Altı ildir Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşı yenidən İlham Əliyevə müraciət etdi - FOTO

Baxış sayı:
880

2000-ci illərin ortalarında Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brend altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran iş adamı, Rusiya vətəndaşı Zenulla Qurbanov prezident İlham Əliyevə növbəti müraciət ünvanlayıb. Və 6 ildir Azərbaycanda əsassız olaraq saxlanıldığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və nəticədə ağır insani durumla, olduqca dramatik vəziyyətlə üzləşdiyini bildirir. Z.Qurbanov müraciətində göstərir ki, Rusiya vətəndaşlığı daşısa da özünü azərbaycanlı sayır, İlham Əliyevi isə bütün dünya azərbaycanlılarının lideri hesab edir və üzləşdiyi ağır situasiya ilə bağlı məhz onun köməyinə ümid edir.

Xatırladaq ki, Zeynulla Qurbanov bir müddət əvvəl də Prezident İlham Əliyevə müraciət göndərmişdi və müraciətinin bir nüsxəsini dərc olunmaq üçün redaksiyamıza təqdim etmişdi.  Habelə o, dəfələrlə Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyinə, Ombudsmana və digər instansiyalara müraciət edib. Rusiyanın Bakıdakı səfirliyi isə dəfələrlə Z.Qurbanovun məsələsi ilə bağlı Azərbaycan tərəfinə notalar göndərib. Amma bütün bu müraciətlərin nəticəsi yoxdur və o, altı ildir ki, Rusiyada yaşayan ailə üzvlərinin yanına gedə bilmir.

Rusiya vətəndaşı, Qurbanov Zeynulla Rəcəb oğlu hələ 2016-cı ilin əvvəllərində Azərbaycanda keçirilən Dağıstan mədəniyyəti Günləri çərçivəsində təşkil edilən iqtisadi forumda iştirak etmək üçün Dağıstan Respublikasının sahibkarlıq və investisiyalar üzrə Agentliyin rəhbərinin müavini qismində Bakıya gəlib.  2010-cu ilə qədər təsisçisi olduğu “O'GRAE” Rusiya şirkətinin Rusiya bankı “MBA-Moskva” (Azərbaycan Beynəlxalq Bankının törəmə bankı,-red.) qarşısında 2006-2008-ci illərdə yaranmış kredit borcuna görə Azərbaycandan çıxışına qadağa qoyulduğundan o vaxtdan etibarən ölkəni tərk edə bilmir.

Qeyd edək ki, Z.Qurbanov əvvəllər Azərbaycanın vergi orqanlarında işləyib. 2000-ci illərin əvvəllərində Rusiyaya gedib və Azərbaycanın nar şirələrinin Rusiya bazarında satışı, fəal şəkildə tanıdılması ilə məşğul olan şirkət yaradıb, bu ölkədə Azərbaycanın ilk milli Ticarət Markası olan “O'GRAE”-nin əsasını qoyub. 2008-ci ildə “O'GRAE” Rusiyada İlin Brendi adına layiq görülüb. Sahibkarlıq fəaliyyəti ərzində Z.Qurbanov 2002-ci ildən etibarən “MBA-Moskva” bankı ilə kredit münasibətləri qurub, bankın kredit resurslarından dövriyyə vəsaitləri kimi istifadə edərək götürdüyü, məbləği o qədər də böyük olmayan kreditləri faizləri ilə birlikdə vaxtlı-vaxtında ödəyib.

2008-ci ildə “MBA-Moskva” bankının rəhbərliyi düzgün təşkil edilmiş biznesin aşkar uğurlarını görərək Z.Qurbanova onun şirkətinin Rusiyanın iri ticarət riteylerləri ilə təchizat müqavilələri vasitəsilə bankın nəzarətində olan zavodlarda istehsal edilən məhsulların satışının təşkil edilməsi üçün tərəfdaşlıq təklif edib.

Tərəflər aşağıdakı kimi razılaşıblar: biznesin “MBA-Moskva”ya bağlı olan offşor şirkətə, qalan 30 faizi isə Z.Qurbanova məxsus olur. Z.Qurbanovun şirkətinin səhmlərinin 70 faizinin dəyərinin əvəzində bank şirkətin həmin vaxta olan 1 milyon 950 min dollarlıq kredit borcunu bağlamağı vəd etmişdi.

