ÇİN İQTİSADİ “MÖCÜZƏSİ” ÇATLADI... - Ucuzluq dövrü bitir?

"Əgər baha sata bilmiriksə, deməli ucuza satacağıq, amma hər şeyi və hamıya!".
Bunu hələ 1970-ci illərin sonlarında Çin iqtisadi islahatlarının lideri Den Syaopin demişdi.
Həmin illərdə ölkəni dünyaya açanda Çinin tək bir rəqabət üstünlüyü var idi: yemək və daldalanacaq ev müqabilində işləməyə hazır olan yüz milyonlarla insan! Syaopin bu “kapitalı” dəqiqliklə idarə etdi, bu tapşırığa bütün dövlət uyğunlaşdırıldı və nəticə gözləntiləri belə aşdı...
Çin sənayesinin və texnologiyalarının hazırda dünyanı necə zəbt etdiyini Azərbaycanda da əyani surətdə görmək olar. Ətrafımızda mobil telefonlardan, məişət texnikasından, xüsusilə də minik avtomobillərinə qədər bir çox istiqamətlərdə Çinin varlığını hiss edirik. Özü də bu tendensiya yalnız Azərbaycanda deyil, demək olar dünyanın hər yerində hiss olunur...
“Çin möcüzəsi” nə qədər davam edəcək?
Bəs “Çin möcüzəsi” adı verilən və əsasən öz analoqları ilə müqayisədə ucuzluğu ilə seçilən sənaye məhsulları bolluğu nə qədər davam edəcək?
Çin öz iqtisadi artım tempi ilə son 40 il ərzində müasir dünya tarixinin ən sürətli zənginləşməsini yaşadı. Ölkə bu işə əvvəlcə hər kəsdən ucuz futbolkalar tikməklə, “zajiqalka”(alışqan) yığmaqla başladı, amma bu gün dünyaya telefondan tutmuş ən müasir avtomobillərə, günəş panellərinə və robotlara qədər hər şeyi satmaqla məşğuldur. Bütün bunlar tək bir sadə düstura söykənirdi: hər kəsdən ucuz istehsal etmək və planetə səpələnmək.

Lakin bir çox mütəxəssislər artıq bildirirlər ki, 2026-cı ildə bu düsturun istifadə müddəti bitib. Bəli, Çində zavodlar işləyir, ixrac rekordlar vurur, lakin ölkə “iqtisadi möcüzə”də olmaması gərəkən mənfi simptomlar yaşayır. Çinin büdcə kəsiri respublikanın yaranmasından bəri ən yüksək həddə çatıb. Çində real büdcə kəsiri, analitiklərin qiymətləndirməsinə görə, ÜDM-in təxminən 9%-i həcminə çatıb.
Bu il Çin universitetləri hər zamankından daha çox diplom paylayıb, lakin hər altı gənc çinlidən biri hazırda iş tapa bilmir. Hazırda Çində 12 milyon işsiz universitet məzunu var. Yəni, bütünlükdə Azərbaycanın əhalisindən daha çox. İşsizlıik gənclər arasında 18 faizə çatıb. Konveyer və tikinti ətrafında toplanmış iqtisadiyyatda bu qədər təhsilli insanı işlə təmin etməyə sadəcə yer yoxdur.
Yeri gəlmişkən qeyd edək ki, son illərdə Çində təhsil alan azərbaycanlı tələbələrin də sayı xeyli artıb. Mütəxəssislərin proqnozlarından çıxış etsək, onlar üçün də Çində iş tapmaq asan olmayacaq...

