“Azərbaycan sürətlə uçuruma doğru gedir”

Taliyət Əliyev: “ABŞ-da hazırlanan sanksiyalar paketi Konqresə çıxarılacaqsa və qəbul olunacaqsa, Azərbaycanın vəziyyəti indikindən daha da ağır olacaq”
“Amerika rəhbərliyi o qədər ağılsızdır ki, bir barelinin qiyməti 150 dollar olanda öz neftini satmadı, indi 28-30 dollara satmağa başlayıb...?!”
Azərbaycanda manatın ikinci devalvasiyası və qiymətlərin süni şəkildə qaldırılması ciddi narazılığa səbəb oldu. Xüsusən də bölgələrdə əhali bahalaşmaya etiraz əlaməti olaraq küçələrə çıxdı və qiymət artımına qarşı öz mövqeyini sərgilədi. Lakin müxalif partiyalar bütün baş verənləri susqunluqla müşahidə etməyi məqbul bildi. Bu baxımdan, müxalifətin bu addımına vətəndaşların münasibəti heç də birmənalı olmadı, hər kəs bunu öz düşündüyü kimi şərh etməyə başladı. Bu zaman isə, təbii olaraq müxalifətin ünvanına çoxsaylı tənqidlər səsləndi...
Odur ki, ADP sədrinin müavini Taliyət Əliyevlə söhbətimizdə ilk olaraq rayonlarda sosial etirazlar baş qaldıran zaman müxalifətin nə üçün susqunluq nümayiş etdirdiyini aydınlaşdırmağa çalışdıq:
(Əvvəli bu linkdə: http://muxalifet.az/250-milyon-dollar-o-qdr-boyuk-mblg-deyil-ki-hansisa-...)
-Sizcə, neftin qiyməti qalxsa, mövcud rejim öz hakimiyyətini qoruyub-saxlaya biləcək?
- Bu suala cavab verməzdən öncə dünyada gedən proseslərə baxaq. Bilirsiniz ki, bir neçə gün öncə İran ilk neft tankerini Çinə, Yaponiyaya yola saldı. Bu, dünya bazarında neftin qiymətinin düşməsinə səbəb olacaq. Üstəlik, bildiyiniz kimi Amerika da artıq özünün ilk neft partiyasını Avropaya çatdırıb və bu proses yenə də davam edəcək. Yəni Amerika 40 ildir özünün neft ehtiyatlarının satışına qoyduğu qadağanı ortadan qaldırıb. Belə bir şəraitdə təbii olaraq sual olunur: Amerika rəhbərliyi o qədər ağılsızdır ki, 40 il ərzində, yəni neftin bir barelinin qiyməti 130, 140, 150 dollar olanda öz neftini satmadı, indi 28-30 dollara satmağa başlayıb? Əlbəttə, yox. Deməli, burda Vaşinqtonun maliyyə maraqları deyil, siyasi maraqları var. Bu siyasi maraqlar da artıq çoxlarına məlumdur. Belə ki, ABŞ neftdən asılı olan ölkələri, əsasən də Rusiyanı çökdürmək istəyır. Sözsüz ki, bu proses çərçivəsində eyni zamanda Rusiya tipli ölkələrin də çökdürülməsi qarşıya məqsəd qoyulub.
- Belə anlaşılır ki, Azərbaycan hakimiyyətinin taleyi birbaşa neftin qiymətindən asılıdır...
- Bəli. Başqa elə bir istehsal sahəmiz yoxdur ki, biz onunla duruş gətirə bilək. İndi deyirlər ki, 30-35 milyardlıq ehtiyat fondumuz var. Hansı ki, bəzi mütəxəssislərə görə, hakimiyyət bu vəsaiti qənaətlə xərcləsə ən çoxu 3 ilə çata bilər. Göründüyü kimi, bu ehtiyatın özü də ölkəni uzunmüddətli saxlamağa imkan vermir. Ona görə də vəziyyət bu qədər kritikdir.