Razılaşmanın əldə edilməsindən dərhal sonra Z.Qurbanovun şirkətinin bütün idarəçiliyi, o cümlədən yuxarıda göstərilən kredit öhdəlikləri bankın təyin etdiyi adamlara keçib. Onlar sonradan şirkətdə gedən bütün proseslərə faktiki rəhbərlik ediblər. Bütün bunlar haqda virtualaz.org və haqqin.az saytları 2016-cı ildə dərc edilmiş geniş araşdırmasında bəhs etmişdi.

Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bankın keçmiş rəhbərliyi ona xas olan stildə, şirkətin kredit borclarının bağlanacağına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək əvəzinə yeni dələduzluq sxemləri fikirləşib tapıb, bu prosesə hər cür əngəl yaradıb. Z.Qurbanov özü də bu haqda 2009-2010-cu illərdə mətbuatda dərc edilmiş müraciətlərində dəfələrlə bildirib.

Nəticədə ortaq biznesə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək və Z.Qurbanovun sanballı hesab etdiyi bankın rəhbərliyinə olan etibarından sui-istifadə edərək (iş adamı kredit borcunun bağlanacağı haqda bankın öhdəliyinin yazılı şəkildə rəsmiləşdirilməsində israr etməmişdi,-red.) “MBA-Moskva” rəhbərliyi 2010-cu ildən Rusiyanın hüquq məkanında, Moskvanın arbitraj məhkəmələrində məhkəmə çəkişmələrinə başlayıb.

Z.Qurbanov bildirir ki, sinik şəkildə hərəkət edən bank rəhbərliyi həmin 1.95 milyon dollar kredit borcunun əvəzində ondan məhkəmə yolu ilə aşağıdakıları ala bildi:

-Həmin kreditin götürülməsi üçün girov qoyulan “O'GRAE” ticarət markası ilə birlikdə Rusiyanın bütün iri riteylerləri ilə bağlanmış təchizat müqavilələrini. Hansı ki, məhkəmə ekspertləri bu aktivi o vaxt 7.5 milyon dollar dəyərində qiymətləndirmişdi;

-Bankın təyin etdiyi adamların bacarıqsızlığı və qeyri-peşəkarlığı nəticəsində şirkətin biznesi tam çökdürüldü;

-Z.Qurbanovun Moskvada bazar dəyəri 1.5 milyon dollar olan yeganə mənzilini ələ keçirdi.

Z.Qurbanov prezidentə müraciətində bildirir: “İndiki situasiyanın absurdluğu ondan ibarətdir ki, mən Rusiya vətəndaşı olaraq bütün beynəlxalq qanunların və insan haqlarının pozulması nəticəsində,  Rusiya ərazisində bu ölkənin iki təsərrüfat subyekti arasında yaranmış kredit münasibətlərinə görə 6 ildir ki, Azərbaycan ərazisini tərk edə bilmirəm. Hansı ki, bu kredit münasibətlərinə görə məhkəmə araşdırmaları Rusiya qanunvericiliyinə uyğun olaraq hələ 10 il (on!!!) əvvəl Rusiya ərazisində aparılıb və başa çatıb!

Möhtərəm cənab Prezident, bütün bu müddət ərzində Azərbaycanın Daxili İşlər Nazirliyinə və Baş prokurorluğuna göndərdiyim çoxsaylı müraciətlərə cavab olaraq göstərilir ki, mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət Rusiyanın “O'GRAE” şirkətinin “MBA-Moskva” bankı qarşısında 1.95 milyon dollarlıq kredit borcuna və absurd şəkildə bu məbləğə hesablanmış 2 milyon dollar faizə görədir.

Hansı ki, göstərilən 1.95 milyon dollarlıq kredit bank tərəfindən hələ 2008-ci ilin oktyabrında birgə biznesə daxil olmağın şərti olaraq (“O'GRAE” şirkətinin səhmlərinin 70 faizinin banka verilməsinin əvəzində) bağlanmalı idi.

Moskva Arbitraj məhkəməsində aparılan məhkəmə araşdırmaları zamanı (2010-2011-ci illər) bank həmin krediti bağlamaqla ekspertlər tərəfindən dəyəri 7.5 milyon dollar qiymətləndirilən biznesi inkişaf etdirə və nəticədə bu gün Rusiyada milyonlarla azərbaycanlının qürur duyduğu milli brendə sahib ola bilərdi. Bunun əvəzində bank mənim Moskvada dəyəri 1.5 milyon dollar olan 4-otaqlı mənzilimi hərraca çıxararaq dəyər-dəyməzə satdı.

