Heç bir sənədi olmayan sürücü qəza törətdi, “maşın Vaqif Axundovundur” deyib, suçu qarşı tərəfin üstünə yıxdı… - ŞİKAYƏT

Baxış sayı:
3355

Milli Qəhrəmanın qardaşı haqsızlıqla üzləşdiyini iddia edir

Ənvər Quliyev: “Mən tələb etdim ki, video-görüntü çıxarılsın, qulaq asan olmadı”
 
Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28, mənzil 14-də yaşayan şəhid ailəsinin üzvü Quliyev Ənvər Qabil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona haqsız yerə 35 000 manat cərimə yazılıb:
"Mən, Quliyev Ənvər Qabil oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırın.
Şəhid ailəsinin üzvüyəm. Qardaşım Quliyev Nazim Qabil oğlu Birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. 09.01.1992-ci ildə döyüş zamanı şəhid olmuşdur. 08.10.1992-ci ildə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir. Haqqında bir çox sənədli filmlər çəkilmişdir.
Bu ərizəni sizə yazmaqda məqsədim odur ki, 1 ildən artıq gedən yerli və apellyasiya məhkəmələrində haqsızlıqlarla üzləşmişəm. Mən bir şəhid ailəsi kimi öz hüquqlarımın qorunmasını, işə qanuni və ədalətli qərar verilməsini istəmişəm. Lakin barəmdə 2 yerli və 3 apellyasiya məhkəməsi açılıb, hamısını da uduzmuşam, baxmayaraq ki, mən haqlı olmuşam. Hətta iddiaçı tərəfdən heç kimin iştirak etməməsinə baxmayaraq, tapşırıq nəticəsində işi udmuşlar.
Bildirmək istəyirəm ki, 09.09.2022-ci il, saat 14:55 radələrində Abşeron rayonu, Saray qəsəbəsində idarə etdiyim 50-DT-730 dövlət nömrə nişanlı "Opel Astra H" markalı maşınla dayandığım zaman, qarşı tərəfdən gələn 90-AA-552 dövlət nömrə nişanlı "Qalenvagen" markalı maşın dönmə əməliyyatını edərkən idarəetməni itirdi və mənim maşınımı ön hissədən vurub keçdi. Mənim maşınım yararsız hala düşdü, “Qalenvagen” markalı maşın isə yüngül cızıqla qurtardı.
Sürən cavan uşaq idi, çox böyük sürətlə hərəkət edirdi, dönmə işığından istifadə etmədi və heç bir sənədi də yox idi. DYP əməkdaşları gəldikdə, sürücü “maşın Vaqif Axundovundur” (General-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi – müəl.) dedi, sığortaya da həmçinin. Mən tələb etdim ki, video-görüntü çıxarılsın. Təkid etsəm də, qulaq asan olmadı.

Vaqif Axundov mənim bir şəxsiyyət kimi dəyər verdiyim insandır. Bilirəm ki, Vaqif müəllimin bu işlərdən xəbəri yoxdur. Bu insanlar hər yerdə bu addan istifadə edirlər.
İddiaçı tərəf “Hermes Finance” Qapalı Səhmdar Cəmiyyətidir (ünvan: Xətai rayonu, Babək prospekti, 43A). İndi məndən dəymiş ziyana görə 35 000 (otuz beş min) manat pul tələb edirlər (halbuki, dəyən ziyan 5 000 manat etmir). Bunlar hansısa MMC-nin sənədinə əsaslanaraq akt tərtib ediblər, özləri nə istəyiblər, onu da yazdırıblar.
Təsəvvür edin ki, qabaq sağ təkər sürtüb keçib, yazdırıblar ki, 2 disk dəyişmişik, hər birinin qiyməti 4400 manat. Bu qədər haqsızlıq olar?! Mən kasıb adamam, heç bir yerdə işləmirəm, bu qədər pulu yuxuda da görməmişəm. Məhkəmədən qabaq qərar olmadan öz maşınımı dəyər-dəyməzə satdım ki, borcumu verim. Bir məhkəmə də açdılar ki, maşın öz sahibinin adına qayıtsın. Halbuki, həbs, məhdudiyyət olmadan yerli məhkəmə prosesindən 15 gün öncə satılıb. Bu qədər haqsızlıq olar?!
Çox xahiş edirəm, şəhid ailəsi, Milli Qəhrəman qardaşı kimi mənə köməklik göstərərək, bu məsələni ictimailəşdirəsiniz. Bəlkə, Vaqif müəllim bu məsələdən xəbərdar olar.
Mənim ümidim Sizsiniz, Sizə güvənirəm”.


Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.