"İstəyirik ki, azərbaycanlı gənclər Gürcüstanın dövlət qurumlarında çalışsınlar…” - VÜQAR MƏMMƏDOV

Baxış sayı:
577

“Son 10 ildə gənclərimizin fəallaşması müşahidə olunur” 

Xəbər verdiyimiz kimi, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçkilər keçiriləcək. Bu seçkilərdə Gürcüstanda yaşayan soydaşlarımız da aktiv iştirak edir. Onlardan biri, Gürcüstan Azərbaycanlıları Konqressinin (GAK) nümayəndəsi və hakim “Gürcü arzusu” partiyası tərəfindən namizədliyi irəli sürülən Qardabani rayonunun Qaracalar kənd sakini Vüqar Məmmədovla artıq başa çatmaqda olan seçki kampaniyası ilə bağlı söhbətləşdik.

- Vüqar bəy, ilk olaraq oxucularımızın sizi daha yaxından tanıması üçün özünüz haqda məlumat verəmənizi istərdik…

- Mən, Vüqar Məmmədov 2016-cı ildən Qardabani rayonunun Qaracalar kəndinin majoritar qaydada seçilmiş deputatıyam. 15 ildir Qardabani rayon bələdiyyəsində fəaliyyət göstərirəm.

- Bələdiyyə seçkilərinə neçənci dəfədir qatılırsınız?

- Mən iki dəfə bələdiyyəyə deputat seçilmişəm, bu 3-cüdür.

- Səhv etmiriksə, bu seçkidə həm də Gürcüstan Azərbaycanlıları Konqresini təmsil edirsiniz…

- Bəli. Bizim kənddə Konqressin görüşlərini təşkil edirik. Ağsaqqallar Şurasının onlarla görüşünü keçiririk. Onlara biz kənddən dəstək veririk.

- Bayaq qeyd etdiniz ki, əvvəlki deputat fəaliyyətiniz dönəmində majoritar qayda ilə seçilmisiniz…

-Bəli, Qardabani kəndinin Qaracalar, Ağtəklə, Qaratəklə kəndlərindən majoritar namizədəm.

-Əvvəlki seçkilərdə də namizədliyinizi majoritar qaydada irəli sürmüşdünüz?

-O zaman "Gürcü arzusu" partiyasından namizədliyimi irəli sürmüşdüm, indi də bu partiyadan seçimə gedirəm.

-Əvvəl deputat olduğunuz dönəmdə hansı problemləri həll etmisiniz?

- 2016-cı ildə nə vədlər vermişdiksə, demək olar ki, hamısnı yerinə yetirmişik. Məsələn, kəndin iç yollarının asfaltlaşdırılması, təmiri işləri çərçivəsində Qaracalar kəndinin 17 km-ə yaxın iç yollarını təmir etdik. Bununla bərabər, bizdə köhnə məktəb var idi, Heydər Əliyev Fondu təzə məktəb tikmişdi, biz də köhnə məktəbi təmir edib uşaq bağçasına çevirdik. Bundan başqa, Qaracalar kəndində iki mini-stadion tikdirmişik. Su xətlərini dəyişdirdik. Kəndimizdə hardasa 5 km-ə yaxın su boru xəttini dəyişdirmişdik. Kənd yerində yaşadığımız üçün su kanallarında problem olurdu, onların məsələsini həll etmişik. İç küçələrdə 8 km-ə yaxın işıqlandırma sistemi quraşdırmışıq. Bizdən öncə bu işlərin heç biri yox idi. Biz 2006-cı ildə deputat olandan bu yana Qaracalar kəndi üçün 4milyon lariyə yaxın pul xərclətmişik. Kəndimiz iç yollarının işıqlandırılması, uşaq bağçası, içməli su, suvarma işləri ilə kəndimiz şəhərə çevrilib. Bizim kənd adətən əkinçiliklə məşğuldur. Göy-göyərti, tərəvəz əkinçiliyi aparılır. Öncələr suvarmada problem var idi. Biz deputat olandan sonra bu problemi aradan qaldırdıq.

- Bəs seçki platformanızda seçicilərə hazırda hansı vədlər verilir?

-Kəndimiz böyük kənddir. Gürcüstandakı böyük kəndlər içində əhalinin kompakt yaşadığına görə 27-ci yerdədir. 6 min əhalisi var. Tiflis və Rustavinin ortasında yerləşir. Kəndimizin iç küçələri 27 km-dir. Gələcək üçün nəzərdə tutduğumuz ara yolların asfaltlaşdırılması projesi var. Qaracalar kəndində idman kompleksinin tikilməsini istəyirik. Eyni zamanda, kəndimizdə mədəniyyət evinin inşaası fikri də var.