Məhz bu kreditə görə mən 2016-cı ildən Azərbaycanda qalmağa məcbur olmuşam, Dağıstan Respublikasının sahibkarlıq və investisiyalar üzrə Agentliyinin rəhbərinin müavini kimi perspektivli işimi itirmişəm.

Bu kreditə görə məni 6 ildir Azərbaycanda faktiki girov saxlayırlar, ömrümün ən məhsuldar altı (!) ilindən məhrum ediblər. Bu bədnam dələduz bankirlərin niyyətinin səmimiliyinə inanaraq onların toruna düşmüşəm, bundan sonra daha neçə il onların cinayətkar fəaliyyətinin qurbanı kimi ailəmdən ayrı düşməliyəm və indiki acınacaqlı situasiyada yaşamalıyam?!”

İş adamı daha sonra sual edir: hansı qanunlar əsasında “MBA-Moskva” bankı şirkətin kredit borcuna dair məhkəmə proseslərinin başa çatmasından və məhkəmə hökmünün çıxarılmasından sonrakı illər ərzində borca faiz hesablayıb? Üstəlik bu faizlərin məbləği əsas borcun məbləğini də ötüb keçib?! Və ikiyə vurulmuş bu borc “Aqrarkredit” QSC-yə satılıb!

“Cinayətkar sxemin bundan da uğurlu yekunlaşmasını düşünmək mümkün deyil! 1.95 milyon dollar kreditin əvəzində məhkəmə ekspertləri tərəfindən 7.5 milyon dollar dəyərində qiymətləndirilmiş bütün “O'GRAE” biznesini, Moskvanın mərkəzində (Kutuzov prospektində) yerləşən, bazar dəyəri 1.5 milyon dollar olan 4 otaqlı mənzili və nəhayət “Aqrarkredit”dən 3.95 milyon dollar (yekunda 13.5 milyon dollar) alıblar. Və bu gün, Rusiya səfirliyinin göndərdiyi cəmi 15 notasına cavab olaraq məndən 15 il sonra möcüzəvi şəkildə yaranmış 3.95 milyon dollar borcu tələb edirlər. Mən bankın bu hiyləgər planını ona görə detallı şəkildə təsvir edirəm ki, bu plan nəinki onun “sağlamlaşmasına”, üstəlik xeyli “cavanlaşmasına” gətirib çıxardı!!!

Beləliklə, “MBA-Moskva” bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində mənim biznesim əlimdən alındı və müflis edildi, dağıdıldı, hansı ki, mən bu biznesi qurmağa ömrümün bir neçə ilini sərf etmişdim. Bu biznes həmin vaxt şirkətin bankdan götürdüyü və mənim zamin durduğum kreditin məbləğindən dəfələrlə yuxarı qiymətləndirilmişdi. Bundan əlavə, bankla həmin “tərəfdaşlıq” nəticəsində mən biznesi qurmaq üçün əvvəldən ora yatırdığım şəxsi vəsaitlərimi də itirmiş oldum, mülkiyyətimdə olan yeganə mənzilim də əlimdən alındı. Yəni məndən ala biləcəklərinin hamısını aldılar və indi mən, ailə üzvlərim kifayət qədər çətin durumda yaşayırıq. 6 ildir məni Azərbaycandan buraxmadıqlarına görə ailəmi saxlamaq üçün işləmək imkanlarından da məhrum olmuşam. Bu sadaladığım faktları təsdiq edən bütün sənədlər var və onları müvafiq orqanlara təqdim edə bilərəm. Olduqca acınacaqlı vəziyyətdə olduğum üçün bir daha KİV-lər vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə, bütün səlahiyyətli orqanlara, Azərbaycan ictimaiyyətinə müraciət edərək üzləşdiyim bu absurd situasiyanın aradan qaldırılmasına, olduqca acınacaqlı, çıxılmaz vəziyyətdə qalan, Azərbaycanı öz vətəni hesab edən  Rusiya vətəndaşının başına gələ biləcək faciənin qarşısının alınmasında kömək xahiş edirəm ”,-Zeynulla Qurbanov müraciətində bildirir.

Mənbə: Virtualaz.org