Evindən 50 minlik qızıl oğurlandı, kamera görüntülərini polisə təqdim etdi, amma… - SUMQAYIT SAKİNİ ŞİKAYƏTİNƏ BAXILMADIĞINI İDDİA EDİR / VİDEO

Baxış sayı:
2705

Sumqayıt şəhəri, Nizami küçəsi, “Uğur” yaşayış kompleksinin sakini Rzayev Samid Rüstəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, evindən 50 min manatlıq qızıl oğurlanıb, şikayətinə baxılmır:

“Mən, Rzayev Samid Rüstəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Uzun illərdir Sumqayıt şəhər Mərkəzi Univermağında qızıl alqı-satqısı və zərgərliklə məşğulam. 20.06.2020-ci il tarixində mağazadan mənə və müştərilərə məxsus qızıl-zinət əşyalarını götürüb, yaşadığım ünvana gətirdim. Məqsədim karantin dövründə onlayn satış etmək idi.

21.06.2020-ci il tarixində mənzilim qarət olunaraq, qızıllarım oğurlandı. Dərhal hadisə ilə bağlı bütün aidiyyəti qurumlara müraciət etdim. Ancaq hələ bu günə kimi heç bir məlumat yoxdur. Kameraya baxarkən evimə girən oğruları tapıb, video-görüntüləri polisə təqdim etdim. Yenə də heç bir tədbir görülmədi.

Evimdən oğurluq edən şəxslərdən biri Rəhimov Alik Nürvət oğlu, digəri isə Əhədov Rəşad Vaqif oğludur. Bunlardan birinin uzun müddət türmədə olduğunu bilirəm. Digəri isə, eşitdiyimə görə, narkotik ticarəti ilə məşğuldur.

Polislər əməkdaşlarını evimdən yola salan vaxt bu oğrulardan biri qabağımıza çıxdı. Dərhal polisə dedim ki, baxın, oğrunun biri budur. Dediyim zaman polislər onu tutdu və polis bölməsinə aparmaq istədilər. Bu vaxt həmin şəxs əlini telefonuna ataraq polislərə dedi ki, “bir dəqiqə icazə verin, sizi bir adamla danışdıracam”. Bundan sonra telefonu polisə verərək, “buyurun, Rauf Babaşovdur” dedi. Telefonda nə danışdılarsa, polislər oğrunu buraxdı.

Qeyd edim ki, Rauf Babaşov Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi idi. Ölkəmizin xəstəliklə və düşmənlə mübarizə apardığı vaxt hüquq mühafizə orqanlarının əməkdaşları bu işə laqeyd yanaşdılar. Mənə ən ağır gələn məsələ isə odur ki, borc-xərclə, bankdan kredit götürərək özümə iş qurdum, kimlərinsə tapşırığı ilə oğru gəlib bir neçə dəqiqənin içində əli ilə qoymuş kimi qızılları tapıb apardı.

Video-görüntülərdə oğrular üzlərinə dəsmal tutaraq, kameranın altından keçiblər. Axı, bizim polislərimiz o qədər aciz deyil ki, oğrunu bir dəsmala görə tapmaya. Sadəcə, belə fikirləşirəm ki, oğrulardan birinin arxasında Rauf Babaşov dayanıb. Hansı ki, polislər oğrunu tutub aparmaq istədiyi zaman o, Rauf Babaşovun adını çəkdi və ona zəng vurdu. İllərlə türmədə yatmış bir şəxslə rəisin nə kimi əlaqəsi var, bilmirəm. Amma mənim və 2 polis əməkdaşının yanında oğru Rauf Babaşovla danışdığını demişdir. Daha sonradan bu sözü işlətdiyimə görə polislər tərəfindən çox aqressivliyə tuş gəldim.

Rəsmi qurumlardan xahiş edirəm ki, kamera görüntüsü olduğu halda oğruların tutulmaması ilə bağlı tədbir görülsün”.

Qeyd edək ki, məlum məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı. Nazirlikdən qeyd olunan faktla bağlı araşdırma aparılacağı bildirildi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.