BAYRAM MƏMMƏDOV HANSI ŞƏRAİTDƏ ÖLÜB? – İstanbul polisi şahid ifadəsini açdı

Baxış sayı:
1084

"Heykəl məhbusu" kimi tanınan və İstanbulda meyiti bazar günü aşkarlanmış azərbaycanlı fəal Bayram Məmmədovun ölümü ''şübhəli ölüm'' deyil - İstanbul polisi deyir.

Polis BBC-yə bildirib ki, Bayram Məmmədov Moda adlanan ərazidə çəkələklərini dənizə salıb və onu götürmək üçün əyildikdə dənizə düşüb.

"Bir müddət çırpınıb, amma bədəni dərinlərə sürüklənib", - İstanbul polsi bunun şahid ifadəsi olduğunu deyib. Hadisə mayın 2-də saat 15:00 ətrafında İstanbulun Anadolu hissəsində, sahildə baş verib.

Polis deyib ki, mayın dördündə Bayramın dostlarından biri İstanbul polisinə gedib və onun itkin olduğunu deyib.

Məlumata görə, polis dənizdən tapdığı meyitin fotosunu göstərib və Bayramın dostu onu tanıyıb. Polis BBC-yə bildirib ki, Bayramın Türkiyədə qalmaq icazəsi olub və bu zaman götürülən barmaq izi ilə cəsədin barmaq izi qarşılaşdırılıb, Bayram Məmmədov olduğu təsdiqlənib.

Polisin məlumatına görə, Türkiyədə ölüm halı olduqda qanunən istintaq başlayır. "Prokuror istintaqı başlayıb, amma polisin hesabatına görə, Bayram Məmmədovun ölümü "şübhəli ölüm" deyil. Buna görə də prokuror da hesabatın yazandan sonra ehtimal ki, istintaq başa çatacaq", - İstanbul polisindən bildirilib.

"Turan"ın məlumatına görə, Bayram Məmmədovun meyiti İstanbulun Haydarpaşa Stansiyası ərazisindən çıxarılılıb və Numune Xəstəxanasına aparılıb.

Bayram Məmmədovun dostları bildirib ki, meyitin məhkəmə tibbi ekspertizası aparılır. Ancaq Bayram Məmmədovun cəsədinin evə nə vaxt təhvil veriləcəyi bəlli deyil.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya bildirilib ki, Bayram Məmmədovun ölümü ilə bağlı məsələ araşdırılır və ölkənin diplomatik nümayəndəliyi bu məsələ ilə bağlı məlumatlandırılıb.

Bayram Məmmədovun atası Fərman Məmmədov oğlunun öldüyünü BBC News Azərbaycancaya təsdiqləyib. 

"Onunla sonuncu dəfə mayın birində danışmışdıq. Bizə dedi ki, bir həftəyə Bakıya gələcək. Hansı şəraitdə öldüyünü bilmirik və indi səfirliyə gedirik", - Bayram Məmmədovun atası Fərman Məmmədov deyib.

Hazırda İstanbulda yaşayan Elgiz Qəhrəman bu gün Bayram Məmmədovun ölümü ilə əlaqədar polisə ifadə verib. Onun sözlərinə görə, bazar günü günorta saatlarında Bayram Məmmədovun meyiti dənizdən sahil mühafizəsi tərəfindən çıxarılıb. 

"Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində olub. Polis ifadə alıb və suallar soruşdu, intiharla bağlı suallar verdi. Polisdə dedilər ki, o, boğulan zaman görən olub, xilas etməyə cəhd ediblər, amma alınmayıb", - Elgiz Qəhrəman deyib. Qəhrəman onu da deyib ki, Bayram Məmmədov İstanbulda tək yaşayıb.

O bildirib ki, ona Bayram Məmmədovun meyitinin indi harada saxlanılması barədə məlumat verilməyib, amma İstanbul polisi hadisə şahidi olduğunu və araşdırma aparıldığını deyib.

Ona polisdən deyilib ki, ailə üzvü olmadığından və araşdırmalar getdiyindən daha ətraflı məlumat verilə bilməz.

"Görüşdə və ondan sonra internet vasitəsiylə danışanda mənə gələcək planlarından danışıb. Dostlarına ayın dördündə Bakıya getməkçün bilet alacağını deyib. Bakıya getmək istəyən adam niyə intihar etsin, bu qəribə haldır. Hadisə baş verən yer də dərin deyil, qayalıqdır", - Elgiz Qəhrəman deyib.

Elgiz Qəhrəman deyib ki, Bayram Məmmədovla sonuncu dəfə aprelin 29-da Türkiyədə sərt karantin tədbirləri qüvvəyə minmədən əvvəl görüşüb. Daha sonra Türkiyədə küçəyə çıxma qadağası başlayıb və onlar əlaqə saxlaya bilməyiblər. Bir neçə gün keçdikdən sonra dostları onunla əlaqə saxlaya bilməyib, evinə gedib axtarıblar, cavab ala bilmədikdə polisə müraciət edib onun meyitinin tapıldığı xəbərini alıblar.

Onun ölüm xəbərini İstanbulda yaşayan dostları yayıb və polisin onlara məlumat verdiyini deyiblər.

Bayram Məmmədov "Heykəl məhbusu" kimi tanınıb və 2019-cu ilin martında Novruz bayramı qabağı İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa çıxıb.

Ona narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham elan edilib 10 il həbs cəzası verilib. Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.