Moskvanın Ordu Oyunlarında iştirak Azərbaycana nə verir? - HƏRBİ EKSPERTLƏR VƏZİYYƏTİ DƏYƏRLƏNDİRİR

Baxış sayı:
739

Ötən həftə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı sankı növbəti pilləyə yüksəlmiş kimi göründü: iki ölkənin havada, quruda, dənizdə və suyun altında əməliyyatlar keçirən xüsusi təyinatlı qüvvələri birgə təlimlərə başlayıb.

Qurudakı birgə hərbi təlimin Laçın dəhlizi boyu təşkil olunmasında bəzi şərhçilər Ankaranın və Bakının qonşu paytaxtlara göndərdiyi siqnal kimi yozub.

Hadisələrin bu cür inkişafı fonunda Müdafiə Nazirliyinin Azərbaycan hərbçilərinin Moskvada keçirilən Beynəlxalq Ordu Oyunları-2021 başa çatdıqdan sonra Bakıya dönmələri xəbəri isə sanki narahat ola bilən tərəflərə Azərbaycanın balans siyasəti kursunu davam etdirdiyi mesajını verir, bəzi təhlilçilər düşünürlər.

Rusiyanın təşkilatçılığı ilə hər il keçirilən Beynəlxalq Ordu Oyunlarında bu il Azərbaycanı tankçılar, topçular və dənizçilər təmsil edib. Tank biatlonu Rusiya ərazisində, topçular arasında yarış Qazaxıstanda, Dəniz kuboku yarışı isə İranda keçirilib.

Beynəlxalq Ordu oyunları 2015-ci ildən bəri keçirilir. Ötən müddət ərzində bu yarışda iştirak edən dövlətlərin sayı 17-dən 43-ə çatıb.

Bu il avqustun 24-də başlayıb sentyabrın 4-də bitən Ordu Oyunları Rusiya və Belarusla yanaşı bəzi kateqoriyalarda yarışlar Vyetnam, İran, Qətər, Qazaxıstan, Çin, Özbəkistan kimi ölkələrin poliqonlarında keçirilib.

Bəzi hərbi növlər üzrə yarışlar ayrı-ayrı ölkələrin ərazisində keçsə də, tədbirin PR uğuru və siyasi xallar görünür ilk növbədə Oyunların təsisçisi və təşəbbüskarı olan Rusiyanın payına düşür.

Görəsən, Rusiyanın təşkil etdiyi Hərbi Oyunlarda iştirak etməkdən Azərbaycan nə qazanır?

"Lazımdır və faydalıdır"

Azərbaycanın bu oyunlara hazırlığını dəfələrlə müşahidə etmiş hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, Beynəlxalq Hərbi Oyunlar Azərbaycan üçün ordusunun gücünü və potensialını nümayiş etdirməyə imkan verən bir platformadır.

"Azərbaycan hərbçiləri bu oyunlara kifayət qədər ciddi hazırlışır," - Verdiyev qeyd edir.

Misal üçün, "Tank biatlonu" yarışında Azərbaycan tankçılarının tutduğu 4-cü yeri ekspert yüksək nailiyyət sayır: "Rusiya, Belarus və Çin komandaları ən müasir tank modellərində çıxış etdikləri halda, Azərbaycana və digər iştirakçılara köhnəlmiş modellər təqdim olunub".

Təhlilçi əmindir ki, "bütün komandalara eyni şərait yaradılsaydı, Azərbaycan tankçıları ən yüksək yeri tutacaqdılar".

"Əsgərimizin, ordumuzun imkan və potensialını nümayiş etdirməklə yanaşı, yeni təcrübə əldə edir, yeni mübarizə metodlarını mənimsəyə bilirik. Biz həm Türkiyə ilə, həm də keçmiş SSRİ-də mövcud olan ölkələrlə əməkdaşlıq edirik. Bu bizə ziyan etməz," - ekspert vurğulayıb.

Bu ilin Ordu oyunları Azərbaycan və Rusiya arasında gərginləşmiş münasibətlər fonunda keçirilib.

Azərbaycan Rusiyanın Ermənistanı silahlandırmasından, rus sülhməramlıların bölgədəki fəaliyyətindən narazıdır.

Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, rus sülhməramlıların nəzarəti altındaolan bölgəyə Ermənistandan hərbçilər göndərilir və buna "son qoyulmalıdır".

Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkələrə mənsub nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına Bakının icazə vermədiyini xatırladııb.

"Bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur", məktubda deyilib.

