Qarabağ qazilərinə qarşı dələduzluq edən məmur qardaşı harda gizlənir? – ŞİKYƏT

Baxış sayı:
4510

Qəbələ sakinləri, Qarabağ qaziləri Musayev Ramin Şaban oğlu, Manafov Əfsər Əlövsət oğlu, Əhmədov Şahin Fazil oğlu və Məsimov Elvüsal tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edən qazilərin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Ali Baş Komandan!
Diqqətinizə çatdırmaq istəyirik ki, biz Nəbiyev Müslüm Elman oğlu tərəfindən dələduzluğa məruz qalmışıq. Belə ki, o, bir neçə il əvvəl bizi aldadaraq, dövlətimiz tərəfindən verilmiş “qan pulları”nı və qohum-qardaşdan topladığımız 70 min manat məbləğində vəsaitimizi ortaq biznes qurmaq adı altında ələ kecirərək, mənimsəmişdir.
Hörmətli Prezident!
Qeyd etdiyimiz dələduzluq faktı ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsək də, M.Nəbiyev vəzifədə çalışan qardaşının və digər qohumlarının müdaxiləsi nəticəsində cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınıb və bizə dəyən maddi zərər indiyədək geri qaytarmayıb. Məlumat üçün bildirək ki, onun atası Nəbiyev Elman Nəbi oğlu uzun müddət müxtəlif vəzifələrdə çalışdığından, hüquq mühafizə orqanlarındakı əlaqələri hesabına oğlunu həbsdən qorumağı bacarıb. Onun ikinci oğlu, yəni Müslüm Nəbiyevin qardaşı Elmar isə hazırda Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) məsul vəzifədə çalışır. Digər qardaşı Eltun Nəbiyev Ədliyyə Nazirliyinin 7 saylı Çəzaçəkmə Müəssisəsinin Maliyyə və Təhcizat İdarəsinin rəisidir. Həmçinin, əmisi Elxan Nəbiyev də hazırda Bakı şəhərində bina tikintisi ilə məşğul olan şirkətlərdən birinin rəhbəridir.
Hansı ki, bizə qarşı dələduzluq edən Nəbiyev Müslüm Elman oğlu məhz yuxarıda adlarını qeyd etdiyim şəxlərin dəstəyi nəticəsində qanun qarşısında cavab verməkdən yayınır və nəticədə bizə dəyən maddi zərəri qarşılamaqdan, yəni verdiyimiz pulu qaytarmaqdan imtina edir.
Cənab Ali Baş Komandan!
Adlarını qeyd etdiyimiz və etdmədiyimiz nəbiyevlər nəinki bizim pulu ələ kecirib, hətta Vətənə xidmət etməkdən də boyun qaçırıblar.
Odur ki, İkinci Qarabağ Müharibəsi başlayanda Sizin müraciətinizlə Vətənin müdafiəsinə yollanan, hazırda yaralı əsgər və zabitiniz olaraq Sizdən bizim problemin həllinə köməklik göstərməyini xahiş edirik.
Qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar arzulayırıq”.
Hazırladı: Jalə FAMİLQIZI
P.S. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.