​“İNTİHAR EDƏNLƏRƏ AĞIR RUHİ XƏSTƏ KİMİ BAXMAQ DOĞRU DEYİL” - Orxan Fərəcli

Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir
 
Son vaxtlar intihar hadisələrinin baş verməsi adi hal alıb. İnsanın canına necə qıydığını düşünmək belə dəhşətdir. Bu tip xəbərlər ölkə mediasının gündəmindən düşmək bilmir. Bəlkə intihar hadisələrinin işıqlandırılması da intihar etmək istəyənlərə mənfi mənada bir stimul verir. Görünən odur ki, bu mövzuda telekanallarda maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Telekanallar isə şou verilişlər təşkil etməkdə yarışa giriblər.
Xatırladaq ki, təkcə bu gün yayılan xəbərlərə görə, Xəzər rayon Şüvəlan qəsəbə sakini 21 yaşlı İlqar Muradov yaşadığı evin həyətində özünü asıb. Digər bir fakt isə Yasamal rayon Salamzadə küçəsi ev 7 ünvanında qeydə alınıb. Orada yaşayan 45 yaşlı Ramal Cəfər oğlu Cəfərov yaşadığı evin hamamında özünü asıb.
 
Bəs insanın intihar həddinə çatmasını nədən bilmək olar?  Psixoterapevt Orxan Fərəcli bu məsələyə aydınlıq gətirdi.
 
-           Bunu belə birbaşa bilmək bir az çətin məsələdir. Adətən, biz müşahidə edirik ki, intihar etməyi planlaşdıran adamlar hansısa bir formada yaxınlarına müəyyən mesajlar verirlər. Bəzən dillərinə gətirirlər ki, özümü öldürəcəm. Bunu qohumlarla zarafta salırlar. Adətən, bunu bir neçə dəfə deyirlər. Çox nadir hallarda olur ki, şəxs qəfildən intihra təşəbbüs etsin. Hansısa bir şəxs uzun müddət özünə qapanıbsa, belə sözləri tez-tez deyirsə və əvvələr belə bir intihar cəhdi olubsa, ailə üzvləri diqqətli olmalıdır. Bəzən pasientlər birdən-birə yaxşılaşırlar və qohumları ilə sanki halallaşmağa başlayırlar, hamıya zəng vurub sağollaşırlar. Bu da işarəverici bir məlumat olmalıdır ki, ola bilər, intihar etməyi planlaşdırır. Yoxsa başqa bir şəkildə müəyyənləşdirmək çətin məsələdir.
 
- İntihar etmək istəyən şəxsə ilk növbədə necə kömək etmək lazımdır ki, həmin şəxs fikrindən daşınsın?
 
- İntihar edən adama kömək əksər hallarda mümkündür. Çünki bayaq dediyim kimi, onlar əvvəlcədən mesajlar verirlər ki, özümü öldürəcm, bezmişəm, yaşamaq istəmirəm. Bu tipli mesajlar artıq bizim üçün işarə olmalıdır. Belədə həm həmin şəxsin qohumları, həm də onu müalicə edən həkimlər ona kömək etməlidir. Kömək məsələsində də baxmaq lazımdır ki, hansı səbəbdən kömək olmalıdır. Çox vaxt depressiyanın nəticəsində insanlar intihar edirlər və ona görə onların depressiyasını müalicə etməyə çalışırıq. Depressiyanı müalicə edəndə 2-3 həftəyə intihar düşüncəsi aradan qalxır. İntiharların digər səbəbi sosial, boşanma, daxili problemlərdir. Biz bu halda müvafiq olaraq intihara meyllilik hansı problemdən qaynaqlanırsa, o problemi həll etməyə çalışırıq.
 
- Azərbaycanda intihar hadisələri ən çox hansı səbəblərdən baş verir?
 
- Azərbaycandakı intihar səbəbləri ilə bağlı təəssüf ki, əlimizdə konkret bir statistika yoxdur. Yəni bu o qədər də dərindən araşdırılmayan mövzudur, amma ümumi dünyadakı rəqəmlərə nəzər yetirsək, yəqin ki, Azərbaycan da ora daxildir. Ən çox intiharlar depressiya xəstəliyinin nəticəsində baş verir. Burada söhbət ağır dərəcəli depressiyalardan gedir. Bütün dünyada intiharların başlıca səbəbi depressiyadır.
Ondan sonra psixolji və sosial səbəblər gəlir. Yəni şəxsin əlaqəsinin olmaması, boşanmalar, maddi sıxıntı, işsizlik. Bunlar hamısı intiharı tətikləyən amillərdir. Əsas səbəb məhz bioloji səbəbdir. Beyində xoşbəxtlik hormonun olmamasıdır.
 
- İntihar edən şəxslərin əməlini birmənalı olaraq psixi pozğunluq kimi qələmə vermək, kobud desək, onları dəli kimi qəbul etmək olarmı? Yoxsa normal bir adam da intihar edə bilər?
 
