“Sosial şəbəkələrdə daha çox vaxt keçirənlər ruhi xəstələrdir” - TANINMIŞ HƏKİM-PSİXİATRDAN ŞOK İDDİA

Baxış sayı:
18977

Abdulla Şıxlinski: “Azərbaycanda narkotik tacirləri insanların bədbəxtçilikləri üzərində pul qazanırlar”

Aynur Hacıyeva: “Dəyişən uşaqlar deyil, zamandır, bizim davranışlarımız, dünyaya, övladlarımıza baxışlarımızdır”

Keçmişə, təxminən 10-15 il qabağa nəzər salanda ailə münasibətlərinin tam fərqli olduğunu görərik. Əvvəllər ailədə ata-ananın dediklərini qanun olaraq qəbul edirdik. Nəsihət və məsləhətlər çox olurdu. İndi sanki valideyn uşaqdan məsləhət alacaq həddədir. Ailə məsləhəti olmadan hansısa işə başlayan çox az sayda, hətta heç yox idi deyə bilərik. Neçə yaşı olur-olsun, istər günahkar olsun, istər günahsız, ata-ana sözünün qarşısında susan övladlar var idi.

Valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki valideyn övladının böyüməsindən xəbərsiz olur. Valideyn hər zamankı tələbkarlıqla övladına yanaşır, amma əvəzində etiraz görür, çaşqınlığa düşür və nə edəcəyini bilmir. Bu vəziyyətdə o, aqressiv davranış nümayiş etdirmək əvəzinə, övladının böyüdüyünü qəbul etsə, vəziyyət onun üçün daha asan olar. Valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o dövrlərdə həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi.

Keçmiş zamana həsrətlə baxacağımız heç ağlımıza gəlməzdi. Əvvəlki ailələr, uşaqlar, qohumluqlar tam fərqli idi. İndi hər kəs bir-birinin günahını, səhvini tutmaq üçün yarışır. Əvvəllər insanlar daha saf idilər. Bir-birlərindən küsüb-barışmaq belə fərqli idi. Belə başa düşmək olur ki, əvvəl ailələrdə qarşılıqlı hörməti uşaqlar çox görürdülər deyə, cavab qaytarmaqdan, aqressivlik göstərməkdən çəkinirdilər. Günümüzdə isə valideyn- övlad münasibətləri getdikcə gərginləşir.

10-15 il əvvəllə indiki zamanın fərqi nədir? Uşaqların belə aqressiv, əsəbi olmalarında günahkar valideynlərdir? Bu kimi suallara cavab tapmaq üçün həkim-psixiatr, müstəqil tibbi ekspert Abdulla Şıxlinski və sosioloq Aynur Hacıyeva ilə həmsöhbət olduq.

Abdulla Şıxlinski deyir ki, ümumiyyətlə, aqressivlik bir vəziyyət kimi müəyyən səbəbə və kökə sahibdir: “İnsanda aqressiya, dözümsüzlük o vaxt yaranır ki, özünə ümüd və cəmiyyətə ümüd itir. Aqressivliyin əsas səbəbi ümidin itməyidir. Bu psixologiya və psixatriyada da belə göstərilir. İnsanın özünə, gələcəyə, ətraf mühitə inamı itir və aqressiya formalaşır. Aqressivlik gələcəyin qeyri-müəyyən şəkildə təsəvvürü nəticəsində yaranmış bir vəziyyətdir. İnsan gələcəyi müəyyən şəkildə təsəvvür edə bilmir.

Cəmiyyətdə yaranmış qeyri-müəyyənlik, aqressivlik, özünə və ətrafdakılara inamsızlıq  vəziyyəti 1994-cü ildən sonra daha da çoxalmağa başladı. Bu aqressivlik keçmiş Sovet respublikalarının ərazisində formalaşmağa başladı. Xaricdə yaşayan və yaxud da orada işləməyə gedib-gələn insanlar deyirlər ki, Avropa ölkələrində aqressivlik Azərbaycandan dəfələrlə azdır. Buna səbəb olaraq deyə bilərik ki, Avropa ölkələrində sabahkı günə, özünə, ərtafdakı insanlara inam var. Bu hal aqressiyanın baş qaldırmasına imkan vermir.

