Bakıda Milli Şuranın mitinqi keçirilib

Bu gün Bakıda müxalif təşkilat olan Milli Şuranın mitinqi keçirilib. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin keçirilməsinə razılıq verilib, Bakı şəhər Baş Polis İdarəsi isə bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.
Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli olub. Milli Şuranın bundan öncəki – oktyabrın 7-də keçirdiyi aksiyada olduğu kimi, bu dəfə də ərazidə internetin sürəti aşağı salınıb. Jurnalistlər və sosial şəbəkə istifadəçiləri aksiyadan canlı yayım verə bilməyiblər.
“Polis, görünür, taktikanı dəyişib. Bu aksiyadan öncə fəallardan heç kim saxlanmayıb”. Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib.
Bununla belə, Nürəddin Məmmədli vurğulayıb ki, rayonlardan aksiyalara gələmək istəyənlərə maneəlar yaradılıb.
“Bu il də Azərbaycanda iqtisadi geriləmə olacaq. İndiyə kimi iqtisadiyyatı iki dəfədən çox kiçildiblər. Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik” – bunu mitinqdə çıxış edən, Milli Şuranın koordinasiya mərkəzinin üzvi, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyib…
Bakı Şəhər Baş Polis İdarəsinin mitinqlə bağlı məlumatında bildirilir ki, oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə dəMüsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
***
Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib.