QEYRƏTMƏNLƏRİN SİZİF ƏZABI – Firuz Haşımov yazır

Baxış sayı:
3975

“Ölənin arxasınca danışmazlar”. Bu axmaq “aforizmin” kimlər tərəfindən, nə üçün uydurulduğunu yaxşı bilirəm. Qərinələr boyu naqis, hər cür lənətə layiq elə şərəfsiz olmayıb ki, əməlləri bu sözlə ört-basdır edilməsin. Rəyasətə çatmış oğullar vəzifəsindən sui-istifadə edərək satqınlıqları ilə ad qazanmış ata-babalarını təmizə çıxarıblar. Çox vaxt buna nail də olublar. Danışmağa çoxlu cəsarəti çatmayıb. “Əşşi, olan olub, keçən keçib!”, “Keçənə güzəşt deyərlər”, “Zamana belə idi!”,”Günahsız insan tapmaq müşküldür!” və s. bu kimi sözlərlə o bəd əməl qalmayıb ki, ona bəraət qazandırmayaq.
Bir əsr tarix üçün heç nədir, amma bu “heç nədir”in əsnasında bəzən ümmanlar qədər qanlar tökülür, xanədanlar, məmləkətlər yoxa çıxırlar, mən daha kütləvi psixoz səviyyəsinə çatmış bədnam inqilabçılardan, “xalq hərəkatları”ndan danışmıram.
Bəzən qəza-qədər qələminin hökmü ilə bir ipləmə nəhəng dövlətin rəhbəri səviyyəsinə qalxır və hər sayıqlaması, əstəğfürullah, Quran ayəsinə dönür. Belə yerdə artıq-əskik danışmaqdan söz gedə bilməz. Avantürist islahatları ilə sovet hakimiyyətinin süqutunun təməlini qoymuş Xruşşovun məşhur “Sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaqdır” sözlərini xatırlayın. Rusiyada nələrin baş verdiyini uzaqdan uzağa bilsək də, burada bizim müstəmləkə ədəbiyyatı və mədəniyyətinin xadimləri az qala çırtıq çalıb oynayırdılar. Məhz bu illərdə “sosializm realizminin” bütün tələblərinə cavab verən xaltura işləri ortaya qoyanlar hörmət, izzət sahibi oldular. Millətin tam gədalaşmasını istəyən kommunist diktatorlar qısa vaxt ərzində özlərinin fərraş, qulam dəstələrini də yaratdılar. Kim idi bunlar? Ali məktəblərin humanitar fakültələrində, “elmi tədqiqat” institutlarında ştamplanıb buraxılan ”namizədlər və doktorlar”. Mərkəzi Komitənin, Yazıçılar İttifaqının əmrlərinin xeyir-duası ilə dərc edilmiş elə bir zibil yox idi ki, onu “sənət incisi” kimi cəmiyyətə sırımasınlar. Rus dillilərin öz aləmləri, öz çevrələri vardı, onlar min il də qalsa, dönüb bizim “korifeylərə” də baxmaq istəmirdilər.
Rus dilində buraxılmış rus və Avropa klassiklərinin əsərlərini abunə yolu ilə alıb evdə saxlamaq dəbə düşmüşdü. Nəinki imkanlı məmurlar, respublika miqyasında tanınmış qələm sahibləri illərlə nə Qoqolun, nə də Dostoyevskinin bir əsərini də vərəqləmirdilər. Nələrinə lazım idi? Özləri öz zir-zibillərini çap etdirir, tamaşaya qoyur, öz “saykalarının” üzvlərinə tərif elətdirirdilər. Vay yaltaqlana bilməyənlərin, ya da bir əyanın qarşısında səcdə etməyənlərin halına. Moskva mətbuatında on illər boyu o həqarət, o nifrin qalmadı ki, üzərimizə yağdırmasınlar. Bu boyda ölkədə iki kişi çıxmadı ki, şovinist əbləhləri yerində oturtsun. Dədə Qorqudu “qoca tülkü”, Nizamini “saray yaltağı” adlandıran yazıları oxumuşam. İçərişəhərdə bərpa pərdəsi altında murdar “yevroremont” əməliyyatı keçiriləndə hansı qələm sahibi dilləndi?
İşğal altına düşmüş ərazilərdə onlarla muzey, qalereya, talan və tarac olundu. Nadir sənət əsərləri artefaktlar asari-ətiqə alverçilərinin əlləri ilə xaricə daşındı. Mən bədbəxt dəfələrlə yazdım, fəryad elədim.
Bütün hakimlərin qılıqlarına girə bilən anarların, elçinlərin və digər konformistlərin tükləri də tərpənmədi. Bir ölkədə ki, vətənpərvərlik təbliğatı aygünlərə, elzalara zaurlara, şou biznes həşəratına həvalə edilsin, orada ziqiymət sənət incilərindən danışmaq günahdır.
Yazını burada dayandırıb, “Təzadlar” qəzetinin bu ilki 7-ci sayını gözdən keçirirəm. Rəqib hesab elədiyi şəxslərə sözünü mərd-mərdanə deyən bu qəzetə xüsusi hörmətim var. Bu qəzet məmləkətdə yeganə məcmuədir ki, millətin mənəviyyatına qənim kəsilmiş ən şərəfsiz, ən sırtıq, sifətləri sürtük moçaya dönmüş naqislərə layiq olduqlarını deyir. İndi də sözüm bu qəzetin əməkdaşlarınadır.
- Ey Azərbaycanın xaki-pakının qeyrətmənd balaları,  siz nəyə, kimlərə qarşı vuruşduğunuzu hələ axıra qədər başa düşməmisiniz. Gündə min zəfər şeypuru səslənsə də, min  kərənay nərildəsə də, hər tində qara zurnalar “Misri”, “Cəngi” çalsalar da, bir həqiqəti ört-basdır eləmək mümkün olmayacaq. Cəmiyyətimiz xəstədir və bu mərəzi heç bir həcəmətlə nəzir-niyazla müalicə etmək mümkün deyil. Cərrah bıçağı lazımdır....
Gəncliyin zövqünü korlayan, gül kimi milli ifaçılıq sənətimizi çirkaba batıran, efiri, estradanı “balaqana” döndərənlərə qarşı qibtə ediləsi inadkarlıqla mübarizə aparanları alqışlasaq da onlara rəhmim gəlir. Özlərini millətin nağdı-nisyəsi hesab edən, bütün tədbirlərdə ön cərgələrdə əyləşib ağayana nəzərlərlə sadə rəiyyətə baxan ağalardan biri də özlərini oda-közə vuran qələm sahiblərinin səslərinə səs vermir.
Kor da görür ki, cəzasızlıqdan tam azğınlaşmış, vampirləşmiş hakim zümrə sözü üzə şax deyən qeyrətli jurnalistləri əfsanəvi Sizifin gününə salıblar(Sizif – Sisif (Sisyphos) qədim yunan mifologiyasında küləklər hökmdarı Eolun oğludur. O, həm də Korinfin qurucusu və padşahı olmuşdur. Allahları aldatdığı üçün onu dağın ətəyindən başına kimi daş diyirlətməyə məhkum etmişlər. Daş isə dağın zirvəsinə çatan kimi aşağı yuvarlanarmış. Bu anlamda Sizifin gördüyü iş səmərəsiz, ağır, yorucu və üzücü əmək mənasına gəlirdi. “Sizif əməyi”, “Sizif daşı” ifadəsi də buradan meydana gəlmişdir – red.).

