"QANADLI RAKETLƏ SƏHV SALDIQ" - SEPAH Ukrayna təyyarəsinin vurulma məsuliyyətini üzərinə götürdü

Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Kopusunun elit hərbi bölməsi öz üzərinə götürüb. SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə etiraf edib ki, aviaqəza barədə öyrənəndə ölmək istəyib.
Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə faciənin şahidi olmamaq üçün ölmək istədim”, - deyə general etiraf edib.
Hacızadənin sözlərinə görə, İran Hava Hücumundan Müdafiə Sistemi təyyarəni qanadlı raketlə dəyişik salıb.
“Biz bütün məsuliyyəti qəbul edirik və hökumətin verdiyi tapşırıqları yerinə yetirməyə hazırıq”, - deyə general yekunlaşdırıb.
Xatırladaq ki, yanvarın 8-də Tehran aeroportundan havaya qalxan Ukraynanın sərnişin təyyarəsi uçuşdan az müddət sonra qəzaya uğrayıb. Həmin vaxt göyərtədə 167 sərnişin və 9 heyət üzvü olub.
Yanvarın 10-da İran tərəfi təyyarənin təsadüfən vurulduğunu etiraf edib. Qəzaya səbəb kimi “insan faktoru” göstərilib. İran Prezidenti Həsən Ruhani istintaqın davam edəcəyini, təqsirkarların isə cəzalandırılacağını bildirib.