​Bayden Ilham Əliyevə niyə zəng edib? – TƏHLİL

Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub.
Azərbaycan prezidenti və ABŞ-ın vitse-prezidenti mart ayında ABŞ-da keçirilən nüvə sammiti çərçivəsində baş tutan görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.
Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Onu da bildirək ki, Co Bayden Azərbaycandan sonra Ermənistan prezidenti Sərkisyana da zəng edib. Təxminən eyni ruhda söhbət Sərkisyanla da aparılıb.
Co Baydenin Vyana görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinə zəng etməsi bilavasita Qarabağ problemi ilə bağlı olduğunu tam əminliklə demək olar. Çünki dünya güclərinin regionda Qarabağ cəbhəsində baş verən hadisələrdən başqa diqqətini cəlb edəcək elə bir ciddi geosiyasi hadisə, yaxud olay baş vermir.
ABŞ vitse-prezidentinin bu zəngi Vyanada razılaşdırılmış məqamları möhkəmləndirmək xarakteri daşıyır. Çünki ABŞ cəbhə xəttindəki atəşkəsin nə qədər kövrək olmasından narahatdır. Bu baxımdan, ABŞ hər an təmas xəttində hərbi təxribatların törədilməsi ilə iyun ayında başlayacaq danışıqlar prosesinin pozulmasının qarşısını almaq istəyir. Görünür, Bayden məhz bu yöndə prezidentləri özlərində olan kəşfiyyat məlumatları ilə məlumatlandırıb və ola biləcək təxribatlara yol verməmək üçün xəbərdar edib.
Unutmaq lazım deyil ki, bu ərəfədə Roma Papasının iyun ayında Ermənistana səfər etməsi və bununla əlaqədar Qarabağda hərbi təxribatların törədilməsi yolu ilə bu səfərin qarşısını almaqla bağlı mediada spekulyasiyala aparılır. Və bu da məqsədsiz deyil.
Baydenin prezidentlərə zəng etməsi həm də onu göstərir ki, ABŞ-ın təşkil etdiyi Vyana görüşündən çıxan razılaşmalara və iyunda baş tuta biləcək görüşə çox önəm verir. Bu da ABŞ-ın Qarabağ prosesinə diqqətini göstərir.

Natiq Miri