Bazar dolu, ciblər boş...

“Şərq” bazarında satan da narazıdır, alan da...

Qərb dövlətlərinin Rusiyaya iqtisadi sanksiyalar istər-istəməz iqtisadiyyatı neft hasilatından asılı olan ölkəmizə də təsir edir. Belə ki, hal-hazırda Respublika ərazisində ən böyük bazarlardan hesab edilən “Sədərək” və “Binə” ticarət mərkəzlərində yaranmış durğunluq, alıcılıq qabiliyyətinin maksimum aşağı enməsi bunu deməyə əsas verir. Bəs görəsən digər bazarlarda vəziyyət necədir?

Bu suala cavab tapmaq üçün üçün şəhərin tanınmış ticarət mərkəzlərindən olan “Şərq” bazarına yollandıq. Şahidi olduğumuz durum heç də digərlərindən fərqli olmadı.

Bir neçə ay bundan əvvəl alıcı əlindən yer tapılmayan bazara sanki səssiz sükut çökmüşdü. Həftənin bazar günü olmasına baxmayaraq, nadir hallarda alıcıya rast gəlmək mümkün olurdu. Mövcud vəziyyət artıq satıcıları da narahat edir. Müsahibim Quliyev Şöhrət bildirdi ki: "Qiymətlərdə endirim yoxdur. Onsuzda bir-iki müştəri gəlir, onlara da ucuz qiymətə malımızı satsaq, bizə nə xeyri qalacaq?  O ki qaldı Rusiyaya qarşı sanksiyalara, doğrudur, bunun müəyyən dərəcədə bazara təsiri var, amma alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması sırf onunla da bağlı deyil. Ümumilikdə, yanvar-fevral ayları bazarın durğun vaxtları olur. Alıcıların yoxluğu da, bilavasitə, bununla əlaqədardır”.

Vəziyyətlə bağlı  bazar rəhbərliyi icarə haqlarında  müəyyən güzəştlər edibmi? Sualımı cavablandıran M. Quliyev belə cavab verdi: "Ortada fövqəladə bir durum yoxdur ki, bunu etsinlər. Həm etsələr belə, bir aylıq kirə haqqı ödəməməklə kim nə qazanacaq ki?” 

Bazardakı durğunluğun səbəbini alıcılardan da maraqlandıq. Alıcılarsa təklif olunan qiymətin yüksək olmasından şikayətlənirdilər. Müsahibim Ramin bildirdi ki, mərkəzi bazarlar yoxsulların yeri deyil: "Dünya iqtisadiyyatı inflyasiyaya uğrayır, rubl, evro dəyərdən düşür, ərzaq və digər malların qiymətləri aşağı enir, amma xaricdə. Özünüz də şahidsiniz qiymətlərdə hər hansısa bir dəyişiklik yoxdur, əvvəl 20 manata satılan kofta, bu gün 18 manata satılır. Qiymətlərdə eniş buna deyirlərsə bu eniş deyil".

Qısacası, nə alan qiymətlərdən, nə də satan alıcılardan razıdır. Hətta bəzi satıcılar mazagalarını artıq bağlayıblar.

Azay SÜLEYMANOĞLU