“PAŞAZADƏ XALQIN NİFRƏTİNİ QAZANDI...” - “Haber Global”ın reportajı / VİDEO

Baxış sayı:
838

“Şəhidlərin, qazilərin qanı ilə Qarabağda qazanılan zəfərə bütün dünya şahid oldu. Bu zəfərdə Azərbaycanın yanında Türkiyə var idi. Azərbaycanın digər qonşusu İran isə tam əks mövqe nümayiş etdirmişdi. İndi isə heyrətləndirici bir vəziyyət yaranıb. Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri hər şeyi unudaraq İrana təşəkkür edib. Azərbaycan xalqı isə buna kəskin reaksiya verib”.

Bu fikirlər Türkiyənin “Haber Global” televiziyasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qalmaqal doğuran “İrana təşəkkür” açıqlaması barədə hazırladığı süjetdə səsləndirilib.

Materialda Allahşükür Paşazadənin açıqlaması absurd adlandırılıb və bir çox faktlarla sübuta yetirilib. Sual olunur ki, Azərbaycan əsgərinin cəbhədə qanı ilə canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Ümumiyyətlə şeyxin bəhs etdiyi fətva barədə heç bir yerdə məlumat olmadığı vurğulanan materialda, yalnız noyabrın 4-də İran Prezidenti Həsən Ruhaninin iş-işdən keçəndən sonra, müharibə qalib və məğlub bəlli olduqdan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama verdiyi vurğulanıb.

Şeyxin xalqı, dövləti və Prezidenti ilə Azərbaycanın yanında dayanan Türkiyəni, İranla tərəzinin eyni gözünə qoymaq cəhdinə Azərbaycan xalqının kəskin reaksiya verdiyi bildirilən süjetdə, Tehranın uzun illər apardığı ermənipərəst siyasət ifşa olunur. İran tərəfindən işğal illərində Qarabağdakı separatçılarla iqtisadi əlaqə quran şirkətlərin, maliyyə əməliyyatları aparan bankların siyahıları təqdim olunub.