Sarkisyan Ermənistandakı mitinqlərlə nəyi hədəfləyib? – TƏHLİL

Hakimiyyət düşünür ki, Rusiyanı aldada biləcək və nəticədə Kreml Azərbaycana silah satmaqdan vaz keçəcək...
 
Bu gün Ermənistanın paytaxtında Rusiya əleyhinə etiraz aksiyası keçiriləcək. İlk baxışda normal insan düşünür ki, bu etirazlar Qarabağ cəbhəsində Ermənistan ordusunun aldığı zərbə və məğlubiyyətin hədəfi olaraq Sarkisyan hakimiyyətinə qarşı olacaq. Ancaq Sarkisyanın hərbi xuntasının rəhbərlik etdiyi Ermənistanda hər şey normal olmadığı kimi, etirazlar da normal və səmimi deyil.
Bu dəfə etirazların hədəfi Rusiya olacaq. Aksiyaçılar Rusiyanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışını davam etdirəcəyi barədə mövqeyinə etiraz edəcəklər.
Etiraz aksiyası saat 18.30-da İrəvanın Azadlıq meydanından başlayacaq və Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq.
Erməni mediasının verdiyi məlumata əsasən, etirazçılar Rusiyadan hərbi-siyasi müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirməsini, Azərbaycana silah satışını dayandırmasını tələb edəcəklər. Əgər bu tələblərə əməl olunmasa, o zaman erməni cəmiyyətində Rusiyanın müttəfiq olmadığı, eyni zamanda Ermənistanın da müttəfiq kimi öhdəliklərinin qalmadığına birdəfəlik əminlik yaranacaq.
Ermənilərin iddiasına görə, “Uzun illər boyu Rusiya Azərbaycana 5 milyard dollarlıq silah və döyüş sursatı, o cümlədən kütləvi qırğın silahlarından olan “Смерч” və ТОС-1А “Odsatan” satıb. Eyni zamanda iddia olunur ki, ABŞ, Fransa və bir sıra digər ölkələr guya Azərbaycana silah satmaqdan imtina edib. Ermənilərin fikrincə, əslində bu cür yalançı arqumentlər törədilmiş cinayətə görə məsuliyyətdən qaçmaq üçündür.
Bu günkü etirazın leytmotivinə baxıb, erməni toplumuna “heyran” olmamaq mümkün deyil. Bu qədər rəvan, təşkilati cəhətdən “mükəmməl” və sığallı etirz yalnız ermənilərin ağlına gələ bilər. Sarkisyan hakimiyyəti bununla düşünür ki, Rusiyanı aldada biləcək və nəticədə Kreml Azərbaycana silah satmaqdan vaz keçəcək.
Əslində burada Sarkisyan hakimiyyətinin hədəfi nə Rusiya, nə də onun gələcəkdə Azərbaycana silah satması ilə bağlı deyil. Çünki buna ermənilərin etirazı ilə əngəl ola bilməyəcəyini ən gözəl bilən elə məhz Sarkisyanın özüdür. Çünki bu proses Rusyanın dövlət maraqları kontekstində baş verir və 100 erməni dövləti ola, buna mane ola bilməz. Ona görə də burada məqsəd bu deyil.
Burada əsas hədəf Ermənistan ictimai qəzəbinin hakimiyyətə deyil, Rusiyanı əsas səbəbkar, düşmən göstərməklə ona qarşı yönləndirilməsidir. Və etiraz mitinqinin bu qədər təşkilati, ideoloji hədəfli və sığallı olması da göstərir ki, nümayiş məhz Sarkisyan hakimiyyəti tərəfindən təşkil olunub.
Bununla Sarkisyan hakimiyyəti erməni toplumunu bir fikirdə konsalidə etmək istəyir. Əgər mövcud iqtidar ətrafında birləşmək mümkün deyilsə, heç olmazsa, Rusiyanı düşmən göstərməklə məhz bu ideoloji üzərindən erməni toplumunu vahid fikirdə toparlamağı hədəfləyir.
Əslində Sarkisyanla Ter-Petrosyanın görüşməsinin bir səbəbi də toplumda gərginliyi azaltmaq və Qarabağın qorunması ideologiyası ətrafında toparlanmasına xidmət edirdi. Amma göründüyü kimi, bu məqsədə nail olunmadı. Çünki Ermənistan toplumu bu gün cəbhədə ölmüş və itkin düşmüş oğullarının hayındadır və bütün faciələrə Sarkisyan hakimiyyətinin Qarabağ oyununun yol açdığığı inancındadırlar. Məhz bu səbəbdən də hakimiyyətə ictimai dəstək olmayınca onun Qarabağ cəbhəsində və danışıqlar masası arxasında mövqelərinin zəif olacağını Sarkisyan anlamamış deyil. Ona görə də Sarkisyan hakimiyyəti beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün antiRusiya etirazları təşkil etməklə hakimiyyətin cəmiyyət tərəfindən dəstəkləndiyi, xalqın Qarabağ ətrafında konsalidə olduğu görüntüsünü yaratmaq istəyir.
 
Natiq Miri