“İSLAM DÜNYASI İSRAİLƏ QARŞI SƏFƏRBƏR OLMALIDIR...” – “Məscidi-Aksa məsələsi həm də Azərbaycanın daxili işi kimi dəyərləndirilməlidir”

Baxış sayı:
473

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə son günlər məğlubiyyət acısı yaşayan Ermənistanın revanşist davranışından doğan əsassız yersiz iddialar qaldırması, vaxtı ilə Azərbaycana məxsus “Qaragöl” ərazisinin guya onlara məxsus olması barədə qaldırdığı məsələlərə münasibət bildirib. Qeyd olunub ki, Ermənistanla sərhəddə yerləşən bu ərazi Azərbaycanın yuridiksiyasına daxil olan ərazidir və bu fakt beynəlxalq sənədlərdə, topoqrafik məlumatlarda öz əksini tapmışdır. Azərbaycan heç bir şərt daxilində bu ərazilərdən vaz keçə bilməz və ordumuzun həmin istiqamətdə tutduğu mövqeni tam dəstəkləyir.
İdarə Heyəti Şuşada keçirilən “Xarıbülbül” festifalının tarixi ərazilərimizə, mədəniyyət beşiyimizə qayıdış olaraq dəyərləndirməklə, bu tədbirin eyni zamanda bir siyasi aksiya olduğuna diqqət çəkib və hakimiyyəti qısa zaman kəsiyində Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı, vətəndaşlarımızın dinc yaşaması, təhlükəsizliyinin təmin edilməsi sahəsində təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son günlər İsrayıl-Fələstin qarşıdurmasının misli görünməmiş gərginlik fazasına daxil olmasından, hər iki tərəfdən insan tələfatından və yaralanması faktından ciddi narahat olduğunu bildirib. Qeyd olunub ki, İsrayıl ilə Azərbaycan arasında yaxın dostluq, əməkdaşlıq, hərbi sahədə əməkdaşlıq olmasına baxmayaraq, adı çəkilən dövlətin Fələstinə qarşı aqressiv davranışını, Məscidi-Aksaya hərbi hücumunu qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları İsrayılın işğalçılıq siyasətinə, müsəlmanların ikinci müqəddəs məbədi olan Məscidi-Aksaya hücum etməsinə son qoymağa və Fələstinin BMT qətnaməsi ilə dövlət yaratma hüququnun qorunması üçün bütün təsirli tədbirləri işə salmağa çağırıb. İdarə Heyəti hesab edib ki, Məscidi-Aksa məsələsi təkcə iki dövlət arasında olan insidentdən çox, bütün dünya müsəlmanlarının, o cümlədən Azərbaycan müsəlmanlarının daxili işi kimi dəyərləndirilnməli, bu ədalətsiz hərbi hücumların qarşısının alınması üçün İslam dünyası səfərbər olmalıdır.
 
Muxalifet.az