Onu da qeyd edim ki, bizim deputatlıq dönəmindən əvvəl kəndimizdə kiçik bir məscid var idi, yararsız hala düşmüşdü. Biz məscidin tikintisinə icazə aldıq və Gürcüstan Müsəlmanlara İdarəsindən 40 min lariyə yaxın pul köçürüldü. Qalan vəsaiti xalq topladı, təşkilatçılığı mən etdim. Böyük məscidin inşasını başa çatdırdıq. Məscid tam hazırdır, sahəsi 300 kv.m-ə yaxındır.

- Rəqibləriniz arasında azərbaycanlı namizədlər varmı?

- Bəli, bizim rayonun bu gün 83 min əhalisi var. 83 min əhalidən 12 deputat olur. Bunun 5-i azərbaycanlıdır, 7-si gürcüdür. Gürcü kəndlərindən gürcü namizədlər olur, azərbaycanlı kəndlərindən azərbaycanlı namizədlər. Amma proporsional siyahı qaydası ilə də azərbaycanlılar var. İndi Gürcüstanda seçki sistemi dəyişdiyi üçün majoritar namizədlər azaldı. Əvvəllər hər kənddən bir majoritar deputatı var idi. Bu gün, yeni seçki qanununa görə, məsələn, 3 kəndi bir seçki dairəsində birləşdirirlər. Əraziləri zonalara böldülər. Bizim region 7-ci seçki dairəsi sayılır. Buradan 1 namizəd var. Burada mənim namizədliyimi irəli sürdülər. 3 kənddə 10 minə yaxın seçici var.

Onu da deyim ki, bizim rəqibimiz də öz kəndimizdəndir. O da azərbaycanlıdır. Ümumiyyətlə, azərbaycanlı kəndlərində azərbaycanlı namizədlərə qarşı azərbaycanlı müxalifət iştirak edir. Həm bizim kəndlərdə, həm gürcü kəndlərində.

-Rəqiblər müxalifət partiyalarından olur?

-Bəli. Deyək ki, burada mən azərbaycanlı olduğum üçün müxalif də azərbaycanlıdır. Amma gürcü kəndlərində iqtidar partiyası gürcü namizəd irəli sürürsə, rəqibi müxalifətçi olur.

-Bəs sizin rəqibləriniz hansı partiyadandır?

-Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasındandır. Bəzən "Lelo" partiyasından da rəqib namizəd olur. Hazırda bizim kənddə iki namizədin biri "Gürcü arzusu", o biri Vahid Milli Hərəkat Partiyasındandır.

- Seçkidə rəqabət prosesi normal haldır, bəs seçki sonrası bu rəqabət normal yaşantıya sirayət etmir ki?

-Yox, rəqabət seçkidə yaşanan hadisədir. Seçki qabağı rəqabət əhval-ruhiyyəsi olur. Seçicilərin bir qismi "Gürcü arzusu"nun tərəfində olur, bir qismi Vahid Milli Hərəkat Partiyasının. Bu, seçkiyə qədərdir, seçki qurtarandan sonra xalq yenə el-oba olaraq xeyir-şərdə bir yerdə olur, həyat öz əvvəlki axarına dönür. 

- Seçkii platformanızda gənclər siyasəti barədə təklifləriniz varmı? Məsələn, narkomaniyanın qarşısının alınması, işsizlik, asudə vaxtın dəyərləndirilməsi...

