Həkim səhlənkarlığı 9 yaşlı uşağın ölümünə səbəb oldu – GÖYÇAY SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT / FOTOLAR

Baxış sayı:
4553

Göyçay rayonu, Əli Səmədli küçəsi, ev 24 sakini Əliyev Orxan Hüseynalı oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 9 yaşlı övladı Göyçay rayon Mərkəzi Xəstəxanasının bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib. Həmin məktubu olduğu kimi dərc edirik:
“Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, övladım 07.02.2014-cü il təvəllüdlü Rüstəm Əliyev Göyçay rayon Mərkəzi xəstəxanasının bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib.
Halı pisləşən övladım Ruslan 02 noyabr 2023-cü il tarixdə, saat təxminən 18-30 radələrində 39,5 qızdırmayla Göyçay rayon Mərkəzi Xəstəxanasının acil bölməsinə daxil olub. Uşaqdan hər hansı bir yaxma, zəruri müvafiq analizlər götürülməyib, xəstə müşahidə otağında saxlanılmayıb, heç bir müayinə aparılmadan sistem qoşub, sonra ambulator şəraitdə evə buraxılıb. Gecə uşağın halı pisləşdiyi üçün səhər tezdən yenidən xəstəxanaya aparmışıq. Xəstəxanada yenə də lazımi tibbi yardım göstərilmədi.
Saat 05-00 radələrində TƏBİBƏ zəng etdikdən sonra həkimlər çağrılıb, onlar uşağa sistem, iynələr vurublar. Elbrus adlı həkimi çağırıblar, o da düzgün olmayan qərar qəbul edərək, xəstəyə dopamin vurdu. Uşağın vəziyyəti ağırlaşdı və Bakıya apardıq.
Uşağın vəziyyəti ağırlaşdığı üçün Respublika Kliniki Xəstəxanasında 3-4 saat yaşadıqdan sonra dünyasını dəyişdi. Respublika Klinki Xəstəxanasında həkimlər dedi ki, uşağı Göyçay Xəstəxanasında düzgün müalicə etməyiblər, diaqnoz qoyulmadan, müayinə edilmədən müalicə ediblər, ona görə səhhəti ağırlaşıb.
Müayinə və müalicə işlərinin düzgün təşkil edilməməsi, zəruri diaqnostika avadanlığı hesab edilən "Kate" müayinə avadanlığının işləməməsi, vaxtında övladıma dəqiq diaqnoz qoyularaq zəruri müalicələrin tam həcmdə aparılmaması, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməməsi və nəhayət peşəkar idarəçiliyin olmaması səbəbindən 3 noyabr 2023-cü il tarixdə 9 yaşlı uşağım vəfat etdi.

Məhkəmə Tibbi Ekspertizası Patalogiya Anatomiya Birliyinin Yasamal rayon Şöbəsi rəy verdi ki, övladımın ölüm səbəbi pnevmoniya xəstəliyi olmuşdur. Göyçay rayon xəstəxanasında 39 dərəcə tempraturda qızdımalı pnevmoniya xəstəsi olan uşağıma 9 ədəd sistem köçürüblər. Onun meyiti yarılanda bilindi ki, həmin maye ciyərlərinə yığılıb. Hansı ki, xəstənin hərarətinin olmasını nəzərə almamışlar.
Mövcud qızılca virusunun yayılmasını nəzərə alaraq həkimlər uşaqdan yaxma götürməli idilər. Nə roentgen, nə kate - heç bir müayinələr aparılmadan, qızdırması ola-ola ona sistemlərin qoşulması ölümünə səbəb oldu. Xəstə uşağımın ayağı rentgen olunub. Xəstə övaladımın Bakı şəhərinə xəstəxanaya təcili çatdırlması üçün Göyçay xəstəxanasında uzun mübahisədən 1 saat sonra ambulans maşın veriblər. Ancaq ambulans avtomobilində ixtisaslı həkim olmadan ağır xəstəni Bakı şəhərinə gətirmişik.
Göyçay rayon Xəstəxanasının həkimlərinin səhlənkarlığı nəticəsində vəfat etmiş uşağın atası olaraq, mətbuat vasitəsi ilə başda Prezident cənab İlham Əliyev olmaqla, hüquq mühafizə orqanlarından çox-çox xahiş edirəm, şikayətim tam, hərtərəfli və obyektiv araşdırılıb, ciddi tədbirlər görülməsinə tapşırılar verəsiniz.
Qeyd edim ki, mən artıq hadisə barədə rəsmi olaraq şikayətlər etmişəm”.



Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.