“SAHİL BABAYEV 12 AYLIQ PENSİYAMI OĞURLAYIB” – “Deyirlər ki, üstündən müəyyən qədər vaxt keçdiyinə görə qaytara bilmərik”

Baxış sayı:
2575

Zərdab rayon sakini Xəlilov Şamil Mehdi oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vətəndaşlara qarşı çox böyük haqsızlıqlar edir:
“Mən, Xəlilov Şamil Mehdi oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, bir dəfə ürək infarktı, üç dəfə isə beyin infarktı keçirmişəm. Sahil Babayev və işçiləri bütün bu xəstəlikləri heçə sayıb, mənim pensiyamı kəsiblər.
2014-cü ildən 2021-ci ilin yanvarına qədər ikinci qrup əlillik pensiyası almışam. 2021-ci ilin yanvar ayında pensiyamın verilməsi dayandırılıb, 2021-ci ilin dekabrında bərpa edilib. Yəni bir il pensiyamın verilməsi heç bir səbəb olmadan dayandırılıb. Bu 12 ay ərzində məndən 3 000 manat oğurlayıblar.
Bir il dayanmadan hər yerə ərizə yazmışam.
Sahil Babayev prezidentə yalan məlumat verərək bildirir ki, nə qədər pula qənaət ediblər. Axı, mən erməniyə güllə atmamışam, axı mən qazi deyiləm ki, bir illik pensiyamı oğurlayıb yesinlər. Niyə “oğurlayıb” yazıram? Ona görə ki, 12 ay keçəndən sonra xəstə olduğumu etiraf edib, pensiyamı veriblər. Necə olur ki, mənim kimi ağır bir xəstənin pensiyası kəsilir? İndi də deyirlər ki, üstündən müəyyən qədər vaxt keçdiyinə görə qaytara bilmərik.
Siz heç görmüsüz, həmin bu qurum səhvən kiməsə artıq pul versin? Amma necə olursa əskik verə bilir və yaxud da tamamilə oğurlayır. Necə ki, mənim də 12 ayımın pensiyasını oğurlayıblar.
Məhkəməyə vermək, vəkil tutmaq üçün pul lazımdır. Bunları etməyə nə budcəm yol verir, nə də səhhətim. Yəqin, fikirləşiblər ki, onsuz da ölür, pensiyasını bərpa edək, bir-iki aya ölər.
Deməyim odur ki, Sahil Babayev və komandası oğurluqla məşğuldurlar. Sizə yazmaqda məqsədim odur ki, Sahil Babayev bilsin ki, mən ürək xəstəsiyəm. Bütün ərizələrimə cavab yazıblar ki, 6 aydan artıq vaxt keçdiyi üçün aradakı bir ilin pensiyasını verə bilmərik. Hər beyin infarktı keçirəndə məni Bakının bütün xəstəxanalarında yatırıblar.
Guya, Sahil Babayevin işçilərinin vaxtında işləməməsinin günahı məndədir. Açıq-aşkar demirlər ki, qərəzli şəkildə sənin pensiyanı aramızda bölüb yemişik”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.