Azərbaycan Müdafiə Nazirliyi bir müddət əvvəl yaydığı bəyanatda isə Rusiyadan 10 noyabr tarixli Üçtərəfli bəyanatın 4-cü maddəsinin, yəni "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" razılaşmasının yerinə yetirilməsini tələb etmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda BBC News Azərbaycancaya xatırladıb ki, "Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti yerləşdiriliblər".

O, həmçinin bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı "müəyyən müzakirələr hələ davam edir".

Azərbaycan MN-i son zamanlarda vaxtaşırı olaraq Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasından Şuşa ətrafı da daxil olmaqla Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir.

Rusiya MN-i isə Şuşa ətrafında atışmanın hər iki tərəfdən açıldığını qeyd edərək, Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan silahlı erməniləri "Dağlıq Qarabağın hərbi birləşmələri" adlandırır.

Prezident İlham Əliyev bu yaxınlarda CNN Türk kanalına müsahibəsində Bakının Moskvadan "Ermənistanı sılahlandırmayacağını" gözlədiyini deyib.

Azərbaycan Prezidentinin cavablarında diqqəti çəkən daha bir məqam Rusiyanı "Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi" kimi xarakterizə etməsi oldu, halbuki əvvəllər rəsmi Bakı Rusiyanı "strateji partnyor" adlandırırdı.

Bu arada Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistana silah satışının Rusiyanın suveren hüququ olduğunu bildirib.

Bu yaxınlarda Rusiyanın GOV.RU hökümət domenində isə Qarabağdakı Rusiya kontingenti üçün bir tədarüklə bağlı tender məlumatında "Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədilib.

Rəsmi Bakı Rusiya hökümət saytında bu ifadənin işlədilməsinə görə Moskvaya etirazını bildirib.

Sonradan Rusiya bunun texniki xəta olduğunu açıqlayıb.

Azərbaycan ötən həftə Türkiyə ilə Laçın dəhlizi ətrafında xüsusi təyinatlı birgə qüvvələrin təlimini keçirib.

10 noyabr 2020 il tarixli Üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq, Laçın dəhlizinə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsinə hazırda Rusiyalı sülhməramlı qüvvələr nəzarət edir.

Rusiya ötən müddət ərzində özünün məsuliyyət zonası ərazisində dronlar əleyhinə taktiki təlim, səyyar minomyotlarla "şərti düşmənə qarşı" döyüş taktikası təlimi də daxil olmaqla, vaxtaşırı olaraq həbri manevrlər keçirib.

Bəs, Rusiyanın Ermənistanın hərbi müttəfiqi kimi tanınması və Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu fonunda Moskvanın təşkil etdiyi Ordu Oyunlarında Azərbaycanın iştirakı nə dərəcədə məntiqli görünür?

Hərbi məsələlər üzrə ekspet Azad İsazadəyə görə, "Rusiyaya Ermənistanın hərbi müttəfiqi kimi baxmaq lazım deyil".

"Rusiya mümkün müttəfiqlərin ən etibarsızıdır. Rusiyanı onun müvəqqəti müttəfiqlərinin maraqları heç zaman maraqlandırmayıb. Rusiya öz maraqlarını güdür və Rusiya olmasaydı, Azərbaycanla Ermənistan çoxdan dil tapmışdı," - İsazadə söyləyib.

"Rusiyanı düşmən adlandırmaq olmaz, amma təhlükəli qonşu saymaq olar, onunla başbaşa toqquşmaq, əlbəttə ki, olmaz. Rusiya ilə oyun aparmaq lazımdır, o cümlədən hərbi oyunlar, misal üçün Ordu Oyunlarında iştirak etmək lazımdır," - təhlilçi vurğulayıb.

"Nə dost, nə də düşmən"

"Bu, reallıqdır və nəzərə almaq lazımdır ki, Rusiyanı həddən artıq qıcıqlandırmaq, ona qarşı hərəkət etməyə dəyməz, - İsazadə fikrini davam etdirib. - Qarşımızda nəticə çıxarmalı nümunə də var: iki qonşumuza baxaq, Gürcüstana və Ermənistana".

"Gürcüstan açıq şəkildə Rusiyaya qarşı çıxış etdi və kifayət qədər ciddi bir cavab aldı. Bəli, Gürcüstan Avropa ilə inteqrasiya istiqamətində irəliləyir, amma 2008-ci ildə Rusiyanın Gürcüstana nələr etdiyinin hamımız şahidi olduq. Ermənistan, əksinə, tamamilə Rusiyadan asılı olan bir müttəfiq vəziyyətində idi.