Rəsmi statistikada da var, 1994-cü ildən Sovet respublikalarında psixi xəstəliklərin sayı 4 dəfə artmışdır. Bundan əlavə də insanlar arasında yüksək aqressiya əmələ gəlmişdir. Bütün bu aqressiyaların artmağına səbəb isə, mən deyərdim ki, insanları tez-tez aldatdılar. Yəni çoxlu islahatlar aparıldı. Bu islahatların nəticəsində də insanlar yeni və yaxşı bir şey əldə edə bilmədilər. Seçkilər, yenidənqurma prosesləri, yeni texnologiyaların tətbiqi oldu və insanlara deyildi ki, bunu da edin, yaxşı olacaq. İnsanlar bu yaxşılığı görmədikdə isə depressiyanın və aqressiyanın qurbanı oldular. İnsanların maddi imkanları məhdud olaraq qaldı, mənəvi təlabatları ödənilmədi, insanlar özlərini realizasiya edə bilmədilər, onlar öz daxili aləmləri ilə razılıqda yaşamaq vəziyyətinə gəlib çıxa bilmədilər. Axırda elə bir həddə gətirib çıxarıldı ki, ən sakit, ən dözümlü insanlar aqressiv olmağa başladılar. Bir sözlə, 1991-ci ildə Qorbaçov Sovet ittifaqını dağıdandan sonra işləməyə gələn siyasətçilər insanlara vədlər verdilər ki, əvvəl hər şey pis idi, indi yaxşı olacaq. İllər keçdikcə insanlar gördülər ki, bu böyük bir yalandır. Onlar aldanıblar. İnsanlar hələ də başa düşə bilmirlər ki, siyasətçilər Sovet  ittifaqını niyə pisləyirdilər?!

Sovet ittifaqında insanlar rüşvətsiz işlə təmin olunurdu, pulsuz evsizlərə ev verilirdi, təhsil pulsuz idi. Bəs niyə aldanıb Sovet ittifaqını pislədik? Referendum keçirilən zaman 1991-1992-ci illərdə insanların 90 faizi səs vermişdi ki, SSRİ dağıdılmasın. Buna baxmayaraq SSRİ dağıdıldı. İnsanlar aqressivliyə qapıldılar, çünki vəziyyət pisləşdi.

Müharibədən sonra vətəndaşlara şad xəbər verildi ki, Qarabağı almışıq. Amma çox təəssüflər olsun, bu da həqiqəti əks etdirmədi. Bir hissəsi alınıb, amma deyirlər ki, Qarabağı almışıq. Bu kimi yalanlar insanları ümidini itirməyə vadar edir. SSRİ yeganə dövlət idi ki, Qarabağı Azərbaycanın tərkibində saxlamışdı. Ən əsası da müharibə, döyüş, qırğın yox idi. SSRİ bu məsələni tənzimləmişdi. SSRİ dövləti Dağlıq Qarabağı haqlı olaraq Azərbaycana vermişdi. Bu həqiqətdə də belə olma idi, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Bunu rəsmi olaraq SSRİ etmişdi. 1991-ci ildə SSRİ dağıldı, Qarabağı qeyri-qanuni olaraq Qorbaçov ermənilərə verdi, iqtisadiyyat dağıldı, insanların yaxşı gələcəyə ümidi itdi. Müəyyən nəsil aqressiv böyüyürsə, onlardan olan uşaqqlar da aqressiv olurlar. Bu hal insanın geninə keçir. İndiki gənclər aqressivdirlərsə, onlar evləndikdən sonra uşaqları da bu gendən faydalanacaqlar. Yaşı az olan azyaşlılara diqqət yetirsək, onlar da əsəbidirlər, çünki  genlərində var artıq.

Aqressiyanın aşıb-daşmasına səbəb isə gənc nəslin narkotik vasitələrdən istifadə etməsidir. Narkotika istifadəçiləri ilə həmsöhbət olsaq görərik ki, sabahkı günə ümidləri yoxdur. Onları bu pis vərdişə vadar edən ümidsizlikləridir. Azərbaycanda gənc nəsil ümidsizlik vəziyyətində yaşayır. Beləliklə insanların bədbəxtçilikləri üzərində narkotik tacirləri pul qazanırlar.