Ölkədə mənzillər dördüncü ildir ki, ucuzlaşır, yerli istehsal olan avtomobillərə edilən endirimlər isə o həddə çatıb ki, istehsalçıları dempinqə(malların və xidmətlərin maya dəyərindən, yaxud adi bazar qiymətlərindən aşağı satılması) görə açıq şəkildə tənqid, hətta ittiham edirlər. Çünki həddindən artıq bahalaşma kimi, uzun müddət davam edən ucuzlaşma da iqtisadiyyat üçün təhlükəli və mənfi tendensiyadır...
Eyni zamanda, hələlik Çinin ticarəti hər zamankından daha yaxşı gedir. Son bir ildə o, dünyaya aldığından 1.200 milyard dollar daha çox mal satıb. Belə bir üstünlüyə tarix ərzində heç bir iqtisadiyyat nail olmayıb. İndiki Çinin əsas tapmacası da bundadır: bütün planet üzrə rekord satışlar və düşən qiymətlər, eyni zamanda da işsiz gənclərin və büdcə kəsirinin kəskin artımı...
Mütəxəssislər hesab edirlər ki, bu paradoksun kökündə həddindən artıq ucuz məhsul satışı durur və ölkə iqtisadiyatı indi bunun bədəlini ödəməyə başlayır, bu bədəl isə olduqca baha başa gəlir. Digər yandan Donald Trampın elan etdiyi tarif müharibəsi də var. Bütün bunlar Çin mallarının qiyməti üçün nə ilə nətiəclənəcək?
Məsələ ondadır ki, “Çin möcüzəsi”nin “baş əsəri” olan ucuzluq heç vaxt təsadüfi olmayıb. Bu ucuzluq öncədən xüsusi olaraq layihələndirilmişdi, özü də tarixdə heç bir iqtisadiyyatın özünə rəva görmədiyi bir miqyasda. Lakin Çin əhalisinin bir özəl xüsusiyyəti var – qənaətcillik və əmanət yığımına üstünlük vermək. Dünya Bankının məlumatına görə, çinlilər gəlirlərinin ortalama üçdə birini əmanət kimi kənara qoyur, bizim dildə desək, “dar günə” saxlayırlar. Müqayisə üçün Rusiyada bu göstərici ortalama 5-6%-dir, ABŞ-də isə daha azdır. Çinliərin bu davranışı təsadüfi deyil. Çoxları üçün qəribə görünə biər, amma bu ölkədə kənd sakinləri üçün baza pensiya məbləği ayda cəmi 30 dollar civarındadır, işsizlik müavinəti də kifayət qədər azdır. Ölkədə sosial müdafiə uzun illər minimal səviyyədə qalıb, buna görə də pensiya fondu və sığorta şirkəti rolunu hər kəs özü özü üçün icra etməyə çalışır. Eyni zamanda qazanclar yüksək deyil: özəl sektorda orta əməkhaqqı ayda təxminən 800 dollar təşkil edir və bu məbləğin üçdə biri hər ay, yuxarıda qeyd edildiyi kimi, bank hesabına gedir. Bu gün Çində əhalinin hesablarında təxminən 165 trilyon yuan (təxminən 24 trilyon ABŞ dolları) var — bu, Çinin bir ildə istehsal etdiyindən daha çoxdur.

Bu əmanətlər illik təxminən 1% gəlir gətirir və bu dərəcə heç də təsadüfü deyil. Çünki əmanətlərin gəlirliliyi “yuxarı”dan müəyyən edilir və şüurlu şəkildə aşağı səviyyədə saxlanılır. Banklar isə minimal faizli depozitləri sənaye üçün ucuz kreditlərə çevirir. Sadə dildə desək, qocalıq, xəstəlik və təhlükəsizlik yastığı üçün pul toplayan yüz milyonlarla ailə onilliklər boyu Çin zavodlarını demək olar ki, faizsiz kreditlə təmin edib.
Satış çox,mənfəət az...
Eyni zamanda, ölkədə dövlətə məxsus torpaqlar fabriklər üçün rəmzi kiçik məbləğə başa gəlir. Çünki bu, yeni iş yerləri və vergilər deməkdir. Nəticədə Çin zavod açmağın dünyadakı hər yerdən daha ucuz olduğu bir ölkəyə çevrilib. Bu quruluş "investisiya artımı modeli" adlanır. Bunun mənası odur ki, ölkə ilbəil qazandığını dəzgahlara, yeni sexlərə və infrastruktura yatırır, əməkhaqqı və pensiyaların artırılmasını isə sonraya saxlayır. Çünki əvvəlcə mümkün qədər çox ixrac etmək lazımdır, həyat səviyyəsini isə artıq bu gəlirdən qaldıracaqlar.
Lakin bu model heç də ideal işləmir və nətiəcədə böyük büdcə kəsiri, milyonlarla işsiz məzunlar, aşağı pensiya və müavinətlər və s. yaranır.

Üstəlik, Çində ev təsərrüfatlarının istehlakı iqtisadiyyatın təxminən 40%-ni təşkil edir. Yəni, əhali istehlaka qaçmır, daha çox pul yığmağa üstünlük verir. