“Görünür, Allahşükür Paşazadədənin beynindən qucaqda olmaq keçir...” – SƏRDAR CƏLALOĞLUDAN SENSASİON MÜSAHİBƏ

Baxış sayı:
823

 “Moskva Allahşükürə təklif edib ki, hökuməti sən götür, Azərbaycan dövlətinə sən başçılıq et”

“Allahşükür Paşazadə yalan deyir, fətva-falan olmayıb”
 
Azərbaycanın ruhani idarəsinin başçısı ictimaiyyəti təəccübləndirməkdə davam edir. Söhbət bütün Qafqazın şeyxi tituluna sahib olan Allahşükür Paşazadədən gedir. Hansı ki, onun bir neçə il əvvəl “vicdanın nə olduğunu bilmədiyi” ifadəsi də gündəmdə heyrətamiz effekt yaratmışdı. Odur ki, dinin əsasında məhz vicdanın təməl baza olmasını anlamayan, özünün məfhumlar kateqoriyası içində vicdana yer verməyən, vicdanın ona yad olduğunu etiraf edən şəxsin bu vəzifədə nə qədər yararlı və effektli olması məsələsi də hamının beynini uzun illərdir məşğul edir.
 
Son günlərdə isə şeyxin İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejatın pişnamazlığında Şuşa məscidində ibadət etməsi xeyli vətəndaşımızda suallar doğurdu. Daha dəqiq desək, şeyxin Qarabağda 44 günlük Vətən müharibəsindəki ordumuzun, xalqımızın, başda Türkiyə və İsrail olmaqla müttəfiqlərimizin dəstəyi ilə qazanılan qələbəni erməniləri üstümüzə “qısqırdan” fars-şuubiyyə rejiminin təmsilçisi, “Mollandiya”nın baş mollası Ayətullahın fətvasının ayağına yazması ciddi ajiotaja səbəb oldu. İndi bizim baş mollanın Qafqazın “baş şeyxi” kriteriyasına nə qədər yaraması da əsas sualdır.
 
Şeyxin özünə haqq qazandırdığı son müsahibəsində isə Türkiyə prezidenti R.T.Ərdoğanın müşavirinə cavab olaraq, “o adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır”, - reaksiya verməsi ciddi maraq doğurur. Çünki cənab müşavir şeyxin təbiri ilə desək, “deyir ki, İran Ermənistana raket göndərir”. Axı, Ərdoğanın müşaviri sözü İrana deyir, bunun “Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətinə kölgə salması”na nə aidiyyatı var?! Azərbaycan İranın bir əyalətidirmi ki, İrana ünvanlanmış ifadə Azərbaycana tuşlansın? Müşavir deməyib ki, Azərbaycan, ya Türkiyə Ermənistana raket göndərir. Anlayacağınız, şeyxin məntiqi “fontan vurur”... 
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə də şeyximizin “parlaq zəkası ilə” gündəmdə trend olmuş açıqlamasına toxunduq.
 
-Sərdar bəy, sizcə, Allahşükür Paşazadənin Azərbaycanın qələbəsində guya Xomeyninin fətvasının rolunun olduğu haqda açıqlaması nəylə bağlıdır?
 
- Öncə onu deyim ki, Allahşükür Paşazadə bir din xadimi kimi öz funksiyalarını heç vaxt yerinə yetirə bilməyib. Bu günə qədər Azərbaycan xalqı bu adamın ağzından nə şəri məsələlərlə, nə ayələrlə, nə də din tarixi ilə bağlı bir kəlimə söz eşitməyib. Halbuki o da daxil olmaqla, bundan əvvəlki və sonrakı şeyxülislamlar da ümumilikdə Azərbaycan müsəlmanlarının dini inancları ilə bağlı suallarını aydınlaşdırmaq funksiyalarını yerinə yetirməlidirlər. Bu, onların bir nömrəli vəzifəsidir. “Şeyx” sözünün mənası uzunmüddətli dində olan adamı bildirir. Bu baxımdan, onlar başqalarından daha təcrübəli, daha bilikli olurlar.
 
Digər tərəfdən, onun təmsil olunduğu idarə bütünlükdə Qafqaz müsəlmanlarına rəhbərlik edir. Amma təəssüf ki, bu adamın ağzından bir dənə də olsun dinlə bağlı icra işi, xalq arasında maarifləndirmə və s. eşitməmişik. Bundan başqa, 44 günlük müharibə vaxtı erməni keşişləri əllərində silah gəlib erməni ordusunda vuruşurdu, Allahşükür başda olmaqla, bizim din xadimlərimiz isə bu müharibədə çıxıb xalqımızı müharibəyə həvəsləndirmək, Allahın, Quranın bu məsələyə necə baxması haqda bir kəlimə də demədilər. Adamlarımızı cihada səsləmədilər.
 
-Ümumiyyətlə, onların səsi heç eşidilmədi...
 
-Bəli, eşidilmədi. Eləcə də müharibənin gedişində İran tərəfindən dəfələrlə Ermənistana silah, ərzaq gətirilməsi və s. barədə çoxlu faktlar var idi. Bu faktlardan Azərbaycan hökumətində də var. Bu faktlardan beynəlxalq təşkilatlarda da var. Heç İran özü də bunun danmır. İranın özü deyir ki, biz Ermənistanla qardaşıq və onlarla əlaqələrimizi poz bilmərik. Yəni İran özü bunu danmaya-danmaya Allahşükür İranın əvəzindən danışır ki, guya o ölkə Ermənistana qarşı Azərbaycanla birgə vuruşub.
 
- Sizcə, Allahşükür Paşazadə bununla nəyə nail olmaq niyyətindədir?
 
- Burada əsas məsələ nədir? Birincisi, Allahşükürün özünün İranla çox ciddi iqtisadi əlaqələri var. İkincisi, Azərbaycanda Türkiyənin nüfuzunun artması, Azərbaycan-Türkiyə əlaqələrinin yaxınlaşması Allahşükürü olduqca narahat edir.
 
-Hansı baxımdan narahat edir?
 
-O baxımdan narahat edir ki, o, türkləri sevmir. Vaxtilə Elçibəy də ona demişdi ki, sən türkləri niyə təhqir edirsən? Əlikram Hümbətov separatçı “Talış-Muğan Respublikası” yaradanda Allahşükür əsas rəhbərlərdən biri idi və o, türklərə qarşı açıq-açığına çıxış edirdi. Xüsusən, indiki Türkiyədən gələn türklərə qarşı açıq şəkildə çıxış edirdi ki, nəyə görə türklər buraya gəlməlidir, bunlar haradan çıxdı, bunlar kimdir və s. Belə bir mövqeyi vardı. Baxı,n görün bu Rusiyaya nə qədər bağlıdır. Yəni Allahşükür Azərbaycandan başqa bütün dövlətlərə bağlıdır. O vaxt Allahşükür özü deyirdi ki, “90-cı illərdə mənə təklif etdilər ki, Ayaz Mütəllibov gedəndən sonra hakimiyyəti sən götür”. Buna sual verilmir ki, sən o dairələrlə niyə o əlaqələri saxlayırdın...
 
-Sizcə, həmin təklif kim tərəfindən olunmuşdu: İran, yoxsa Rusiya tərəfindən?
 
-Moskva tərəfindən. Moskva Allahşükürə təklif edib ki, hökuməti sən götür, Azərbaycan dövlətinə sən başçılıq et. İstər-istəməz sual doğur: necə olur ki, sənin Rusiyanın Azərbaycanda siyasi hakimiyyət məsələləri ilə məşğul olan adamları ilə əlaqələrin var? Onlar səni haradan tanıyırdılar? Nəyə görə sənə təklif edirdilər? Bir din xadimi olaraq buna necə cəsarət etmisən? Deməli, sən onların işçisi olmusan. Azərbaycan mətbuatında da onun Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin polkovnik rütbəli əməkdaşı olması haqda məlumatlar vardı. Sonralar Rusiya patriarxı çıxış etdi ki, o vaxtlar sovet hökumətində bizim vəzifəmizə görə hamımız DTK-da qeydiyyatdan keçmişdik, ora hesabat verirdik. Yəni, bu baxımdan, SSRİ-də bütün din xadimləri, o cümlədən Allahşükür Paşazadə də SSRİ DTK-nın əməkdaşları olublar.
 
- Görünür, SSRİ dağılanda da oradan qopmayıb...
 
- Görünür. Putinə olan sədaqəti də bununla bağlıdır. Putin də prezidentliyə DTK-dan gəlib. Yəni o da, Allahşükür Paşazadə də DTK-nın işçisi olduğuna görə, ola bilsin ki, o vaxtdan aralarında əlaqə olub. Putinə sədaqət məsələsi də bununla bağlıdır. Faktiki olaraq Alahşükür Paşazadə Azərbaycandan başqa, İran və Rusiya maraqlarını burada çox qabarıq şəkildə təmsil edən bir adamdır, özü də monopolistdir. Azərbaycanda qiymətlərin qaldırılması və s. ilə əlaqəlidir. Ətrafındakı adamlardan birinə soğanı tapşırır, birinə sarımsağı, birinə xalçanı və onlardan “dolya” alır. Düşünün ki, İtaliyadan adam gətirib evinin divarlarında İtaliyasayağı mələk şəkilləri çəkdirir. O, belə bir adamdır.
 
- Hansı ki, islamda bu qadağandır.
 
- Bu adamın islama dəxli yoxdur.
 
-Siz də qeyd etdiniz ki, müharibə dönəmində İranın Ermənistana kömək etməsinə dair kifayət qədər sübutlar var. Belə anlaşılır ki, Allahşükür Paşazadə indi fətva məsələsilə İranın “əl-üzünü” yuyur.
 
- Bunu iranlıların özləri də qeyd edir ki, biz Ermənistanla dostuq, düşmən deyililk. O, yalan deyir, fətva-falan olmayıb. İkincisi, onsuz da BMT və bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Xamneyinin Qarabağın Azərbaycanın olmasını deməsi nəyi dəyişir ki? Zatən Qarabağ Azərbaycanındır. BMT-də belə qəbul olunub.
 
O ki qaldı burada ölənlərin şəhid olmasını deməsinə, din xadimlərini fətvası ilə şəhid elan olunmur və Allahdan başqa heç kəs kimin şəhid olduğunu, ya da olmadığını bilmir. Allah bilir ki, onu şəhid kimi, ya başqa cür qəbul edəcək. Quranda da açıq yazılıb ki, vətənini qoruyan, onun uğrunda mübarizə aparan hər bir adam şəhiddir.
 
- Belə bir söz də var ki, vətəni sevmək imandandır...
 
- Əlbəttə, Allahın əmri var ki, sərhədlərinizi qoruyun. Tutaq ki, mən vətənin sərhədlərini qoruyanda şəhid olmuşam. Şəhid deyiləm? Allahın əmrini yerinə yetirmişəm də. Quranda ayrıca ayə var: “sərhədlərinizi qoruyun”. Əslinə baxsan, Allahşükür o qədər savadsız, qabiliyyətsiz adamıdr ki, bununla İranı da hədəfə qoydu. Onsuz da camaat arasında Ermənistana dəstək verməsi ilə bağlı İrana qarşı mənfi münasibət var idi. Bu yalanı da deməklə bir daha İrana qarşı nifrəti artırdı.
 
- Sərdar bəy, sizcə, bu fətva açıqlaması onun şəxsi təşəbbüsü idi, yoxsa İranın sifarişi idi?
 
-Kadra baxsaq görərik ki, Paşazadə Ocaq Nejadın, İran səfirliyinin əməkdaşlarının qarşısında çıxış edib. Yəni əslinə baxsan, Paşazadə onlara mesaj verir ki, mən burada İranın maraqlarının təmsilçisiyəm...
 
- Yəni “mən İranın maraqlarını təmsil edirəm, siz də məni qoruyun”?
 