Aqressiyanın kökləri müxtəlifdir, saymaqla bitirmək olmur”.

A.Şıxlinski onu da qeyd etdi ki, son vaxtlar insanların apteklərə axın etməsi diqqətdən qaçmamalıdır: “Fikir verirsinizsə, insanlar son zamanlar apteklərə axın edirlər. Mən deyərdim ki, Azərbaycanda ən yarıtmaz fəaliyyətdə olan sahələrdən biri də tibbi xidmətdir. Yuxu pozğunluğu, daimi gərginlik, psixi gərginliyi, ümidsizlik problemi olan insanlar məcburi apteklərə üz tuturlar və sakitləşdirici dərman vasitələri alırlar. Tibbi xidmət aşağı səviyyədə olduğuna görə, insanlar həkimlərdən çox, apteklərə üz tuturlar. Türkiyənin səhiyyə sistemi Azərbaycanda ləğv edilmədiyi müddətdə Azərbaycanda səhiyyə sistemi bərbad vəziyyətdə qalmağa davam edəcək.

Aqressiyanın nəticələri hal-hazırda böyük təhlükə doğurur. Aqressiv cəmiyyətdə kriminal hadisələr çoxalır, insanların həyat keyfiyyətləri aşağı düşür, normal ailələr yaranmır. Bütün dünya çalışır qabağa getsin, Azərbaycan cəmiyyəti isə 14-cü əsrə qayıdır.

Atada, anada olan aqressiya normal olaraq övlada keçir və bu səbəbdən də indiki zamanın gəncləri çox hövsələsizdirlər. Ata ilə bala arasında, ana ilə qız arasında pərdə götürülüb. Bunun günahkarı həm valideyn, həm də uşaqdır. Yaşdan asılı olmayaraq insan ümidsizliyə qapıldığı zaman öz valideynlərinə də nifrət edir. Fikir versək görərik ki, Azərbaycanda bütün insanlar bir-birinə düşmən kimi baxırlar. Son illərdə belə bir əhval-ruhiyyə var. Rəssam şəkil çəkir, amma özünü reallaşdıra bilmir, elmi işçi özünü reallaşdıra bilmir, səbəb isə pulun olmamağı, ümidin itməyidir…

İnsanların biraz da ruhdan düşməyinə səbəb sosial şəbəkələrdir. Vaxtlarının çox hissəsini orada keçirib, sakit olmayan əsəblərini daha da pozurlar. Fikir versəniz görərsiz ki, sosial şəbəkələrdə daha çox vaxt keçirənlərin çoxu ruhi xəstələrdir. Sosial psixatriya deyilən bölmə sosial faktorların insan psixologiyasına təsirini öyrənir. Sosial psixatriyada sübut olunub ki, sosial şəbəkələrdə daha çox vaxt keçirənlər ruhi xəstələrdir. Bu insanlara qarşı dövlətimiz tərəfindən böyük tədbirlər görülməlidir. Müharibə vaxtı və yaxud adi vaxtlarda sosial şəbəkələrdə yalan məlumatlar yayaraq sanki bundan həzz alırlar. Bu şəxslərin paylaşdıqları yazı 10 nəfər arasında inanılır, 5 nəfər isə inanmır. Amma əsas nəticə göstərir ki, belə ruhi xəstələr onlara nisbətən, sağlam insanların da əhval-ruhiyyəsini korlayır. Bu sosial şəbəkələrdə kimə nə cür istəsən pislik etmək olar. Mən bir həkim kimi yəqinliklə deyirəm ki, sosial şəbəkədə ən çox aktivlik göstərən ruhi xəstələrdir. Mən bunun şəxsən şahidi olmuşam, onlarla söhbət edən zaman özləri də deyirlər ki, ağlıma gələn ilk fikri paylaşmışam. Azərbaycanda baza yaratmaq lazımdır ki, xəstə insanların sosial şəbəkələrə girişi qadağan edilsin.

Günümüzdə insanların əsəblərini pozan amillərdən biri də quru sərhədlərin hələ də bağlı olmasıdır. Bu aqressiyanı 1/5 faiz artırır. Quru sərhədlər əsassız olaraq bağlanılıb. Pandemiyanın bitməsinə baxmayaraq, quru sərhədlər açılmır. İnsanlar bunu dərk edir və əsəb, stress çəkir, beyin pozulur.

Aqressiyanın, əsəbin yaranma səbəblərini danışmaqla bitməz. Beləliklə, “Azərbaycan Hava Yolları” camaatı soymaqla məşğuldur. “Azərbaycan Hava Yolları” fantastik baha qiymətə xarici ölkələrə bilet satır. Bu cəmiyyətdə böyük sosial gərginlik yaradır. 

Gündəlik, əsas problemlərimizdən olan tıxac problemi necə əsəbləri pozmaya bilər ki?! Deməli, artıq bir neçə mütəxəssis tərəfindən dindirilib və müəyyən olunub ki, Bakıda tıxaclar suni olaraq yaradılır və bundan kimlərsə gəlir götürürlər. Tıxacların yaratdığı aqressiya artıq pik nöqtəyə gəlib çatıb. Bakıdan hansısa rayona getmək paytaxtın bu başından o başına getməkdən asan olub. Dözülməz tıxaclar var, sürücülər bu gərginlikdən az qala huşlarını itirələr. Təsəvvür edin, avtobus sürücüsü bu gərginlikdən gün ərzində çıxa bilmir. Sərnişinlər də həmçinin eyni əsəbi çəkirlər. Tıxacda qalmaq sürücülərə həm maddi, həm də mənəvi zərər vurur. Tıxac vaxtı nə qədər yanacağın getdiyi sürücülərə bəllidir. Bir ailədə 5 maşın varsa hamısı şəhərdədir. Bunun qarşısını, məncə, almaq lazımdır. Mən belə fikirləşirəm ki, əlaqəli qurumlar bu məsələ ilə məşğul olsa, bu problem nisbətən aradan qaldırılar”.

Sosioloq Aynur Hacıyeva isə deyir ki, müasir dövrün ən aktual və mübahisə doğuran mövzularından biridir: “Niyə bəzən bir çoxlarımızda belə bir sual yaranır ki, sanki əvvəllər uşaqlar daha çox valideynə "itaətkar" və "sakit" idi. Amma müasir dövrdə sanki, ailələrdə uşaqlar valideyn, valideyn isə övlad rolundadır.

Mən deməzdim ki, müasir dövrdə valideyn-uşaq rolları dəyişib. Dəyişən başqa nüanslardır və sanki biz bu cür dəyişikllikləri qəbul etməkdə çətinlik çəkirik. Çünki biz böyüklər birdən-birə keçmiş adlandırdığımız dövrlə müasir adlandırdığımız dövrün keçid dövrünə gəlib çıxmışıq. Uşaqlığımız və ya gəncliyimiz "kecmiş" adlandırdığımız dövrə, həyatımızım daha sonrakı dövrü isə sürətlə inkişaf edən müasir dövrə təsadüf edir. Dəyişən uşaqlar deyil, zamandır, bizim davranışlarımız, dünyaya, övladlarımıza baxışlarımızdır. Bele bir nümunə göstərək - etiraf etməliyik ki, əvvəlki zamanlarda ailələrdə uşaqların fikirləri o qədər də önəmli hesab edilməzdi, ailələr övladlar ücün qərar verərdi, övladların əvəzinə fikir bildirərdi, övladların seçim azadlığı məhdudiyyətli idi və s. Lakin müasir adlandırdığımız dövrdə biz övladlarımızı daha sərbəst, azad fikirli, öz qərarlarını verə bilən, öz fikirlərini söyləyə bilən böyümələri üçün var gücümüzlə çalışırıq. Ona görə də bəzən ailələrdə öz uşalığımızla müqaisə edəndə valideyn və uşaq rolunun dəyişdiyini sanırıq. Və ya müasir dövrün uşaqlarını aqressiv olduğunu müşahidə edirik. Bu onunla bağlıdır ki, zaman sürətlə inkişaf etdikcə təlabatlar da sürətlə inkişaf edir, və uşaqların valideynlərdən, valideynlərin isə uşaqlardan gözləntiləri və tələbləri daha da böyüyür. Tələblərin və gözləntilərin artması nəticəsində isə ailədaxili bir çox anlaşılmazlıq, aqressivlik, ailədaxili mübahisələr və s. yaranır”.

Jalə FAMİLQIZI