OLİQARX MEHRAC BABAYEVİN QALMAQALLI XƏSTƏXANA TİKİNTİSİ - Məmur rüşvətə görə həbs olundu

Baxış sayı:
572

Rusiyanın Nijnevartovsk şəhərində “Əsaslı Tikinti İdarəsi” dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə həbs edilib. Bu haqda “Kommersant” yazır. Oxucularda dərhal sual yarana bilər - axı Rusiyanın hansısa ucqar şəhərində hansısa xırda məmurun rüşvətə görə həbs edilməsi Azərbaycan oxucuları üçün niyə maraqlı olmalıdır? Axı heç Azərbaycanın özündə hansısa xırda məmurların az qala hər gün baş verən həbsləri maraq doğurmur.

Lakin Nijnevartovskdakı həbsin maraqlı tərəfi var, çünki həbs edilən həmin Aleksandr Makarikov azərbaycanlı tikinti maqnatı və biznesmen Mehrac Babayevin şirkətinin podratçı olduğu xəstəxana tikintisi layihəsinə görə rüşvət alıb. 

Aleksandr Makarikov

Bildirilir ki, Makarikov şəhərdə dövlət tibb müəssisəsinin tikintisinə dair müqavilənin bağlanması zamanı “kommersiya firmasının maraqlarının təmin edilməsi” üçün qanunsuz mükafat alıb və daha sonra həmin müqavilənin həyata keçirilməsinə imkan yaradıb. “Hazırda istintaq Aleksandr Makarikovun və digər şəxslərin qanunazidd fəaliyyətlərinin digər epizodlarını müəyyənləşdirməyə yönəlmiş tədbirlər həyata keçirir”, - məlumatda deyilir. İşin istintaqını Rusiya İstintaq Komitəsinin regional idarəsi aparır.

Makarikovun rüşvət aldığı tikinti layihəsi - Nijnevartovsk şəhərində 1 100 yerlik dövlət xəstəxanasının tikintisi isə düz 11 ildir davam edir. Tikintinin podratçıları Mehrac Babayevin “Verso Monolit” şirkəti və Razim Abasovun rəhbərlik etdiyi “Monolit Holding” -in tərkibinə daxil olan “Monolitstroy” şirkətidir. “Əsaslı Tikinti İdarəsi” isə Rusiya prezidenti Administrasiyasının İşlər İdarəsinin tabeliyindədir, idarənin regional filialının direktoru Aleksandr Makarikov Putinin vaxtilə elan etdiyi milli layihələrdən biri olan həmin böyük xəstəxananın tikintisini kurasiya edirdi.

 

Yarımçıq qalmış tikinti

Bir neçə həftə əvvəl Xantı-Mansiysk Muxtar Vilayətinin qubernatoru Natalya Komarova tikinti sahəsinə baş çəkib, tikintinin 76 faiz tamamlandığını və obyektin təhvil verilməsinin bu il də baş tutmayacağını bildirib.

2021-ci il oktyabrın 21-də isə mətbuat yazıb ki, Federal Təhlükəsizlik Xidməti tikintisi artıq 11 ildir tamamlanmayan Nijnevartovsk Mərkəzi Vilayət Xəstəxanası ilə bağlı yoxlamalara başlayıb. Belə ki, tikintinin dəyəri əvvəlcə elan edilən qiymətlə müqayisədə 7 dəfə artıb. (Hazırda obyektin smeta dəyəri 2.34 milyard rubl göstərilir). Situasiya ilə tanış olan mənbə ZNAK.com saytına bildirib ki, “obyektin tikintisi zamanı cinayətkar maliyyə sxemlərinin qurulmasına dair əlavə əməliyyat məlumatları daxil olub”, bununla bağlı FTX əməkdaşları yoxlama aparmaq üçün obyektə gediblər. Maraqlıdır ki, həmin yoxlama qubernator Komarovanın ad gününə təsadüf edib.

 

Digər tərəfdən, podratçılardan  birinin -“Verso-Monolit” MMC şirkətinin müflis elan edilməsi barədə kreditorlar tərəfindən məhkəmə iddiası qaldırıla bilər. Belə ki, bir neçə həftə əvvəl Permdə yerləşən istehsalat firması “Kitmarket” Xantı-Mansiyskdə yerləşən həmin şirkətin müflis elan edilməsi üçün arbitraj məhkəməsinə müraciət etməyə hazırlaşdığı barədə rəsmi xəbərdarlıq göndərib. Habelə Yuqra şəhərinin dövlət əmlakının idarə edilməsi Departamentinin nəzarətində olan “Xidməti binaların istismarı üzrə Direksiya” idarəsi də Mehrac Babayevin şirkətinin ödəmə qabiliyyətini itirdiyini və onun müflis edilməsi üzrə iddia qaldıra biləcəyini bildirir.

 

Mehrac Babayev

Oktyabrın 11-də isə vilayət Arbitraj məhkəməsində “Sberbank”ın “Verso-Monolit” MMC şirkətinə qarşı kredit borcunun ödənilməsi tələbi ilə qaldırdığı iddia üzrə növbəti məhkəmə olub. Qeyd edək ki, “Verso-Monolit” Mehrac Babayevin sahibi olduğu “Verso-Holding”in tərkibinə daxildir.

“Monolitstroy” şirkəti isə “ Monolit-Holding”in tərkibində yer alır, həmin holdinqin idarə heyətinin sədri Abasov Razim Məhərrəmoviçdir, müavin isə onun oğlu Kazım Abasovdur. Bu şirkətə də kreditorlar tərəfindən son bir ildə 339 milyon rubl ödənilməmiş borc iddiası irəli sürülüb. Şirkət Krasnoyarsk vilayətində də bir neçə obyektin tikintisini yarımçıq qoyub. Bu baxımdan “Monolitstroy” şirkətinə qarşı da müflisləşmə üzrə iddia qaldırılması istisna deyil.

 

Razim Abasov

Qeyd edək ki, Mehrac Babayevin adı Bakıda “Jurnalistlərin binası işi”ndə də hallanır. Həmin binaların tikintisi üzrə podratçı Əli Həsənovun ailə üzvlərinə məxsus “Portos” MMC şirkəti olub, lakin podratçı şirkət tikinti işlərini Mehrac Babayevə həvalə edib. İstintaq materiallarına əsasən iki binanın tikintisi zamanı 18 milyon manata yaxın vəsait mənimsənilib. Hazırda bu iş üzrə qalmaqallı məhkəmə prosesi gedir, müttəhimlər kürsüsündə isə KİVDF-in direktoru olmuş Vüqar Səfərli və digərləri oturublar./virtualaz.org