-Təbii. İranla onun ticari maraqları var. Onun deməsi ki, “mən kiminsə qucağında olmamışam”, əvvəla bu ifadə din xadimi üçün deyiləsi deyil, çox biabırçı ifadədir. Amma görünür ki, qucaqda olmaq onun beynindən keçir ki, dilinə gəlir.
 
-Belə desək, dünənə qədər Putindən mükafat alan Paşazadə indi Xamneyinin “ətəyində gəzir”...
 
-O, Putindən qopmayıb, heç vaxt da qopmaz. Zatən Azərbaycan məsələsində Rusiya ilə İranın mövqeyi üst-üstə düşür. Ona görə də Rusiyaya xidmət edəndə elə İrana da xidmət edir, İrana xidmət edəndə də Rusiyaya xidmət edir. Hər ikisi də bir yerdə Ermənistana xidmət edir.
 
-Bəs, sizcə, illərdir Azərbaycanı parçalamağa çalışan, hətta bu səbəbdən bir müddət buradan qovulmuş Ocaq Nejadın Şuşa məscidində namazda imam durması onu deməyə əsas verirmi ki, Paşazadəni idarə edən odur?
 
-Mən dəfələrlə Ocaq Nejadla Allahşükürü bir yerdə görmüşəm, namaz da qılmışam. Həmişə də Ocaq Nejad qabaqda durub, Allahşükür də onun arxasında.
 
-Yəni bu, birinci dəfə deyil?
 
-Yox. Həmişə Allahşükür Ocaq Nejadın arxasında durub.
 
- Bu o deməkdirmi ki, faktiki olaraq Allahşükürü Ocaq Nejad idarə edir?
 
-Faktiki olaraq, Allahşükür Ocaq Nejadı özündən dini cəhətdən üstün bir adam kimi qəbul edir. Halbuki Qafqaz şeyxülislamı istənilən ayətullahın məqamından böyük məqamdır. Çünki burada təkcə dini yox, həm də idarəetmə məsələsi var. Məsələn, Ocaq Nejadın heç bir idarəetmə səlahiyyəti yoxdur. O, ancaq Xamneyinin Azərbaycan üzrə elçisidir. Paşazadə isə sünni-şiə olmaqla, bütün Qafqaz müsəlmanlarının rəhəridir. Rəhbər olaraq gedib kiminsə nümayəndəsinin arxasında namaz qılmaq bütün müsəlmanların heysiyyatı ilə oynamaq deməkdir. Yalandan deyirlər ki, Ocaq Nejad hüccətülislamdır. Allahşükür də 30 ildir tarix elmləri doktorudur, guya din sahəsində kitabları var, tərcümələr edib, qoy getsin hüccətülislam statusu alsın, kim ona mane olur. Zatən bizim bundan əvvəlki şeyxülislamlarımızın hamısı hüccətülislam idi. Onlar o vəzifəni əldə etmişdilər. O, dinlə məşğul olmadığına görə, dini dərəcəsi yoxdur, tarix elmləri doktorudur.
 
-Sərdar bəy, prezident İlham Əliyev istər 44 günlük müharibə dönəmində, istərsə də savaşdan sonrakı dövrdə İranın Ermənistana köməyini açıq şəkildə ifadə etdi. Eləcə də prezidentin müşaviri Hikmət Hacıyev. Bunlara rəğmən, A.Paşazadənin prezident və köməkçisinin bu açıqlamalarını inkar etməsi, “Azərbaycan prezidentinin, onun köməkçisi  Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb”, yaxud “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram” kimi ziddiyyətli ifadələri nə anlama gəlir?
 
-O anlama gəlir ki, Paşazadə həm də Azərbaycan dövlətinin rəhbərini saymır.
 
- Bu, şantaj sayıla bilərmi?
 
-Şantaj yox, sadəcə olaraq İrana və dünyaya mesaj verir ki, mən də burada “bir siyasi gücəm”, İlham Əliyevdən fərqli düşünürəm.    
 
- Yəni “İranı təmsil edən siyasi gücəm”?
 
- İranı, Rusiyanı, Azərbaycanın düşmənlərini.
 