Yəni əzab-əziyyət, qan-tər tökmək, əlləşib-vuruşmaq var, amma ortada heç nə yoxdur. Hürriyyətin ab-havasından məstkam olanlar tamam başqadırlar. 
Qəzetin mütəmadiyən “Həftəbecər” adlanan səhifəsində “təriflənən” gözəlcələri hər biri sərvəti-samanlı bir ağanın himayəsi altındadır. Özəl telekanallar da ağaların arzusu ilə kimi  istəsələr, ona da efir vaxtı ayırıb, çıxışları üçün şərait yaradırlar. Tez-tez reklam edilən, gecə-gündüz ekrandan düşməyin “gözəlcə” daha çox toylara aparılır. Burada mütrüfləşən “sənətçilərdən” danışmaq yerinə düşər.
Amma yenə də sağ olsunlar, “Təzadlar” qəzetinin yazarları gəncliyin mənəvi aləmini zəhərləyən güruhu düzgün müəyyən ediblər. Mən ədaları yerə-göyə sığmayan titullu ziyalıları qınamıram, niyə bunlar efir telekanalları başına almış düşüklük, zövqsüzlük barədə bir kəlmə də demirlər. Niyə də qınayım? Məhz bu nuvoriş zümrəsinin toy-düyünlərinə, kef məclislərinə dəvət olunub, yuxarı başa çəkilənlər “nümunəvi” həyat tərzi ilə seçilənlərdir.
Kasıb-kusubun da qızları “Təzadlar” qəzetinin hər sayında “təriflənən”, pula pul deməyən lotudan da, YAP-ın yüksək çinli xadimlərindən də qayğı, nəvaziş, görənlərə baxıb bundan sonra nə edəcəyini yaxşı bilir.
Firuz HAŞIMOV