“Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün...” - VAŞİNQTONDAKI NÜFUZLU BEYİN MƏRKƏZİNİN ANALİTİKİ

Baxış sayı:
1177

Vaşinqtonda demokratlara yaxınlığı ilə bilinən “Atlantic Council” nüfuzlu analitik mərkəzinin xarici siyasət araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Stefan Blank Bayden administrasiyasını Ukraynaya 100 ədəd F-15 ağır qırıcı-bombardmançı təyyarəsi satmağı təklif edib.

Bu təklif Donbassda yeni müharibə və Rusiya ilə Ukrayna arasında Qərbin də cəlb oluna biləcəyi irimiqyaslı toqquşma riskinin artmaqda olduğu bir vaxtda səslənir.

Stefan Blank təklif edir ki, ABŞ Ukraynaya son modifikasiyadan olan 100 F-15 ağır qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 kəşfiyyat təyyarəsi və 8-12 ədəd havada yanacaqdolduran KS-135R təyyarəsi satmalıdır. Analitik bu haqda Atlantic Council-in saytında dərc edilmiş məqaləsində bildirir.

“Ukrayna Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi zərurəti Bayden administrasiyasına Moskvaya həm real strateji mənada, həm uzunmüddətli təbliğat müharibəsində real əzab vermək imkanı yaradır”,-analitik qeyd edir.

Blank bildirir ki, ABŞ-ın 2014-cü ildən bəri Ukraynaya göstərdiyi hərbi yardımlar faydalı olub, amma əsasən simvolik əhəmiyyət daşıyıb. Ukrayna Hərbi Hava Qüvvələrinə kömək isə minimal olub, bura heyət üzvləri üçün şlemlər və uçuş-enmə zolağının təmiri üçün komplektlər daxildir. Hansı ki,  bunları real hərbi yardım adlandırmaq olmaz.

“ABŞ tərəfindən maliyyələşdirilən yardım paketi və ya “lend-liz” (“istifadə elə-qaytar”) proqramı çərçivəsində 100 və daha çox F-15 qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 Hawkeyes kəşfiyyat təyyarəsi, 8-12 ədəd KS-135R hava tankeri, habelə Link-16 verilənlərin ötürülməsi terminalları, ağıllı döyüş sursatları, qanadlı raketlər və kəşfiyyat avadanlıqlarımın Ukraynaya verilməsi Moskvaya birmənalı siqnal göndərərdi. Və onun gələcəkdə istənilən müdaxilə planının qarşısını almağa imkan verərdi”,-Stefan Blank yazır.

Onun fikrincə, Ukraynaya habelə hava hücumundan müdafiə sistemlərinin verilməsi üçün potensial imkanlar da var. Ekspert hesab edir ki, həmin konservə edilmiş F-15 C/D təyyarələrini saxlancdan çıxarmaq və modernizasiya edərək Ukraynaya göndərmək olar. Alternativ qismində isə ABŞ Ukraynaya daha müasir versiyalar olan F-15QA və ya F-15EX təyyarələrini göndərə bilər.

“Ukrayna HHQ-nin möhkəmləndirilməsi Bayden administrasiyası üçün ABŞ-ın Rusiyanın Şərqi Avropadakı hərəkətləri ilə barışmayacağını göstərmək üçün güclü imkan olacaq”,-müəllif yazır./Virtualaz.org