Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq - YAŞINDAN ASILI OLMAYARAQ

Baxış sayı:
1381

“Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq. Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq".

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bu insanların vaksinasiyadan keçməsindən asılıdır: "İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".

Nazir qeyd edib ki, insana birinci vaksin vurulandan sonra dərhal immunitet yaranmır. 28 gün sonra ikinci vaksin vurulur və 14 gün sonra insanda immunitet formalaşmağa başlayır: “Birinci vaksindən 42 gün, yəni 6 həftə sonra immunitetin formalaşmasından danışa bilərik. Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik. Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

E.Əmrullayev xatırladıb ki, hazırda 50 yaşdan yuxarı Bakıda 54, Sumqayıtda 69, Abşeronda 60, digər bölgələrdə isə 50 faiz müəllim və texniki heyət vaksinasiya olunub.