ƏFQANISTAN UĞRUNDA SAVAŞIN SENSASİON GİZLİNLƏRİ – Bu ölkədə “yerin altına basdırılmış” trilyonlara kim sahib çıxacaq…

Baxış sayı:
1181

Əfqanıstan ərazisinin yalnızca 30%-də 1-3 trilyon dəyərində litium yataqları var...

İstər SSRİ dönəmində, istər də sovet imperiyasının dağılmasından sonra Əfqanıstan bütün dünya güclərinin diqqət mərkəzində idi. Təsadüfi deyil ki, bu ölkə "imperiyaların qəbiristanlığı" adlandırılır. ABŞ-ın bu ölkədən hərbi kontingentini çəkdikdən sonra, insanların çoxu yenə də bu fikri bölüşməkdədir. Bəs, Əfqanıstanı böyük dövlətlər üçün cəlbedici edən nədir?
Öncə ondan başlayaq ki, Əfqanıstan neft, qaz, kömür, mis, gümüş, qızıl, kobalt, kükürd, qurğuşun, sink, nadir torpaqlar, dəmir filizi, duz, qiymətli və qiymətli daşlar cənnətidir. Bu ölkəni sözün hərfi mənasında “xəzinə” də adlandırmaq olar. Əfqanıstanın malik olduğu təbii yataqları sadalayarkən diqqətçəkən başqa bir detalı da qeyd etməliyik. Əfqanıstanda digər təbii sərvətlər arasında elektrikli avtomobillərin istehsalında istifadə olunan litium yataqları da var.

Pentaqonun 2010-cu il hesabatında Əfqanıstanın litium ehtiyatına görə “Səudiyyə Ərəbistanı" ola biləcəyi iddia edilir. Hesabatlarda Əfqanıstanda Boliviya ilə müqayisə ediləcək litium ehtiyatlarının olduğu bildirlir. Burada ABŞ-ın Boliviyada hansı səbəbdən dövlət çevrilişi edərək hakimiyyəti özünəmeylli qüvvələrlə əvəz etdiyi anlaşılır.
Litium qarşıdan gələn yeni dövrün elementidir ki, yeni nəsil texnologiyalar elektrik təməlli olduğu üçün, bu yataqların əhəmiyyəti vazkeçilməzdir. ABŞ Geoloji Xidməti USGS-in araşdırmalarına görə, Əfqanıstan ərazisinin yalnızca 30%-də 1-3 trilyon dəyərində litium yataqları var.

