxarılması məsələsinə münasibət bildiriblər. Qeyd edilib ki, “sülhməramlı” adı altında Qarabağa yerləşdirilmiş hərbi qüvvənin çıxarılmağa başlanması Azərbaycanın suverenliyinin bərpası istiqamətində atılmış mühüm addımdır. Sadəcə olaraq çıxarılma prosesinin altı ayadək uzadılmasının anlaşılmaz olduğunu və qoşunların gecikdirilmədən, dərhal çıxarılmasının vacibliyi qeyd edilib. ADP yetkililəri rus qoşununun Azərbaycandan çıxarılması müqabilində ölkəmizə digər siyasi və hərbi boyunduruğa cəlb edilməsi cəhdlərinin qətiyyən yolverilməz olduğunu bildirib və hakimiyyəti suverenliyimizə zidd olan hər hansı təzyiqə boyun əyməməyə çağırıb.
ADP İH üzvləri eyni zamanda Xəzər dənizində Rusiya hərbi gücünün artırılması ilə bağlı qərardan ciddi şəkildə narahat olduqlarını bildiriblər. İclasda qeyd edilib ki, Xəzərdə hərbi gücün artırılması beynəlxalq hüquqa və regional təhlükəsizliyə real təhdiddir.
ADP İH Qazax rayonu üzrə sərhədlərin müəyyənləşməsi ilə bağlı Azərbaycan və Ermənistanın səlahiyyətli komissiyasının imzaladağı razılaşmanı alqışlayıb. İclasda iki ölkənin vasitəçilərsiz ilk razılaşması kimi bu görüşün konstruktivliyi və məhsuldarlığı bir daha vurğulanıb, sülh danışıqlarını bu formatda və sürətlə həyata keçirilməsinin hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. 
ADP İH üzvləri Fransa ilə Azərbaycan arasındakı diplomatik qarşıdurmanın getdikcə artmasından ciddi narahat olduqlarını bildiriblər. Qeyd edilib ki, yaranmış vəziyyətin əsas səbəbi Fransa hakimiyyətinin beynəlxalq hüquqa zidd bəyanatları və regionda münaqişəni yenidən alovlandırmağa yönəlik addımları olsa da, bu problemin daha da dərinləşməməsi üçün cəhdlər edilməli və münasibətlər ən qısa müddətə normal məcraya salınmalıdır.
Avropa Parlamentində yaxın zamanda gözlənilən Azərbaycanda siyasi məhbus məsələsinə dair müzakirələrlə bağlı məsələyə toxunan İH üzvləri, bu cür müzakirələrin artmasını siyasi məhbus probleminin ölkəmiz üçün ciddi beynəlxalq ittiham mərhələsinə daxil olmasının əlaməti kimi qiymətləndirib.  Bunun da əsas səbəbi kimi hakimiyyətin siyasi partiyalar, yerli və beynəlxalq hüquq müdafiəçilərinin bu barədəki narahatlıqlarının vaxtında düzgün dəyərləndirməməsi, hakimiyyəti tənqid edən insanlara və mediyaya qarşı intiqam hisslərinin durmadan artması göstərilib. ADP İH bir daha hakimiyyəti Azərbaycanı onsuz da çətin olan beynəlxalq münasibətlər sistemində lüzumsuz mübahisə və müzakirələrə obyekt etməməyə, ölkədə siyasi məhbus problemini birdəfələik həll etməyə, günahsız həbs edilmiş bütün vətəndaşlarımızı həbsdən azad etməyə çağırıb.
ADP İH-də bu günlərdə AXCP-nin mitinqlə bağlı müraciətinə Bakı şəhər rəhbərliyinin rədd cavabı verməsi qətiyyətlə pislənilib. Qeyd olunub ki, vətəndaşların əsas konstitusion hüququ olan toplaşma azadlığını heç bir hakimiyyət qurumu ciddi əsaslar olmadan məhdudlaşdıra və ya qadağan edə bilməz. Eyni zamanda qeyd edilib ki, mitinqlərin elan olunub, sonra da təxirə salınması təcrübəsi vətəndaşların bu hüququnun gözdən salınmasına, bir siyasi alət olaraq nəzərdən düşməsinə səbəb ola bilər. Ona görə də 23 il əvvəl məhz 21 aprel tarixi ilə ADP-nin hakimiyyətin uzun müddətli mitinq qadağalarını yaran razılaşdırılmamış aksiyasını bir təcrübə kimi nəzərə alınmasının vacibliyi qeyd edilib. Qeyd edilib ki, mitinq xatirinə mitinq keçirmək taktikası yanlışdır. Əgər zərurət varsa hakimiyyətin qadağalarına baxmayaraq mitinq keçirilməli, ciddi zərurət yoxdursa və ya hazırlıq kifayət səviyyədə deyilsə mitinq elan edilməməlidir.
Avropa Şurasından Azərbaycanın nümayəndə heyətinin geri qayıtması zərurəti ilə bağlı AŞPA-nın bir çox deputatlarının çağırışları yüksək dəyərləndirilib, nümayəndə heyətimizin bu quruma qayıtmasının zəruriliyi bir daha vurğulanıb və qeyd olunub ki, Azərbaycan milli maraqlarımıza uyğun olan bütün beynəlxalq platformalarda işini düzgün qurmalı və fəal iştirak etməlidir.  
ADP İH Gürcüstanda xarici agentlər haqqında qanun qəbuluna qarşı keçirilən vətəndaş etirazlarını yüksək qiymətləndirib. Bu cür qanunun ilk olaraq Rusiyada qəbul edilməsi də onu göstərir ki, bu qanunun qəbulu ilə Gürcüstanla demokratik dünya arasındakı əlaqələri qadağan etmək niyyəti güdülür. Həmçinin keçmiş postsovet məkanında olmuş bütün ölkələrdə, o cümlədən Azərbaycanda da rusiyapərəstlər bu cür addımlar ata bilərlər ki, Gürcüstanda bunun qarşısının kəsilməsi bizim də milli maraqlarımıza uyğundur.  
Muxalifet.az