5 yaşlı oğlu təhlükədə olan atanın mücadiləsi… - ŞİKAYƏT

Baxış sayı:
5499

Eyvaz İsmayılov Yasamal İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını saxtakarlıqda ittiham edir

“Komissiyası mənim təqdim etdiyim sübutları və video-materialları məhkəməyə göndərməyərək, vəzifə cinayəti törətmişdir”

Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 40 nömrəli evdə yaşayan İsmayılov Eyvaz Elçin oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmələr onun uşağının ruhi xəstə olan dayısı ilə birgə yaşamasına qərar verib. Bu səbəbdən, o, qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Möhtərəm Prezident!

Mən, İsmayılov Eyvaz Elçin oğlu, diqqətinizə çatdırıram ki, 15 oktyabr 2016-cı ildə keçmiş yoldaşım Qasımova Safura Füzuli qızı ilə rəsmi nikaha daxil olmuşam. Nikahımızdan 17 dekabr 2018-ci il təvəllüdlü İsmayılov Elçin Eyvaz oğlu anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(004)-108/2023 nömrəli qətnaməsi ilə nigahımız ləğv olunmuş, azyaşlı övladımızın ananın yanında saxlanılması, məndən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub Qasımova Safura Füzuli qızına ödənilməsi qət edilib.

Mən övladımızın saxlanılması üçün rəsmi aliment məbləğindən daha çox vəsait xərcləyirəm, lakin ödədiyim vəsait mənim övladımın ehtiyaclarına, xüsusən də müalicəsinə xərclənmir.

Nikahımız ləğv edildikdən sonra keçmiş həyat yoldaşım Qasımova Safura Füzuli qızı övladımızla birgə ata evinə - Ucar rayonunun Qarabörk kəndinə qayıdıb. O, ata-anası və anadangəlmə ruhi xəstə, l-ci qrup əlil olan qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşayır. Övladımız İsmayılov Elçin Eyvaz oğlunun sağlamlığında ciddi problemlər olduğu üçün mütəmadi müalicə almalıdır. Bakı şəhərində yaşayarkən mən övladımızın müalicəsi ilə mütəmadi məşğul olmuşam, anası onu özü ilə Ucar rayonunun Qarabörk kəndinə aparandan sonra mən və oğlum bu imkandan məhrum edilmişik.

Məni narahat edən digər məsələ isə keçmiş hayat yoldaşım Qasımova Safura Füzuli qızının qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşamasıdır. Çünki, bu, başqa ailə üzvləri ilə bərabər həm də övladımızın hayatı üçün tahlükəlidir. Mən dəfələrlə Qasımov Abbas Fizuli oğlunun öz anasına əl qaldıraraq onu vəhşicəsinə, ölümcül döyməsi barədə məlumat almışam, həm də bunun şahidi olmuşam. Ona görə də, Yasamal Rayon Məhkəməsinə oğlum Elçinlə ünsiyyət qurmaq və onun anadan alınaraq mənim himayəmə verilməsinə dair iddia ərizələri ilə müraciətlər etmişəm. Yasamal Rayon Məhkəməsi mülki işləri rəy verilməsi üçün Yasamal Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Mən iddia tələbimdə göstərdiyim xüsusatları sübut edən sənədləri və video-materialların komissiyanın üzvü Elçin müəllimə təhvil verməyim barədə sədr Təravət Muradovaya məlumat vermişəm. Bildirmişəm ki, 35 vərəqdən ibarət sənədi və 120 dəqiqəlik video-materialı Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Elçin müəllimə əlbəəl vermişəm. Lakin bu sübutları təqdim edərkən hiss etdim ki, o insanın məndən təmənnası var, daha sonra bütün hərəkətləri bunu bütünlüklə sübüt etdi.

Məni Qəyyumluq və Himayəçilik Komissiyasının iclasına dəvət edərkən orada Təravət Muradova və Elçin müəllimlə bərabər cəmi 3 nəfər iştirak etmişdir. Lakin rəy Yasamal Rayon Məhkəməsinə göndəriləndə məlum oldu ki, Qəyyumluq və Himayəçilik Komissiyası mənim təqdim etdiyim sübutlara və video-materiallara istinad etməmişdir, nə də onları nəzərə almamışdır. Üstəlik, onları məhkəməyə göndərməyərək gizli saxlamışdır, rəyə heç bir sənəd və heç bir video-material əlavə edilməmişdir. Yasamal Rayon Məhkəməsi Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq ədalətsiz qərar qəbul edib. Bununla da Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyaçilik komissiyası mənim və azyaşlı övladımın hüquqlarını kobud surətdə pozmuş, həm də qəbul etdikləri sübutları gizlətməklə vəzifə cinayəti törətmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mənə qarşı törətdiyi qanunsuzluqlarla əlaqədar mən Azarbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri, hörmətli Zeynal müəllim Nağdəliyevin qabuluna gedərək, şikayət etmişəm. Bundan sonra Yasamal Rayon İcra  hakimiyyətinin başçısı, hörmətli Elşad müəllimin qabulunda olaraq, şikayət etmişəm. Bu zaman Təravət Muradova Elşad müəllimə məlumat verdi ki, mənim onlara təqdim etdiyim sənədlər və video-materiallar haqqında cənab Zeynal Nağdəliyeva göndərilən arayışda yazılmışdır. Təravət Muradova faktiki olaraq sənədləri və videomaterialları qəbul etdiklərini etiraf etmişdir.

Cənab Prezident!

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Yasamal Rayon İcra Hakimiyyətində qəbul edilmiş sübutları Yasamal Rayon Məhkəməsindən daxil olmuş mülki işə əlavə etmədiklarinə və gizlətdiklərinə, bununla vəzifə cinayəti törətdiklərinə göra Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyəçilik komissiyasının sədri Təravət Muradovanın və Komissiyanın üzvü Elçin adlı şəxsin barəsində tədbir görülsün. Məhkəmə rəylərinin şəkillərini Sizə təqdim edərək, dediklərimin hər birinin həqiqət olduğunu sübut edirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.