-Sizə deyim ki, bizim Qaracalar orta məktəbi Gürcüstanda azərbaycanlılalar yaşayan bölgələrin ən güclü məktəblərindən biridir. Bu, keçmişdən bu günə davam edərək gəlir. Mən eyni zamanda Coğrafiya institutunun direktoru akademik Ramiz Məmmədovun qardaşı oğluyam. Bu yaxınlarda rəhmətə getdi, o  mənim doğma əmim idi. Bizim kəndimizdə hər zaman təhsilə önəm və dəstək verilib. Keçənilki 27 məzundan 25-i ali məktəbə qəbul oldu. Bu il 28 məzunumuz ali məktəbə qəbul oldu. Narkomaniya faktoruna baxmayaraq, kəndimizdə təhsil də inkişaf edir. Hər ailədə demək olar ki, bir uşaq təhsil alır. Xalq arasında rəqabət yaranıb. Bir məhlədə 10 ailə varsa, kimin övladı təhsillə məşğul olmursa, orada tələbə yoxdursa xalq ona pis baxır. Kənddə hamı övladını oxutmaqdan yanadır və buna çalışır. Kənddə gənclər arasında belə bir təşkilat var, kimsə oxumaq istəyir və ailəsi də ona imkan vermirsə gənclər onun təhsil almasına dəstək verirlər. Yəni kəndimizdə comərd insanlar çoxdur. Bir qrup insan "yetər ki, gənclər oxusun", - deyə o gənclərin təhsil haqqını da ödəyə bilərlər, yol xərcini də verə bilərlər. Yəni Qaracalar kəndində belə bir təşkilat var. İstənilən yerdə pis şeylər inkişaf edirsə də, yaxşı şeylər də inkişaf edir. Narkomaniya qlobal məsələdir. Tək Gürcüstanda, yaxud Azərbaycanda yoxdur. Bizim kənddə narkomaniyaya o qədər də yüksək səviyyədə rast gəlinmir. Tək-tük hallara rast gəlinə bilir. İnsanlar sosial şəbəkədən çox istifadə edir. Hər şeydən belə xəbər tuturlar. Amma bizim yaşadığımız bölgədə bir o qədər də çox deyil. Yəni aşırı dərəcədə deyil. Biz də gücümüzün yetdiyi qədər belə adamlara yaxınlaşıb, onları düz yola döndərməyə, başa salmağa çalışırıq.

- Bəs, azərbaycanlıların Gürcüstanın dövlət idarələrində çalışması ilə bağlı nə deyə bilərsiniz? Yetərli səviyyədədirmir?

-Bu məsələ Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən biridir. Bu, danılmazdır. Biz də istəyirik ki, bizim azərbaycanlı gənclər Gürcüstanın dövlət qurumlarında çalışsınlar. Amma bu gündən 5 il geri getsək bizim təhsilə bu qədər can atan, dövlət işləri ilə maraqlanan aktiv gənclərimiz yox idi. 10 ildir ki, gənclərimizin fəallaşması müşahidə olunur. Təkcə bizim kənddən 55 tələbə var. 3 il bundan əvvəl bu say 15 idi. Yəni 10 ildir ki, bu rəqəm arta-arta gedir. İndi yetərli qədər belə gənclərimiz var, amma əvvəllər bu olmadığı üçün biz əziyyət çəkmişik. Bu gün belə gənclərimiz var. Düzdür, hələ də dövlət qurumlarında istədiyimiz sayda azərbaycanlı gənclər işləmir. Bu, bir az da özümüzdən asılıdır. Onlar da gedib-gəlməlidirlər, tələb etməlidirlər. Dövlət quurmlarında bizim millətdən olanların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Sevinərik. İnşallah, gələcəkdə bu problem aradan qalxar, çünki indi belə yetənəkli, savadlı gənclərimiz var. Qeyri-dövlət təşkilatlarında belə gənclərimiz var. Onlar layihələr yazırlar, dövlətdən dəstək alırlar. Mən öz kəndimizdə bunu görürəm, yəqin ki, digər kəndlərdə də, Bolnisidə, Marneulidə, Dmanisidə də var. Gələcəkdə daha yaxşı olacaq.

- Bu dəfə də dəfə seçkilərdə qələbə qazansanız, sizin üçün parlamentə yol görünə bilərmi?

-Onu gələcək göstərər, amma parlamentə getmək planımda hələ ki, yoxdur. Bəlkə özümün yox, digər soydaşlarımızın parlamentə yolunun açılmasına səbəb ola bilərik. Gənc nəsillər üçün örnək olarıq. Bizdən sonrakı nəsil bunu edər. Qoy məndən daha bacarıqlı insanlar buna namizəd olsunlar. Sizə bir şey də deyim ki, Qaracalar kəndindən namizəd olanda 30 yaşım var idi. 30 yaşımda kəndin deputatı oldum. Aradan çox keçmədi ki, Qaracalar kənd məktəbinə 25 yaşlı məktəb direktoru, uşaq bağçasına 28 yaşlı gənc xanım direktor təyin etdirdim. Gənc nəsil aparıcı rol oynamağa başladı. Gürcüstan parlamentində Tiflis qəzasından 1918-ci ildə Pəri xanım Sofiyeva dünyada parlamentə seçilən ilk müsəlman qadın deputat idi. O xanım mənim atamın bibisi idi. Bizim kənddən idi. 1918-ci ildə qadınların seçki hüququ olmadığı halda bizim millətdən xanım deputat seçilirdi.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az