Digər tərəfdən, biz başqa məqamları da nəzərə almalıyıq. Bilirsiniz ki, ABŞ-ın Helsinki Komissiyası tərəfindən hazırlanan sanksiyalar paketinin fevralın əvvəlində Konqresə çıxarılma məsələsi var. Əgər bu sənəd Konqresə çıxarılacaqsa və qəbul olunacaqsa, onda Azərbaycanın vəziyyəti indikindən daha da ağırlaşacaq. Bilirsiniz ki, həmin sanksiyalar paketində təkcə Azərbaycan məmurlarının Amerikaya girişinin yasaqlanması və yaxud da onların əmlakına həbs qoyulması deyil, daha ciddi məsələlər var. Məsələn, orda bu sanksiyalara digər dövlətləri, xüsusən Avropanı qoşmaq və hümanitar yardımlar istisna olmaqla, Azərbaycana bütün kreditlərin verilməsinin dayandırılması məsələsi də var. Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanın valyuta ehtiyatları tükənməyə doğru gedir, digər tərəfdən də xaricdən kredit ala bilmir. Bu vaxta qədər Azərbaycanın kredit alma limiti pozitiv olsa da, artıq ekspertlər proqnoz verirlər ki, mənfidir. Bu halda da ya Azərbaycana kredit verilməyəcək, verilsə də çox ağır şərtlər qoyulacaq. Bütün bunlar isə onu deməyə əsas verir ki, bütün mənalarda Azərbaycanın vəziyyəti daha da pisləşməyə doğru gedir.
-Deyirsiniz ki, vəziyyət pisləşməyə doğru gedir. Hakimiyyət isə indiyə kimi yığdığı neft pulları hesabına siyasi ömrünü bir qədər də artırmaq istəyir. Bəs, müxalifət bu vəziyyətə nə üçün göz yumur, adekvat addımlar atmır?
-Mən səmimi olaraq belə ifadə etməliyəm ki, müxalifət düşərgəsindəki vəziyyət hazırda qənaətbəxş deyil. Yəni mövcud vəziyyətə adekvat deyil. Uzun illər siyasi partiyalar arasındakı münasibət buna öz mənfi təsirini göstərir. Odur ki, müxalifətin bu məsələdə adekvat və yaxud da yekdil reaksiyası ortada yoxdur. Məsələn, keçən həftə ADP-nin qərargahında böhranla bağlı tədbir keçirildi, Müsavat və AXCP iştirak etmədi. Hər bir partiya böhrandan çıxış yolunu fərqli görür. Düzdür, fərqli düşüncə ola bilər, buna hörmətlə yanaşmaq lazımdır. Amma artıq biz görürük ki, bu gün ölkə sürətlə uçuruma doğru gedir. Bu uçurumun heç olmasa qarşısında durmaq və yaxud ona müqavimət göstərmək üçün siyasi partiyalar öz mövqelərini ortaya qoymalıdır. Mən anlayıram ki, bütün məsuliyyət hakimiyyətin üzərindədir. Amma müxalifətin də burda ən azı mənəvi məsuliyyəti var. Çünki hazırda elə bir tarixi dövrdə yaşayırıq ki... Geopolitik hadisələrə, dünyada baş verən proseslərə nəzər yetirsək görərik ki, burda təkcə Azərbvaycanın iqtisadi baxımdan çöküşündən və yaxud da hakimiyyət dəyişikliyindən söhbət getmir, həm də Azərbaycanın dövlət kimi varlığının təhlükədə olmasından söhbət gedir. Xatırlayırsınızsa, hətta bu yaxınlarda rus politoloqlardan biri belə bir proqnoz vermişdi ki, İlham Əliyevin Azərbaycanda hakimiyyətdə qalması məsələsi artıq vaxt məsələsidir, vəziyyət elə pisləşə bilər ki, Azərbaycan Rusiya ilə İran arasında bölüşdürülə bilər...
- Sizcə, bu, Rusiyanın növbəti təxribatlarından biri deyilmi...?