Bu arada, Çinin hazırda çox sürətlə həm iqtisadi, həm siyasi mənada inkişaf edən və dünya hegemonluğuna iddia edən dövlət olduğuna, Əfqanıstanla  “dostyana” mesajlar trafikinə diqqət yetirsək, əfqan xəzinəsinin Pekin üçün əhəmiyyətini anlamaq çətin olmaz. “Handelsblatt” qəzetinin yazdığına görə, indi devrilmiş Əfqanıstan hökuməti, ötən ilin dekabrında Kabildə bir Çin casus şəbəkəsi hind kəşfiyyatının təklifi ilə ifşa edildikdən sonra, Çin şirkətlərini “Mes Aynak”da mis yatağını işlətmək üçün lisenziyadan məhrum etməyi düşünürdü. Bu şirkətlər üçün “Taliban”ın hakimiyyətə gəlməsi çox faydalı oldu. “Handelsblatt” həmçinin yazır ki, Çin tapılan ən böyük neft yatağına nəzarət edir. Ancaq ÇXR-in Əfqanıstandakı maraqları təkcə mədənçiliklə məhdudlaşmır. Pekin bu ölkənin də, qonşuları Pakistan və İran  kimi, "Bir Kəmər, Bir Yol" iqtisadi layihənə qoşulmasını istəyir. İran öz növbəsində bu layihənin Ermənistan, Gürcüstanla Qara dənizə, Avropaya çıxmasına çalışır.
Bəllidir ki, Kabildəki keçmiş Qərbpərəst hökumət Yeni İpək Yoluna qoşulmadı. Öz növbəsində, Türkiyə Əfqanıstanda başqa bir qədim nəqliyyat dəhlizinin - bir vaxtlar İpək Yolu ilə üst-üstə düşən “Lapis-Lazuli” Yolunun dirçəlməsində maraqlıdır. Müasir versiyada, 2017-2018-ci illərdə hazırlanan və təsdiqlənən, lakin o vaxtdan bu yana çox az irəliləyən bu infrastruktur layihəsi Türkiyənin Gürcüstan, Azərbaycan, Xəzər dənizi vasitəsilə - Türkmənistan üzərindən həm Mərkəzi Asiyaya, həm Əfqanıstana yol açmasında hazırlanmışdı... Əslində “Lapis-Lazuli” ABŞ-ın tərcih etdiyi, İpək Yolu isə Çinin tərcih etdiyi tranzit koridorlarıdır. Türkiyənin həssas məqamı bu yolun Xəzər-Azərbaycan, İranın seçimi isə Əfqanıstan, İran, Ermənistandandır və toqquşma məqamı da burdadır. Çin İran, Ermənistan, Gürcüstan variantına üstünlük verəcəyi təqdirdə ABŞ Türkiyə variantına maraqlı ola bilər. Çünki burada Gürcüstan da əhəmiyyətli bir nöqtədir, üstəlik ABŞ və AB-nin nüfuz dairəsindədir.
Rusiyanın maraqlarına gəlincə, masada TAP qaz kəməri var. TAP rus qazını Hindistana çıxarmağı nəzərdə tutur. Bu səbəbdən Rusiya taliblərə qarşı “yumşalıb”. Hətta bu cəhdlər uğurlu olarsa, Rusiya enerji şirkətlərinin neft-qaz hasilatına, nüvə sənayesinin Əfqanıstandakı uran ehtiyatlarına maraq göstərməsi də mümkündür.
Rusiya üçün çox perspektivli ola biləcək bir infrastruktur layihəsi də var. Bəllidir ki, TAP layihəsində söhbət ildə 33 milyard kubmetr gücündə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərindən gedir. "Taliban" TAP-ın tikintisində maraqlıdır. Hansı ki, Rusiyanın TASS xəbər agentliyi 2021-ci il avqustun 17-də “Taliban”ın Qətər ofisininin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahinə istinadən belə məlumat yaymışdı. Bu boru kəmərinin istismara verilməsi “Qazprom”un nəhəng Pakistan və Hindistan bazarlarına girməsinə imkan verəcək.

Beləliklə, Əfqanıstda marağı olan ölkələrdən biri də Hindistanın olduğunu da xatırlatmalıyıq. 2021-ci il sentyabrın 3-də rus media resurslarında Hindistanın Şimal Dəniz Yolunun açılması və beynəlxalq ticarət erteriyasına çevrilməsi barədə Kremli dəstəkləməsi haqda xəbərlər yayıldı. Hindistanın baş naziri Narendra Modi iqtisadi forumda çıxış edərək, “Rusiya Hindistana kosmosun mənimsənilməsi və milli Gaqanyan proqramının hazırlanmasının inkişafına kömək etdiyi kimi, Hindistan da Rusiyaya kömək edəcək və Şimal Dəniz Yolunun inkişafında və beynəlxalq ticarət üçün bu marşrutun açılmasında tərəfdaş kimi çıxış edəcək", - dedi.
Baş nazir daha sonra əlavə etdi: "Hindistan və Rusiya dostluğu zamanın sınağından keçdi və son zamanlarda, koronavirus pandemiyası ilə mübarizədə, o cümlədən peyvənd baxımından bu əməkdaşlığımızın etibarlılığını təsdiq etdik". O, pandemiyanın Hindistan-Rusiya əməkdaşlığında mühüm rol oynayan səhiyyə və əczaçılıq sektorlarının əhəmiyyətini vurğuladığına diqqət çəkdi.
"Enerji məsələsi strateji tərəfdaşlığımızın başqa bir vacib tərəfidir. Hindistan-Rusiya enerji tərəfdaşlığı qlobal enerji bazarına daha çox sabitlik gətirə bilər", - deyən Modi onu da bildirdi ki, Chennai-Vladivostok dəniz dəhlizi hazırda fəal şəkildə inkişaf edir: “Belə bir layihə Şimal-Cənub nəqliyyat dəhlizi ilə birlikdə daha geniş əlaqəni təmin edir".
Beləliklə Əfqanıstandakı tərəfləri belə təsvir edə bilərik: Rusiya, Hindistan-Çinə qarşı; Çin, Pakistan,”Taliban” Hindistana qarşı. Digər tərəfdə isə ABŞ-ın Hindistanı Çinə qarşı yüksələn güc qismində hazırlamaq məqsədilə Əfqanıstandan geriçəkilmə planının ardınca Hindistan və Rusiyanı bir araya gətirmək formatı. Təsadüfi deyil ki, Putin-Bayden görüşündə bunlar danışıldı. ABŞ özünün maşası kimi Hindistanı Çinin qarşısında tək qoya bilməzdi. Bu səbəbdən, əvəzedici dəstək Kreml olacaq. Əsas məsələ isə ABŞ-ın geri çəkilərkən də maraqları toqquşan tərəfləri üz-üzə qoymaqla, müharibəyə zəmanət yaradaraq, özünün “nə vaxtsa” geri qayıdışına “əl yeri” qoydu. Söhbət “Vaxan” koridorundan gedir.

