Son ümid: günahsızlığımı sübut etmək üçün cəmiyyətə müraciət

Baxış sayı:
801

Mən illərdir tək bir məqsəd uğrunda mübarizə aparıram – günahsız olduğumu sübut etmək və adımı üzərimə vurulan haqsız ləkədən təmizləmək. Bu illər ərzində döymədiyim dövlət qurumunun qapısı, yazmadığım müraciət, etmədiyim şikayət demək olar ki, qalmayıb. Hüququn və ədalətin qalib gələcəyinə inanaraq bütün qanuni vasitələrdən istifadə etdim. Lakin hər dəfə eyni səssizlik, eyni laqeydlik və eyni təzyiqlə qarşılaşdım.
2015-ci ildə heç bir təqsirim olmadığı halda cinayət məsuliyyətinə cəlb olundum və uzun illər azadlığımdan məhrum edildim. Mənə qarşı irəli sürülən ittihamların əsaslı sübutlarla təsdiqlənmədiyini dəfələrlə bildirsəm də, səsimi eşidən olmadı. Həbsdə olduğum müddətdə fiziki və mənəvi işgəncələrə məruz qaldım, ailəmlə əlaqələrim məhdudlaşdırıldı və hüquqlarımı müdafiə etmək cəhdlərim nəticəsiz qaldı.
2022-ci ildə şərti olaraq azadlığa buraxılsam da nə sağlamlığım əvvəlkidir, nə də insanların mənə olan baxışları. Bir vicdanlı insan üçün etmədiyi bir cinayətin qurbanı olmaq, hər gün insanların tənə dolu baxışları ilə üzləşməyin nə olduğunu bilirsinizmi? Mən dövlətin hakimiyyət və güc strukturlarında olan korrupsioner şəxslərin qurbanı oldum. Sadəcə bir məqsədim var: «Bəraət»! Mən ailəmə və övladlarıma ləkə olaraq yaşamaq istəmirəm.
Azadlığa çıxdıqdan sonra düşündüm ki, heç olmasa qanuni yollarla həqiqəti sübut edə biləcəyəm. Bunun üçün mən və ailə üzvlərim Prezident Administrasiyasına, Baş Prokurorluğa və digər dövlət orqanlarına çoxsaylı müraciətlər etdik. Lakin cavab əvəzinə təhdidlər, təhqirlər və yenidən zorakılıqla üzləşdik. Mənə açıq şəkildə bildirildi ki, əvvəl necə həbs olunmuşamsa, yenidən də eyni aqibətlə üzləşə bilərəm. Bu hədələr artıq təkcə mənə deyil, həyat yoldaşıma və üç azyaşlı övladıma da yönəlmişdi.
Məhz bu səbəbdən anladım ki, mənim artıq müraciət edə biləcəyim heç bir dövlət qurumu qalmayıb. Hər yerdən əlim üzüləndən sonra son ümidimi mətbuata bağlamağa qərar verdim. Çünki inanıram ki, ictimaiyyət həqiqəti bilməlidir. Mən heç kimdən imtiyaz istəmirəm. Mən yalnız işimin obyektiv araşdırılmasını, təqdim etdiyim faktların və sübutların diqqətlə qiymətləndirilməsini istəyirəm.
Bu müraciəti etməklə məqsədim kimisə ittiham etmək deyil, illərdir susdurulmağa çalışılan səsimi cəmiyyətə çatdırmaqdır. Mən qanundan qaçan insan deyiləm, əksinə qanun çərçivəsində haqqımı axtarıram. Lakin hüquqi mübarizə aparmaq imkanlarım tükəndiyi üçün bu gün mətbuatın və ictimaiyyətin vicdanına üz tuturam.
Ümid edirəm ki, mənim hekayəm araşdırılacaq, təqdim etdiyim faktlar yoxlanılacaq və illərdir davam edən mübarizəmə nəhayət obyektiv qiymət veriləcək. Mənim yeganə istəyim həqiqətin üzə çıxması, günahsızlığımın sübuta yetirilməsi və ailəmin təhlükəsiz, qorxu hissi olmadan yaşaya bilməsidir.
Sənan Qasımov