​Evini girov qoyub, sələmə 10 min manat pul götürdü, azyaşlı uşaqları ilə küçədə qaldı – GÖYÇAY SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ İDDİA EDİR / VİDEO

Baxış sayı:
4123

Göyçay rayonu, Potu kənd sakini Abdullayev Elşad Arif oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!

Diqqətinizə çatdırım ki, evimi sələmiçi ələ keçirib, iki azyaşlı uşaqla zirzəmidə qalmışam.
Belə ki, mənə pul lazım oldu deyə 2020-ci ildə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan sələmə 10 000 manat pul götürdüm. Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. O, evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib, mənə 10 min manat verdi.
Bir ildən sonra pulu qaytarıb, evimin sənədlərini öz adıma keçirmək istədikdə Famil mənə bildirdi ki, evi sənin adına sənədləşdirməm üçün 50 min manat verməlisən. O, daha sonra mənim öz evimdən çıxarılmağım üçün məhkəməyə müraciət etdi və pul gücünə ailəmlə birlikdə evdən çıxarılmağımıza dair qərar çıxartdıra bildi.
Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmə verib deyə, evi onun həyat yoldaşının adına keçirmişəm. Çünki, hamı bilir ki, Göyçay rayonunun Potu kəndində yeni inşa edilmiş 20 sot torpağın içində hər il gəlir gətirən meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz. Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat gəlir əldə etmək olur.
Bird aha qeyd edim ki, 2020-ci il tarixdə “əlimyandı ilə” pul lazım olduğu üçün Famil Həmidovdan sələmə 10 min manat götürüb, evi alqı-satqı yolu ilə onun həyat yoldaşının adına sənədləşdirmişəm. Şərtimiz bir ilə 20 min manat qaytarmaq olub.
Əgər mən həmin evi 2020-ci il tarixdə Famil Həmidova satmışdımsa, nəyə götə 3 il orada ailəmlə birlikdə yaşamışam?! Evdən 20 gün əvvəl çıxarılmışam, hazırda ailəmlə - iki azyaşlı uşağımla birlikdə zirzəmidə yaşayırıq. Bunu subut edən kommunal ödəniş qəbzləri, qonşular və digər subutlar var. Həmçinin, Famil Həmidovun sələmi pul verməklə məşğul olmasına dairdə konkret subutlar da mövcudduar. Hətta məndən başqa, bir nəfərin də torpaq sahəsini oxşar qaydada əlindən alaraq, özününküləşdirib. Bütün bunlarla bağlı faktlar məhkəməyə təqdim edilsi də, pul hesabına onların xeyrinə qərar çıxarıldı.
Famil Həmidov indi mənim evimi 60 min manata satışa çıxarıb. Hüquq mühafizə orqanları Famil Həmidovun sələmiçiliklə məşğul olmasını çox asan aşkar edə bilərlər. Dövlət qanunlarında da, İslam dinində də sələmçiliklə məşğul olmaq qadağan edilib. Hazırda ailəmiz gözüyaşlı, ürəyi dərdli zirzəmidə yaşayır.
Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!

Sizdən çox-çox xahiş edirəm ki, sələmiçiliklə məşğul olub, evimizi qanunsuz yolla ələ keçirmiş Həmidov Famil Xurşud oğlunun barəsində tədbir görülməsinə və bizim evimizin geri qaytarılmasına köməklik göstərəsiniz. Xahiş edirəm, imkan verməyin iki azyaşlı uşağım zirzəmidə acınacaqlı vəziyyətdə məhv olsun”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.