2 milyard dollarla xaricə qaçan kriptodələduza görə manekenlər cavab verməli olacaq - “THODEX” ŞİRKƏTİNİN AZƏRBAYCANDA DA FƏALİYYƏTİ OLUB...

Baxış sayı:
2710

Türkiyədə “Thodex” adlı kriptovalyuta birjasının qurucusu, yüz minlərlə adamı aldadaraq 2 milyard dollarla xaricə qaçan Faruk Fatih Özerin aylardır izi-tozu bilinmir. İndi zərərçəkənlərin vəkili “Thodex” şirkətini reklam edən məşhur manekenlər haqda prokurorluğa şikayət verib. Şikayətdə göstərilir ki, həmin manekenlər Faruk Fatih Özerlə əlbirdir və ələ keçirilən pulların bir hissəsi onların hesabına ötürülə bilər.

“Thodex” dələduzluğu bu ilin aprelində üzə çıxıb. Kriptovalyuta birjasının qurucusu azı 411 min nəfərin yatırdığı pullarla birlikdə Türkiyədən xaricə qaçıb. İstanbul prokurorluğu milyardlarla dollarlıq bu dələduzluq əməlinə görə cinayət işi qaldırsa da Özerin yerini təsbit etmək hələ mümkün olmayıb.

“Thodex” şirkətinin Türkiyə ilə yanaşı Myanma və Azərbaycanda da fəaliyyət göstərdiyi bildirilir. Lakin Azərbaycandan bu dələduzluq sxemindən neçə nəfərin zərər çəkmiş ola biləcəyi haqda hər hansı məlumat yoxdur.

“Thodex” şirkəti fəaliyyəti boyu məşhur manekenləri və aktyorları öz reklamlarına cəlb edib. Habelə iqtisadçı Erkan Öz YouTube kanalında “Thodex”in sponsorluğu ilə proqram aparıb. İndi zərərçəkənlərin vəkili onların istintaqa cəlb edilməsini tələb edir. Bunların arasında Burcu Emersoy və Özge Ulusoy kimi məşhur mankenlər var.

Türkiyə KİV-ləri qeyd edirlər ki, 27 yaşlı Faruk Fatih Özer 2008-ci ildə kriptovalyuta birjasında fəaliyyətə başlayıb, 2017-ci ildə “Thodex” şirkətini qurub və bu şirkət başda Türkiyə olmaqla Myanma, Azərbaycan və İngiltərə kimi ölkələrdə də fəaliyyət göstərib. Özerin barəsində ətraflı məlumat yoxdur, amma internetdə onun bir çox tanınmış siyasətçilərlə fotolarına rast gəlinir.