AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏT ELAN OLUNDU - Bəzi şəhər və rayonlarda isə komendant saatı tətbiq olundu / YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi, bəzi şəhər və rayonlarında komendant saatının elan olunması barədə qərar qəbul edilib.
Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.
***
Milli Məclisin təcili iclası başlayıb.
İclasda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və Azərbaycanın uğurlu əks-hücum əməliyyatı müzakirə olunur.
Müzakirələrin sonunda müvafiq qərar qəbul olunacaq.