-Yeri gəlmişkən, prezident Ərdoğanın müşavirinin İranın Ermənistana silah göndərməsi ifadəsinə də münasibət bildirərkən, Paşazadə deyib ki, “Axı, sənin sübutun varmı?. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm,  bunu hardan götürmüsən”.
 
-Necə sübutu yoxdur?! Serbiyadan minamyotlar İran vasitəsilə Ermənistana gətirilib. Prezident özü açıqladı ki, peyk vasitəsilə izləyirik, Xankəndini, Laçın dəhlizini izləyirik, xarici ölkələrin maşınları Ermənistanın yol nişanları ilə oraya gəlirlər. Xarici ölkə kimdir? Gürcüstanla Ermənistanın belə əlaqələri yoxdur, Türkiyə ilə də yoxdur. Ermənistanın yeganə quru yolu İranladır. Prezident kim nəzərdə tutur? İndi İran deyilmir, ona görə ki, siyasi baxımdan prezident istəmir İranla münasibətlər korlansın. Görünür, diplomatik kanallarla İrana mesaj verirlər ki, yığışdırın bu hərəkətləri. Hətta Paşazadə deyir ha, “mən şəkillərə inanmıram”, bəs sən gözünlə gördüyünə inanmırsan, prezident deyirdi axı, xarici ölkələrin maşınları Ermənistan nişanları ilə Qarabağa gəlir, biz də buna demişik ki, belə olmaz. Prezident hansı xarici ölkəni nəzərdə tutur?
 
-Üstəlik, Paşazadə belə bir ifadə də işlədir ki, onu məhkəməyə də verə bilərik.
 
-Deyəsən Allahşükürün Serbiyadan gətirilən minamyotlara dair cinayət işindən xəbəri yoxdur. Həmin cinayət işindən məlumdur ki, Eldar Həsənovun vaxtında minamyotlar Seribayadan gətirildi Qazaxıstana, Qazaxıstandan İrana və İrandan da Ermənistana. Qoy versin məhkəməyə. Üstəlik də ki, Paşazadə niyə onu məhkəməyə verir ki?! Ərdoğanın müşaviri İranı Ermənistana silah ötürməkdə ittiham edir, sən niyə düşmüsən ortalığa? İranın vəkilisən, İranın təmsilçisisən? “Onu biz məhkəməyə verə bilərik” deyəndə “biz” adı altında kimi nəzərdə tutur? Bu şəxs artıq özünü Azərbaycan vətəndaşı kimi yox, İran vətəndaşı kimi, İranın məmuru, İranın təmsilçisi kimi aparır. O adam İran haqqında bu sözü deyir, İran onu məhkəməyə verə bilər. Sən kimsən? İranın burada vəkilisən? Açıq-açığına görünür ki, bu şəxs Azərbaycan dövlətinin maraqlarından çox, İranın maraqlarını güdür.
 
- Bir az əvvəl qeyd etdiyim kimi, Allahşükür Paşazadə bir müsahibəsində “vicdanın nə olduğunu bilmədiyini” demişdi. Din isə birbaşa vicdanla bağlıdır. Vicdanın nə olduğunu bilməyən adamın dini məsələlərə rəhbərlik etməsi nə qədər doğrudur?
 
-Beynəlxalq hüquqda dini azadlıq vicdan azadlığı ilə bir tutulur. Qurani-Kərimdə də var. Bəqərə surəsində buyurulur ki, dində məcburiyyət yoxdur. Sonra isə hər şey insanların öz öhdəsinə buraxılır. Bu öz öhdəsinə buraxma vicdanına buraxmadır. Yəni bir adamın dini qəbul edib-etməməsi onun vicdanı ilə bağlıdır. Ona görə vicdan azadlığı məfhumu da var. Vicdan azadlığı daxili seçim azadlığıdır. Quranda, Bəqər surəsində də dində məcburiyyətin olmaması bu deməkdir, yəni könüllülükdür. Könüllü də nəyə əsaslanmalıdır, vicdanın səsinə görə qərar verməlidir. Allahşükür Paşazadə də vicdanın nə olduğunu bilmirsə, bu, o deməkdir ki, onun Qurandan, dindən xəbəri yoxdur. Zatən xəbəri yoxdur. Mən onu dəfələrlə çağırmışam ki, gəl Qurani-Kərimlə bağlı TV-də debata çıxaq, hər hansı ayəni şərh edək. Yalnız Quranla bağlı, məzhəb, təriqət söhbəti ilə deyil. Mən inanıram ki, o, Qurandan bir ayəni belə izah edə bilməz.
 