- Bizim gördüyümüz şizofreniya xəstələyi deyil. Düzdür, şizofreniya xəstələri də intihar edir. Ağır ruhi problemlərdən söhbət getmir. Dünyada təsəvvür edin 350 milyondan çox insan depressiyadan əziyyət çəkir. Onları hər hansı bir mənada damğalamaq, belə ağır ruhi xəstə kimi baxmaq doğru deyil. Düzdür, depressiya da ruhi xəstəlikdir. Bizim o qorxduğumuz dəlilik anlayışından çox uzaqdır. Bildiymiz depressiyada insan özünə qapanır, həyatdan zövq almır, gələcəyə bağlı planları itir. Amma mövcud qanunvericiliyə, yəni “Psixiatriya yardımı haqqında” qanuna görə, bir insan intihara cəhd edibsə, onun psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün əsas ola bilər. Yenə də bütün hallarda bu, xəstəni müalicə edən həkimdən və yaxud poliklinika həkiminin qərarından asılıdır.
 
- Psixi Sağlamlıq Mərkəzinin psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova deyir ki, hələ kritik həddə çatmamışıq Sizcə, intihar faktlarına görə kritik həddi keçmişikmi? Ümumiyyətlə, intiharların sayına görə kritik meyar varmı?
 

- Doktor haqlıdır. Çünki Azərbaycanda intharların sayı ilə bağlı rəqəm o qədər də təhlükəli deyil. Amma Azərbaycanın ərazisini, əhalisini nəzərə alsaq, tez-tez rastlaşırıq. Əslində, bütün dünyadakı tendensiyadan heç də geri qalmır, kəskin fərqlənmir. Amma digər ölkələri, xüsusən, Qərbi Avropada olan intiharları nəzərə alsaq, Azərbaycanda çox azdır. Amma yenə də intiharlar bütün hallarda narahatedici faktdır. Tək bir rəqəm olsa belə, bu, insanı narahat etməyə bilmir.
 
- Qonşu Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda intiharlar çoxdur, yoxsa azdır?
 
- Qafqaz ölkələri ilə bağlı belə bir statistka yoxdur. Amma nəzərə alsaq ki, eyni iqlimdəyik, aşağı, yuxarı eyni psixologiyanın daşıyıcılarıyıq. Böyük ehtimalla kəskin bir fərq olmadığını düşünürəm.
 
- Psixoterapevt kimi indi sizə müraciət edənlər çoxdur, yoxsa əvvəllər çox idi?
 
- Ümumilikdə mənim təcrübəm 6 ili əhatə edir. Müqayisəni bu dövrə görə edə bilərəm. Müəyyən sayda artım var, amma bu o demək deyil ki, xəstəliklərin sayının artmasına görədir. Bu, sadəcə, insanların maariflənməsi, onların psixiatr, psixoterapevt anlayışnı mənimsədyindən irəli gəlir. Bizim indi baxdığımız xəstələr həmişə olublar. Sadəcə, həmişə nevropatoloqlara müraciət edirdilər. Ona görə də psixiatra müarciətlərin sayında artım xəstəliklərin artması ilə deyil, əhalinin maariflənməsi, bu anlayışları mənimsəməsi ilə bağlıdır.
 
- Bildiyimiz kimi, psixoloq Dəyanət Rzayev ötən ay intihar etdi. Sizcə, psixoloqun özünün intihar etməsi nə ilə bağlıdır?
 
- Azərbaycanda son illərdə psixoloqun intiharı ilk belə faktdır. Ona görə də belə ciddi rezonans doğurdu. Belə bir araşdırma apardım ki, ən çox intihar edən ixtisas sahibləri içərisində öndə gedənlərdən biri həkimlərdir. Həkimlərin də içərisində anestizioloqlar və psixiatrlar ən öndədir və bu statistkanı psixoloqlar davam etdirir. Digər ölkələrdə bu o qədər də qeyri-adi bir fakt sayılmır. Sadəcə, bizim ölkədə ilk belə bir fakt olduğu üçün bu qədər ciddi rezonans doğurdu. Ancaq bu insanlarda heç də ümidszilik, inamsızlıq yaratmamalıdır. Yəni bunu faciəli bir hədd kimi qəbul etmək doğru deyil. Ümumi rəsmi statistikanın fonunda bu o qədər də çox deyil.
 
- Psixoloji yardımla bağlı telekanallarda tez-tez psixoloqlar danışır. Sizcə, onların təhlillərinə inanmaq olar? Ümumiyyətlə, telekanallarda psixoloji maarifləndirmənin səviyyəsi nə yerdədir?
 
-Televiziyalarda maarifləndirmə məsələsinə gəlincə, bu məsələdə düzgün danışan, fərqli şeylər danışan da var. Amma ümumilikdə nəzər salsaq, vəziyyət o dərəcədə də pis deyil. Televiziya, mətbuat da sadəcə, insanın şəxsi seçiminə qalır. İnsanlar psixoloqların danışdıqlarına məntiqi baxmalıdır. Hər deyilənə inanmaq lazım deyil. Özlərinin də müəyyən bir araşdırma cəhdləri olmalıdır ki, görək kimin danışdığı məqsədə uyğunudr. Yəni bu təkcə psixologiya sahəsində belə deyil, bütün sahələrdə belədir. İstər huquqşünasın, istər də kosmetoloqun çıxışına qulaq asırsansa, hər deyiləni bir araşdırmaq lazımdır. Çünki indi informasiya o qədər də qıt deyil. Hər yerdən mütləq əlavə mənbə axtarmaq lazımdır.
 
Hurriyyet.org