​Kollec direktoru haqda ŞOK İDDİALAR – “1200 tələbənin 80 faizi dərsə gəlmir, hamısı rüşvətlə qiymət alır”

Baxış sayı:
5879

Göyçay rayonu, Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Təhsil naziri Emin Əmrullayevə meraciət edir:
“Cənab Prezident!
Siz respublikada təhsilin inkişafı üçün mütərəqqi sərəncamlar imzalayırsınız, bu məqsədlə dövlət büdcəsindən külli miqdarda pullar ayırılır. Ancaq, çox təəssüf ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş-alıb gedən korrupsiya təhsilimizə böyük zərbələr vurur.
Mənim bu şikayətim ümumi sözlərdən ibarət deyil, reallıqdır ki, nazirlik səviyyəsində komissiya yaradılıb yerində tam, hərtərəfli və obyektiv yoxlama aparılmalıdır.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır. Ancaq həmin tələbələrin əksər hissəsi - 80%-i dərsə gəlmir. Tələbələrin 98 %-nin bilik səviyyəsi sıfra yaxındır ki, bu, böyük biabırçılıqdır. Bunu sübut etmək üçün Kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komissiya tərəfindən mütləq yoxlanılamlıdır. Belə edilərsə, bu fakt tam sübut olacaq.
Nəzarət olmadığı üçün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində imtahanlar rüşvətlə aparılır. Bilik səviyyəsi sıfır, davamiyyəti isə olmayan tələbələr rüşvət verib, imtahandan yüksək qiymətlə keçə bilirlər.
Hətta elə tələbələr var ki, dərs oxuyur, davamiyyəti var, ancaq rüşvət vermədiyi üçün imtahandan qanunsuz olaraq kəsilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb. Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər. Həmin tələbələr də dərsə gəlmədən, bilik səviyyələri sıfır olsa da imtahandan yüksək qiymətlə keçirlər. Hətta həmin tələbələrə yüksək təqaüd də təyin edilir.
Kollecdə öz ixtisası üzrə bilik səviyyəsi sıfır olan tələbə gələcəkdə necə kadr ola bilər?! Əksinə, bu, ölkə təhsilinə ağır zərbələr vurur, təhsilimizin gələcəyini məhv edir və kadr patensialını tükəndirir.
Kollecin müəllimlərinin çoxunun evlərində kirayə saxladıqları tələbələrin hamısı imtahandan keçiblər. Çünki onları evini kirayəyə verən müəllimlər himayə edirlər.
Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında tərif videoları çəkdirib sosial şəbəkədə yaydırmaqla, öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir. Ancaq “görünən dağa nə bələdçi”, yazılanların hamısı göz qarşısındadır.
Düzdür, ölkədə təhsilə nəzarət güclüdür, diqqət edilir, tədbir görülür, ancaq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən korrupsiya əməlləri yoxlanılmır. Hazırda kollecdə bir neçə vaxtdır maliyyə yoxlaması aparılır. Ancaq zərurət var ki, tələbələrin bilik səviyyəsi yoxlanılsın. Belə olarsa, məktəbdə korrupsiyanın miqyası bəlli olacaq.
Xahiş edirəm, nazirlik səviyəsində yoxlama ayrılıb, Göyçaya ezam olunsun, kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi tam, hərtərəfli və obyektiv yoxlanılıb, ciddi tədbir görülsün”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.