​44 günlük savaşda 3 dəfə ağır yaralandı, əlillik dərəcəsi verilmir - ŞİKAYƏT

Baxış sayı:
4231

Sağ ayağında güllə yarası, sol ayağında isə minamyot qəlpəsi var, həkimlər “şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyub, nazirlik bütün sənədləri “yararsız” sayır
 
Bakı şəhər sakini Mansurov Rauf Dayasxan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük Vətən Müharibəsinin iştirakçısı “şəxsiyyət dəyişkənliyi” və s. xəstəlikləri olmasına baxmayaraq, ona əliliyin verilməməsindən narazıdır:
“Mən, Mansurov Rauf Dayasxan oğlu, yazaraq bildirirəm ki, artıq bu saxtakar qurumların əlindən təngə gəlmişəm.
44 günlük Vətən Müharibəsində Xocavənd və Fizuli rayonlarında gedən döyüşlər zamanı 3 dəfə ağır yaralanmışam. Sağ ayağımda güllə yarası, sol ayağımda isə minamyot qəlpəsi var. Maştağa Ruhi Əsəb Dispanserində yatmışam, hal-hazırda da müalicə alıram. Mənə “şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulub. Amma indi o sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspertləri yarasız sayırlar.
Mən sizin qəzet vasitəsilə psixatr həkimlərə müraciət edirəm, şəxsiyyət dəyişkənliyi diaqnozu qoyulan xəstə sağala bilərmi?
Dəfələrlə intihara cəhd etmişəm, mən heç kəsdən artıq heç nə istəmirəm, mənim öz haqqımı versinlər.
3 ildir pensiya ala bilmirəm. Nə yox, nə də hə deyirlər.
Vəziyyətimə görə ailəm də dağılıb. Mən başa düşürəm, yalandan xəstəliklərlə pensiya alan, əlillik təyin etdirən çoxdur. Amma gerçək xəstələrə də verin, bu qədər insafsızlıq olmaz”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər: “Cəlilabad rayon sakini Mansurov Rauf Dayasxan oğlu tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında 28.03.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib.
Müayinə zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.
Nəticədə Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq Diaqnozun əlillik təyininə əsas verməməsi barədə qərar qəbul edilib”.



Jalə FAMİLQIZI