AZƏRBAYCANA "İSGƏNDƏR" ATILMAYIBSA... - Prezidentin bu faktı inkar etməsi nə ilə bağlı ola bilər?

Baxış sayı:
864

26 fevral tarixində Xocalı faciəsinin anım günündə cəmiyyətimiz daha bir hadisəyə şahidlik etdi. İlham Əliyev 18 illik hakimiyyəti dövründə ilk dəfə yerli və beynəlxalq KİV-lərinin iştirakı ilə geniş mətbuat konfransı keçirdi. Görəsən 18 illik hakimiyyəti dönəmində 1 dəfə də olsun mətbuat konfransı keçirməyən və buna heç bir lüzum görməyən ölk başçısı birdən-birə nə baş verdi ki, belə bir mətbuat konfransı keçirməyə məcbur oldu. Sözsüz ki, bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və fikirlər dolaşmaqdadır. Hakimiyyət mənsubları və hakimiyyət yanlıları 4 saatlıq mətbuat konfransını İlham Əliyevin böyük qələbəsi, yeni dünya “rekordu” kimi təqdim etməyə çalışaraq, ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışırlar. 
İndi isə gəlin keçirilən konfransının hansı zərurətdən ortaya çıxdığını, nəyə  və kimə xidmət etdiyini araşdırmağa çalışaq. Yəqin ki, xatırlayırsınız, ötən həftə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan mətbuata verdiyi açıqlamasında ölkəsinin indiki Baş naziri Nikol Paşinyanı ikinci Qarabağ savaşının ilk günlərində Azərbaycana qarşı Rusiya istehsalı olan “İsgəndər” raketlərindən istifadə etməməkdə ittiham etdi. Paşinyanın isə buna cavabı gecikmədi. Bildirdi ki, biz Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdik, lakin onlar partlamadı, yada ki, 10 faizi partladı. Bu açıqlama Rusiyada şok effekti yaratdı. Çünki, Paşinyanın bu açıqlaması Rusiyanın dünyadakı siyasi nüfüzuna, hərbi qüdrətinə və hərbi sənayesinin iqtisadi maraqlarına öldürücü zərbə idi. Elə buna görə də bu bəyanatdan dərhal sonra Rusiyanın prezidenti, XİN, Müdafiə Naziri Ermənistandakı öz həmkarlarına zəng etdilər. Sözsüz ki, bu zənglər etiraz və təhdid zəngləri idi.
İham Əliyev keçirdiyi mətbuat konfransı zamanı bir jurnalistin (sözsüz ki, bu əvvəlcədən planlaşdırılmış sual idi) ona Ermənistan tərəfindən 44 günlük müharibə zamanı Azərbaycana atılan Rusiya istehsalı “İsgəndər” raketləri ilə bağlı sual verərkən İlham Əliyevin birmənalı olaraq bunu təkzib etməklə Azərbaycana heç bir “İsgəndər” raketinin atılmamasını deməsi keçirilən konfransın əsl məqsəd və mahiyyətini ortaya qoymuş oldu.
Hamımıza bəllidir ki, 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, daha sonra Bərdə və Mingəçevir şəhərləri raket atəşlərinə tutulmuşdu. Bu raketlərin Rusiyanın “Toçka-U” raketləri idi və onların maksimal uçuş məsafəsi 120 km-dir. Bəs onda sual olunur 44 günlük müharibə zamanı Bakının ətrafında Zığ kəndi ərazisinə və Xızı rayonu ərazisinə atılan raketlər hansı raketlər idi..? Əlbəttə bu “Toçka-U” raketləri ola bilməzdi, çünki onların uçuş məsafəsi 120 km-dən artıq deyil. “Toçka-U” raketləri Ermənistan ərazisindən Bakıya gəlib çata bilməz. Bunlar yalnız Rusiya istehsalı olan “İsgəndər” raketləri ola bilərdi, çünki onların uçuş məsafəsi 500 km-ə qədərdir.  Hamımza bəllidir ki, 10 noyabr bəyanatı imzalanmamışdan 3-4 saat qabaq da Bakı ətrafına sonuncu raket zərbəsi endirilmişdi. Əgər bu raketlər Ermənistandan atılıbsa, yüz faiz bu “İsgəndər” raketi olub. İkinci bir versiya ondan ibarətdir ki, bu raket Xəzər dənizində olan Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən atıla bilərdi. Hər iki halda Azərbaycana qarşı atılan raketlərdə təkcə Ermənistan deyil, eyni zamanda Rusiya da günahkardır. Bunu İlham Əliyev də bilməmiş deyil. Axı o müharibə zamanı bəyanatlarında buna eyhamlarda vururdu. Bəs necə olur ki, İlham Əliyev öz xalqına qarşı hərbi cinayətlər törədən bir dövlətə dəstək çıxır?! Öz xaqının və dövlətinin maraqlarını ayaqlar altına atılması bahasına işğalçı Rusiya dövlətinin beynəlxalq aləmdəki siyasi, hərbi və iqtisadi maraqlarının qorunmasına alət olur. 18 illik hakimiyyəti dönəmində xalqın və millətinin maraqları dəfələrlə tələb etdiyi hallarda bir dəfə də olsun mətbuat qarşısına çıxaraq  suallara cavab verməyən və bunu özünə sığışdırmayan İlham Əliyev Rusiyanın maraqları tələb etdiyi təqdirdə qəflətən belə bir mətbuat konfransı keçirə bilir. Özü də 26 fevral – Xocalı faciəsinin ildönümü günündə. Görünür Rusiyadan sifariş ciddi gəlmişdi. Yoxsa mətbuat konfransını 27 fevralda da keçirmək olardı. Axı xalqımızın başına açılan Xocalı soyqırımında erməni quldurları ilə yanaşı Rusiyanının 366-cı alayı da iştirak edib. Öz xalqına deyil, Rusiyaya xidmət etmək belə olur.
İlham Əliyevin mətbuat konfransındakı “İsgəndər” raketləri ilə bağlı açıqlaması digər bir tərəfdən Azərbaycanın dövlətçilik və milli maraqlarına ziddir. Müharibə zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətləri və bu cinayətləri həyata keçirərkən istifadə etdiyi qadağan olunmuş silahlardan istifadə etməsi faktdır, bunu danmaq mümkün deyil. Hətta internet resurlarında Ermənistandan Azərbaycana qarşı atılan “İsgəndər” raketinin start anları da ermənilər tərəfindən canfəşanlıqla qeyd olunmasının videogörüntüləri də yayılmışdı. Azərbaycan hökuməti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq cinayət məhkəməsinə müraciət edəcəyini dəfələrlə bəyan edib. İndi İlham Əliyev deyirsə ki, bizə “İsgəndər” raketi atılmayıb, bu o deməkdir ki, Beynəlxalq Cinayət Məhkəməsinə də müraciət olunmayacaq. Nəyə görə..? Ona görə ki, bunu Rusiya istəmir. Çünki bu cinayətlərin arxasında Rusiya dayanır. Görəsən İlham Əliyev bu bəyanatı ilə kimə və nəyə xidmət etdiyinin fərqindədirdmi...?
 
Elvin Heydərov