- Mən buna şübhə etmirəm. Amma bunlar təsadüfi açıqlamalar deyil. Biz nəzərə almalıyıq ki, burda İranın da, Rusiyanın da çox ciddi maraqları var. Və bu məqamı gözləyən dövlətlər var, hansı ki, onlar bu vəziyyətdən sui-istifadə etmək üçün belə desək, pusquda durublar. Onlar istıyirlər ki, Azərbaycanın suverenliyini, müstəqilliyini əlindən aslınlar, ölkəmizi bir dövlət kimi yox etsinlər. Bunu istəyən dövlətlər var. Faktiki şimaldan Rusiya, cənubdan da İran bu istəkdədir. Çünki bu iki ölkə Azərbaycanın müstəqil dövlət kimi var olmasını heç vaxt qəbul edə bilməyiblər. Yəni hazırda vəziyyət o qədər kritikdir ki, burda Azərbaycanın dövlət kimi varlığından söhbət gedə bilər. Bu mənada, əlbəttə demopkratik düşərgədə olan qüvvələrə vahid mövqedən çıxış etməlidirlər. Xüsusən də müxalifət düşərgəsində olan liderlər artıq şəxsi maraqlarını kənara qoymaldırlar. Burda birinci növbədə Azərbaycanın dövlətçilik maraqları olmalıdır.
-Konkret olaraq ADP-nin böhrandan çıxmaq üçün nə kimi təkliflər var?
- Biz son aylar bu məsələni İdarə Heyətində dəfələrlə müzakirəyə çıxarmışıq. Bu böhrandan çıxmaqdan ötrü hökumətə də öz təkliflərimizi vermişik. Biz hesab edirik ki, indiki vəziyyətdən çıxmaqdan ötrü ilk növbədə Azərbaycan hakimiyyəti təxirəsalınmadan iqtidar-müxalifət masasına oturmalıdır, bunu “böhran masası” adlandıra bilərik. Bu masa ətrafına oturub, müzakirə aparılmalıdır.
İkincisi, hakimiyyət ya özündə siyasi iradə tapıb ciddi islahatlara getməlidir, ya da koalision hökumət qurulmaldır, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. Hansı ki, Qazaxıstanda da artıq bu yolla gedilir. Çünki onlar vəziyyətdən çıxamağın yeganə yolu kimi bunu görürlər.
Üçüncü məsələ isə odur ki, beynəlxalq administrasiyanın Azərbaycana buraxılması təmin olunmalıdır.
Biz açıq etiraf etməliyik ki, hazırkı problem elə bunlardır. Birincisi, siyasi idarəçiliyin yarıtmaz səviyyədə olmasıdır. İkincisi, ölkədə hakimiyyətin yarıtmaz idarəçilyi nəticəsində həm parlament nəzarətinin, həm də ictimai nəzarətin məhv edilməsidir. Yəni Azərbaycanda artıq müstəqil QHT yoxdur, müstəqil mətbuatı barmaqla saymaq olar. Bu baxımdan, həm parlament nəzarəti, həm ictimai nəzarət, həm də beynəlxalq nəzarət təmin olunmalıdır.
Fikir verirsinizsə, 2005-ci ildən etibarən Azərbaycan hakimiyyəti davamlı olaraq bu 3 faktorun ortadan qaldırılması istiqamətində öz siyasətini davam etdirib. Baxın, müstəqil QHT-ləri sıradan çıxarmaq üçün QHT-lər haqqında qanunu, müstəqil mətbuatı sıradan çxarmaq üçün mətbuatla bağlı qanunu, beynəlxalq administrasiyanın buradakı fəlaiyyətini məhdudlaşdırmaq üçün mövcud qanunvericiliyi nə qədər mürtəceləşdirib... Nəticədə bu gün burda beynəlxaql administrasiyanı təmsil edən bir dənə də təşkilat görməzsiniz. Halbuki 2005-ci ilə qədər burda Avropa Şurasının, Avropa Birliyinin, ATƏT-in ofisi, eləcə də ABŞ-ın bir neçə QHT-si var idi, bunlar beynəlxalq nəzarəti həyata keçirirdilər. Bunların hamısı vurulub ölkədən çıxarılıb. Ona görə də bütün bu problemlər həll edilmədən, bu vəziyyətdən çıxamaq mümkün deyil. Əksinə, bu hakimiyyət daha da dalana dirənəcək. Bu gün Azərbaycan hakimiyyətinin atdığı addımlar sadəcə ictimai rəyə hesablanmış kosmetik addımlardır ki, guya bunlar hansısa işi görürlər. Bütün bunlar da öz siyasi hakimiyyətlərinin ömrünü uzatmağa mənasız cəhdlərdir. Amma bununla çox uzağa getmək olmaz.
"Hürriyyət"