Vaxan dəhlizi Çinin Sintszyan-Uyğur Muxtar Rayonu, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dünya xəritəsində bu ərazi Britaniya İmperiyası ilə Rusiya İmperiyası arasında baş verən "Böyük oyun" nəticəsində meydana gəlmişdir. Böyük oyun bu iki güc arasında Cənubi və Mərkəzi Asiya uğurunda gedən geosiyasi mübarizə idi. 1895-ci ildə Britaniya Hindistanı ilə rus Orta Asiyası arasında bufer zona yaratmaq məqsədi ilə Vaxan dəhlizinin ərazisi Əfqanıstana verildi. İndi isə Çinin İpək Yolunu uzatması üçün bu dəhlizə hədsiz ehtiyacı var. Çinin taliblərə loyallığının bir səbəbi də budur. İş orasındadır ki, Hindistan və Pakistan arasında münaqişə mövzusu olan Cammu Kəşmir də Vaxan koridoru ilə həmsərhəddir. Eləcə də Vaxan dəhlizi Tacikistanla həmsərhəd olduğundan, Rusiya məhz buradakı hərbi bazalarını döyüşə hazır vəziyyətə gətirib.
Bir nüans da budur ki, Mərkəzi Asiya ölkələrinin Hind okeanına çıxması üçün Hindistana ehtiyacı var. Hindistan isə Mərkəzi Asiya bazarlarına məhz Cammu Kəşmirlə həmsərhəd Vaxan koridorundan çıxa bilər. Yəni Vaxandan Tacikistana çıxmaq onun yerganə variantıdır.
Yeri gəlmişkən, Moskvanın Pəncşiri, Əhməd Məsudun oğlunu dəstəkləməsi, Vaxan, Əfqanıstanla əsas təmas nöqtəsini əldən verməməsi məhz narkotrafik və digər mal daşınmasının buradan təmin olunma cəhdidir. Göründüyü kimi, tərəflər bir-biri ilə iç-içə kəsişmə vəziyyətindədir. Buradan isə aydın olur ki, Vaşinqton hansı oyunu işə salmaq üçün özünü “Əfqanıstandan çıxırmış” kimi göstərdi.
Bəs, nəticə nə olacaq? Tərəflərin bu duruşunda ABŞ 3-cü dünya müharibəsinin bütün şərtlərini yaradaraq kənara çəkilib. Çünki bu müharibəyə birbaşa müdaxilə etmək, enerjisini tükəndirmək istəmir. 1-ci, 2-ci Dünya müharibələrində də ABŞ bu mövqeyi tutdu. Kənardan izlədi. Müharibə fiqurları vuruşub, bir-birini didişdirib, gücünü itirəndən sonra meydana çıxıb özünə lazım olanı götürdü. Bu dəfə də belə olacaq.