RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?

Baxış sayı:
217

“Varlı krımlılar Rusiya bölgələrinə köçməyə çalışırlar”

Rusiyanın hələ 12 il əvvəl ilhaq etdiyi Krım yarımadası getdikcə rusların qürur mənbəyindən ağır və həllolunmaz problemlər mənbəyinə çevrilir. Rusiya 2014-cü ildə Ukraynaya qarşı işğalı başlatdığı Krımı bu gün müdafiə etməkdə faktiki olaraq aciz qalıb…

“AzPolitika” xəbər verir ki, "The Economist" Krımda yaranan durumla bağlı yazısında Rusiyanın qarşılaşdığı ağır problemlərlə yanaşı, yerli əhalinin baş verənlərə reaksiyasına da yer verib.

Yazıda qeyd olunur ki, Kreml Ukraynanın yarımadanın hərbi və nəqliyyat infrastrukturuna müntəzəm zərbələri fonunda Krımda dinc həyat görüntüsünü saxlamaqda getdikcə daha çox çətinlik çəkir. Dron hücumları təchizat zəncirlərini pozur, elektrik kəsintilərinə və yanacaq böhranına səbəb olur, yerli sakinlər arasında isə həssaslıq, narazılıq və müharibədən yorğunluq artır.

Yazının müəllifləri qeyd edirlər ki, Krımın böyük bir hissəsi artıq müharibə zonasına çevrilib. İstisna yalnız dağların əhatəsində olan və əhəmiyyətli hərbi obyektlərin olmadığı Yalta şəhəridir. Digər ərazilərdə isə hərbi hissələr, dəmir yolu qovşaqları, enerji obyektləri, körpülər və digər infrastruktur müntəzəm olaraq hədəfə alınır.

Məsələn, 20 iyundan başlayaraq, Ukrayna dronları elektrik yarımstansiyalarına və xətlərinə ciddi zərər vurub, Kerçdəki neft terminalına hücum edib, yük daşıyan bərələri hədəf alıb. Bir sıra hücumlardan sonra yarımadanın təchizatında vacib rol oynayan bərə xidməti tamamilə dayandırılıb. Bu, Donetsk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərindən keçən quru yolundan getdikcə daha çox asılı olan yarımadanın logistikasına ciddi zərbə vurub. Lakin həmin yolun özü də olduqca təhlükəlidir və faktiki olaraq Ukrayna PUA-larının atəş nəzarəti altındadır.

İyunun 21-dən başlayaraq işğal olunmuş Krımın Rusiya tərəfindən təyin olunan rəhbərliyi yanacaqdoldurma məntəqələrində əhali üçün yanacaq satışının dayandırıldığını rəsmən elan edib. Məhdudiyyət bütün şəhərlərə, o cümlədən yarımadadakı ən böyük şəhər olan Sevastopola da aiddir.

 

Ekspertlərin də qeyd etdiyi kimi, Krım Rusiya üçün təkcə hərbi baza deyil, həm də 2014-cü il ilhaqından bəri Rusiyanın gücünün simvolu kimi xüsusi əhəmiyyət kəsb edib. Məhz buna görə də hazırkı Ukrayna zərbələri təkcə hərbi deyil, həm də siyasi təsirə malikdir. Buna baxmayaraq, Rusiya hakimiyyəti və dövlət mediası son hücumları və yaranan fəlakətli vəziyyəti ictimaiyyət qarşısında müzakirə etməkdən yayınır.

Bu arada, “The Econimist” yazır ki, yerli sakinlər getdikcə daha çox Rusiyanın yarımadanın təhlükəsizliyini təmin etmək qabiliyyətinə inamını itirir. Krım tatarlarından biri jurnalistlərə 14 yaşlı oğlunun davamlı hücumlara reaksiyası barədə danışıb. 

O, oğlanın Krımı tərk etmək istədiyini, lakin ailənin yarımadadan getmək planının olmadığını bildirib: "Bura bizim yeganə vətənimizdir".

Nəşrin qeyd etdiyi kimi, əhalinin bir hissəsi ilhaqdan sonra iqtisadi inkişafa ümid bağlasa da, indi əhval-ruhiyyə dəyişib.

"İnsanlar artıq gələcək üçün heç bir perspektiv görmürlər", - Sevastopol sakini Nikolay Çestyakov nəşrə bildirib. Onun sözlərinə görə, varlı krımlılar Rusiyanın digər bölgələrində əmlak almağa və ailələrini ora köçürməyə çalışırlar.

Nəşr qeyd edir ki, əhali arasında yorğunluq və normal həyat arzusu hökm sürür.

"Bizə heç bir möhtəşəm ambisiyalar lazım deyil, heç kimin nəyisə yaxşılaşdırmağa çalışmasına ehtiyac yoxdur. Biz sadəcə səhər günəşin doğmasını, yayda turistlərin gəlməsini istəyirik. Biz hər şeydən çox bezmişik", - Feodosiyadakı tur bələdçilərindən biri nəşrə bildirib.

Əlavə edək ki, Ukraynanın PUA və raket hücumları doğrudan da Krımda yaşayışı az qala mümkünsüz vəziyyətə gətirib. Türizm mövsümü artıq fiaskoya uğrayıb, məlum səbəblərdən yarımadaya turist axını minimuma enib.

Üstəlik, Ukrayna təkcə Krıma giriş-çıxışları deyil, yarımadanın öz ərazisindəki infrastrukturu, yolları, körpüləri də vurur. Son olaraq ötən gün Şimali Krım kanalı üzərindəki körpünün dağıdılması bu marşrutdan fəal şəkildə istifadə edən Rusiya qoşunlarının maddi-texniki təminatını əhəmiyyətli dərəcədə çətinləşdirib. Ekspertlər vurğulayır ki, yaxın zamanda hərbi təchizat və yanacaq-sürtkü materiallarının tədarükünün daha da azalması və yarımadanın daha da təcrid edilməsi gözlənilir.

Yalnız Krım körpüsü hələlik Rusiya üçün həyati əhəmiyyətli logistika yolu olaraq qalır. Lakin bu körpü də ötürücülük qabiliyyətinin yarısından istifadə edə bilir və ağır yüklər üçün qapalıdır. Üstəlik, yarımada və ətraf ərazilərə hər hücumda körpü saatlarla bağlı saxlanılır. Nəhayət, Ukrayna tərəfinin bildirdiyi kimi, yaxın zamanda körpünün özü də davamlı prioritet hədəfə çevrilə bilər.

Bir sözlə, uzun illərdir “Krım naş” deyib qürrələnən ruslar artıq nə bu yarımadaya səfər etməyə, orada dincəlməyə, nə də onu qorumağa əvvəlki kimi həvəsli deyillər. Qarşıda isə Krımı daha ağır günlər gözləyir…

C.Məmmədli