Bu vəziyyətlə barışmamaq vətəndaşlıq borcumuzdur

Baxış sayı:
1120

Hər dəfə deyirik, bu qədər olmaz. Ancaq hər dəfə də qarşımıza daha betərilə çıxırlar. Azərbaycan hakimiyyəti hər dəfə bizi təəccübləndirə bilir. Tofiq Yaqublu yazır ki, ona işgəncə verilməsilə bağlı Səbail rayon prokurorluğuna verdiyi şikayətlə bağlı prokurorluğun qərarı ona indi təqdim olunub. Həmin qərara görə, hamımızın şahid olduğumuz xəsarətləri guya Tofiq Yaqublu özü polisə şər atmaq məqsədilə polis bölməsində özünü divara, yerə vuraraq və əllərilə sifətinə zərbələr endirərək yetirib. Prokurorluğun qərarında hətta bu absurd fikirləri təsdiq edən çoxlu sayda "şahid" polislərin ifadələri də yer alıb.
Etiraf edin ki, bu qədəri heç birimizin ağlına gəlməzdi. Tofiq Yaqublunun polis idarəsində özü - özünə işgəncə verdiyini iddia etmək bütövlükdə xalqı ələ salmaq deyilmi? Hakimiyyətin bu qədər hədsizlik edə bilməsinə görə hamımız məsuliyyət daşıyırıq. Ancaq əlbəttə ki, ən böyük məsuliyyəti hakimiyyət orqanları ilə yanaşı, onun ən ağlagəlməz, anti-xalq, absurd addımlarına da haqq qazandırmağa hazır olan yaltaqlar, trollar ordusu, intellektual yaltaqlar dəstəsi daşıyır. Baxıb görsünlər ki, hər cür absurduna haqq qazandırdıqları hakimiyyət orqanları hansı aşağılığa yuvarlanır və bu gedişlə özü ilə birlikdə bütöv bir xalqı da təəssüf ki, fəlakətə aparır. Hakimiyyət orqanlarının bu qədər hədsizliyə yuvarlanması milli fəlakətdir və durdurulmalıdır. Hamı mövqe bildirməlidir. Heç kim ümid etməsin ki, bu hədsizlik ona zərər vermədən ötüb keçəcək. Bu xalqı daha böyük fəlakətlərdən hamılıqla ifadə olunan vətəndaş mövqeyi xilas edə bilər.

Tofiq Yaqubluya qarşı o cinayət törədilən günü demişdik ki, bu özbaşına törədilmiş cinayət hadisəsi sifarişlidir. Buyurun, bu da təsdiqi. Bir aylıq "araşdırmadan" sonra prokurorluq orqanları Tofiq Yaqublunun vəhşicəsinə döyülməsilə bağlı hətta formal olaraq cinayət işi açmağa da ehtiyac görməyiblər. Xalqın gözü qarşısında baş vermiş bu boyda vəhşilikdə cinayət əlamətləri tapa bilməyiblər. İndi özünüz deyin, bu ağır cinayətin dövlət səviyyəsində ört-basdır edilməsi Tofiq bəyə işgəncənin sifarişilə verildiyini sübut etmirmi? Bu qədər adamın şahidi olduğu cinayət işinin ört-basdır edilməsi işgəncə aparatına "əlinizdən gələni edin, daha da qəddar olun, biz sizi qoruyacayıq" mesajı deyilmi?
Tofiq Yaqubluya vəhşicəsinə işgəncə verənləri cinayət məsuliyyətindən qorumaq onun və hər birimizin həyatına qarşı sui-qəsdi həvəsləndirmirmi? Nəhayət, hakimiyyətin hətta Tofiq bəy kimi tanınmış siyasətçiyə qarşı cinayəti belə saymazyana ört-basdır etməsi bütövlükdə topluma, xalqa qarşı hörmətsizliyin ifadəsi deyilmi?
Lütfən, məsələni kiçildib, yalnız müxalifətə münasibət kimi qiymətləndirməyin. Xalqa, ictimai rəyə hörmət qoyulan heç bir cəmiyyətdə hakimiyyət bu qədər nümayişkaranə cinayətlər törətmir, törətdiyi cinayətləri belə saymazyana şəkildə ört-basdır etmir. Hakimiyyətin bu münasibəti təkcə Tofiq Yaqublunu, müxalifəti yox, bütövlükdə xalqı təhqir edir. Etiraz etmək, bu vəziyyətlə barışmamaq da artıq hamımızın vətəndaşlıq, insanlıq borcudur.
Hamımızın gözü qarşısında hakimiyyət daha bir insanlıq əleyhinə cinayəti ört - basdır edir. Tofiq Yaqublunun polis bölməsində, polis maşınında və polisin apardığı çöllükdə ağır işgəncələrə məruz qalmasından 1 aydan çox vaxt keçir. Bu qədər müddətdə nəinki bu ağır cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb, hətta formal olaraq cinayət işi də açılmayıb. Ona görə də işgəncə icraçıları əmindir ki, hakimiyyət onları qoruyacaq. Tərtər qətliamında hərbçilərimizə verilmiş o dəhşətli işgəncələr də ona görə ört - basdır edilir ki, ölkədə işgəncə mexanizmi diri qalsın.
Ancaq hakimiyyət başa düşməlidir: belə insanlıq əleyhinə əməllərilə xalqın gözündən elə düşür ki, bir azdan heç o işgəncə mexanizmi də köməyinə yetişməyəcək. Çünki artıq bu birmənalıdır ki, işgəncə qorxu yox, kütləvi qəzəb yaradır.
Ölkəni uçuruma aparmayın. Tofiq Yaqubluya qarşı işgəncə verənləri cəzalandırın.
Ayşən Bayramova