Burada da biz gördük ki, keçən il Rusiya sanki kənarda dururdu, bu o demək deyil ki, Rusiya Ermənistanın tərəfində çıxış etməli idi, sadəcə, ermənilər buna ümid edirdilər və buna görə də onunla ittifaq qurmuşdular," - hərbi ekspert deyir.

"Deməli, Rusiyayla nə çox yaxın müttəfiqlik əlaqələri, nə də aşırı düşmənçilik münasibətləri yaxşı nəticə vermir. Azərbaycanın tutduğu, neytral kimi sayıla bilən mövqeyi isə - "nə dost, nə də düşmən" mövqeyi müəyyən nəticə verdi," - İsazadə vurğulayıb.

O hesab edir ki, Ordu Oyunları Rusiya hərbi kəşfiyyatı üçün elə də ciddi maraq kəsb etmir.

Ordu Oyunları və "oyun"

"Bu, taktiki təlimlərdir. Bizimkilər əsasən Rusiya texnikasında çıxış edirlər. Rusiya öz texnikasını tanıyır. Düşünmürəm ki, Azərbaycan Silahlı Qüvvələrinin taktiki hazırlığı ilə bağlı Rusiya kəşfiyyatı üçün burada hansısa böyük bir sirr olsun,"- ekspert bildirib.

"Strateji sirlərə gəldikdə isə 2020-ci ilin müharibəsi göstərdi ki, bəzən biz strateji sirləri və bəzi gedişləri çox ciddi şəkildə gizlədə bilirik," - İsazadə vurğulayıb.

Təhlilçinin sözlərinə görə, İkinci Qarabağ müharibəsinin ssenarisi Rusiyanın düşündüyündən fərqli alınıb.

Azad İsazadənin qənaətincə, "Azərbaycan Rusiyanı öz planına uyğun hərəkət etdirməyə nail ola bildi, Bakının cızdığı planı Rusiya poza bilmədi".

Onun fikrincə, Moskva Bakının təxminən proqnozlaşdırdığı kimi hərəkət etdi.

"Azərbaycan çox şeyə nail ola bildi," söyləyən ekspert fikrini belə davam etdirib: "Sadəcə, son mərhələdə Rusiyanın təzyiqi qarşısında Bakı dayanmalı oldu."

"Hərbi diplomatiya jesti"

Bəzi təhlilçilərin fikrincə, Azərbaycan uzun illər regionda balanslı xarici siyasət yürütməyə çalışsa da, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə getdikcə güclənən hərbi və siyasi əməkdaşlıq bu balansı qorumağı çətinləşdirir.

Politoloq Məhəmməd Əsədullazadəyə görə, Ordu Oyunlarına qoşulmaq isə "balanslı xətti qırmamaq naminə" atılan addım kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan hazırda Türkiyə ilə sırf hərbi inteqrasiya siyasətini həyata keçirir.

Təhlilçi Türkiyəni Azərbaycanda təmsil edən Xüsusi Komandanlığına 4 türk generalının təyin olunmasına diqqət çəkərək deyib ki, Azərbaycan artıq "açıq şəkildə" Türkiyə ilə müxtəlif səpkili irimiqyaslı təlimlər keçirir: "Amma region dövləti olaraq, Azərbaycan, eyni zamanda Rusiyanın da keçirdiyi hərbi tədbirə dəvətini geri çevirmir".

Siyasi təhlilçi hesab edir ki, Azərbaycan tədricən Rusiya ilə hərbi-texniki əlaqələri zəiflədəcək, amma bunu mümkün qədər yumşaq tərzdə edəcək.

"Düşünmürəm ki, Azərbaycan artıq Rusiyadan yenidən silah alsın, hərbi-texniki əməkdaşlığı bundan sonra inkişaf etdirsin. Hələ ki, Rusiya ilə hərbi sahədə müəyyən əlaqələr qalır, Rusiya sülhməramlıları Qarabağda missiyanı yerinə yetirir, odur ki, Bakı Moskvanın dəvətini cavabsız qoymadı," - təhlilçi qeyd edib.

"Azərbaycan hələ ki, müəyyən balans saxlayır, ciddi şəkildə narazılıq yaratmamaq üçün belə bir addıma gedir", Məhəmməd Əsədullazadə hesab edir.

Politoloqun qənaətincə, Bakının Moskvadakı Ordu Oyunlarında iştirakı sadəcə, bir "hərbi diplomatiya jestidir".