- Bəs bu adamın dini idarəyə rəhbərlik etməsi nə dərəcədə doğrudur?
 
- O, sovet hökumətinin vaxtında DTK-nın işçisi olduğuna görə bu idarəyə təyin ediblər.
 
-Bəs, hazırda bu şəxsin həmin idarədə baş vəzifədə qalmasının yeri varmı?
 
-Əslində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərir. Niyə? Çünki bizim konstitusiyaya görə, xarici dövlətlərin üzvləri Azərbaycan təşkilatına üzv ola bilməz. Qafqaz müsəlmanları qurumu nə deməkdir? O deməkdir ki, Dağıstan, Çeçenistan müsəlmanları da burada təmsil olunmalıdır. Onlar haradadır - Rusiyada. Deməli, Azərbaycanda olan bir qeyri-dövlət təşkilatı başqa bir dövlətin vətəndaşlarını özünə üzv qəbul edir. Bu, açıq-açığına konstitusiyaya ziddir. Yeganə Qafqaz Müsəlmanları İdarəsidir ki, xarici dövlətlərdə də onun nümayəndələri var.
 
-Bu idarənin ləğvi gərək deyilmi?
 
-Zatən bu qurum anti-konstitusiondur və onu Konstitusiya Məhkəməsi ləğv etməlidir. Azərbaycanda keçmiş SSRİ-dən qalmış yeganə institut budur. Qafqaz Müsəlmanları İdarəsi çarın əmrilə yaradılıb, hətta o vaxt əmrdə yazılıb ki, müsəlmanların da idarə edilməsini pravoslavların idarə edilməsinə oxşatmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti ilə rus pravoslav idarəetməsi arasında heç bir fərq yoxdur. Bu da bizə ziddir. Müsəlmanların idarəetməsi ilə xristianların idarəetməsi eyni ola bilməz axı. Faktiki olaraq müsəlmanlar xristianlar kimi idarə olunub və bu adam da sovet hökumətinin vaxtında oraya qoyulub. Bu təşkilat da sovet hökumətindən əvvə çar Rusiyasının vaxtında yaradılıb, ruslara xidmət edən ən qədim bir təşkilatdır. Bu qurum dərhal ləğv olunmalıdır və konstitusiyaya zidd olduğuna görə cinayət işi qaldırılmalıdır. Nəyə görə Vergilər Nazirliyi, Korrupsiyaya Qarşı Müqbarizə İdarəsi Qafqaz Müsəlmanları İdarəsində araşdırma aparmır? Mənə vaxtilə bu idarədə işləyib, sonra partiyamıza gəlmiş bir şəxs demişdi ki, orada çox böyük yeyintilər var, məni də məcbur edirdilər ki, həccə gedənlərdən pul al, mən imtina etdim, məni qovdular. O qurumda çox nəhəng korrupsiya var. Vergidən yayınmalar var, bir çox iş adamları onların adı ilə ölkəyə vergidən azad şəkildə mal gətirir. Bunların hamısı yoxlanılmalıdır. Yoxlanılsa, orada milyardlarla yeyinti aşkar olunacaq. Məscidlərdən gələn nəzir pulları hara gedir, həccə gedənlərin pulları hara gedir, dövlətin məscidlərin təmirinə ayırdığı pullar hara gedir və s. Hamısı Allahşükür Paşazadənin cibindədir. Orada çox nəhəng cinayətkar şəbəkə fəaliyyət göstərir. Hər şeyi bir kənara qoyuram, orada konkret dövlətə külli miqdarda iqtisadi ziyan vurulur.
 
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az