“Gənclərimizin təhsili üçün bütün gücümüzü səfərbər edəcəyik” – DATÜB VƏ ATVİB-in “UĞURLU PEŞƏ SEÇİMİ” LAYİHƏSİNİN İKİNCİ SEMİNARI GƏNCƏDƏ KEÇİRİLDİ / Fotolar

Baxış sayı:
26323

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Gənclər Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) birgə həyata keçirdiyi “Uğurlu Peşə Seçimi” layihəsinin ilk seminarının yanvarın 16-da baş tutduğu haqda oxucularmıza məlumat vermişdik. Xatırladaq ki, bu seminar Saatlı rayonunun Orta Muğan kəndinin tam orta məktəbində keçirilmişdi.

Qafqaz.media xəbər verir ki, DATÜB Gənclər Təşkilatı və ATVİB-in reallaşdırdığı “Uğurlu Peşə Seçimi” layihəsinin ikinci seminarı 30 yanvar 2022-ci il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə baş tutub.

Qeyd edək ki, seminara Gəncə şəhəri daxil olmaqla, Qazax, Tovuz, Samux və digər rayonlardan da çoxlu sayda tələbə qatılıb.

Proqramın açılış nitqini ATVİB İdarə Heyətinin üzvü və başqan yardımçısı Zabit Abit edib. O, DATÜB Gənclər Təşkilatını dəstəyi ilə həyata keçirilən “Uğurlu Peşə Seçimi” layihəsi haqda məlumat verib və layihə icraçılarını gənclərə təqdim edib. Zabit Abit bu cür araşdırmalara ciddi önəm verdiklərini və Gəncədə yaşayan axısxalı tələbələrin hər zaman yanlarında olduqlarını bildirib.

ATVİB İdarə Heyətinin üzvü Mövlud Işık çıxışında, “Gələcək gənclərimizin əlindədir. Ölkəmizə, millətimizə faydalı olmaq üçün ilk növbədə daha yaxşı təhsil almalıyıq. Bu nöqtədə DATÜB və ATVİB hər zaman sizin yanınızdadır. İstər universitet seçimində, istərsə də peşə seçimində hər zaman tələbələrlə telefon zəngi qədər yaxın olmuşuq, gələcəkdə də belə olacağıq. Sizinlə görüşmək bizim üçün xoşdur. Sizə DATÜB-un prezidenti Ziyatdin Kassanovun, ATVİB-in prezidenti Xalid Xəlilovun və DATÜB Gənclər Təşkilatının rəhbəri İsmihan Kassanovun salamlarını çatdırıram. Gələcəyimiz olan gənclərimizin təhsili üçün bütün gücümüzü səfərbər edəcəyik”, - deyə bildirib. Mövlud Işık birlik və bərabərliyin vacibliyini vurğulayaraq, hamını həmrəy olmağa dəvət edib.

DATÜB Gənclər Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Kənan İbrahimli çıxışında 1 fevral 2022-ci il tarixindən etibarən YTB-nin təklif etdiyi Türkiyə təqaüd proqramı çərçivəsində istər müraciət prosesində, istər də digər məsələlərin həllində gənclərin yanında olacaqlarını bildirib. Gənclərin universitet və karyera seçimlərində daha geniş imkanlara sahib olması üçün mütləq YÖS imtahan nəticələrinə sahib olmalarının lazım olduğunu qeyd edən Kənan İbrahimli, “Uğurlu Peşə Seçimi” layihəsi çərçivəsində yüzlərlə gənclə təmas qurmağı hədəflədiklərini vurğulayaraq, seminar iştirakçılarına DATÜB Gənclər Təşkilatının fəaliyyətindən bəhs edib.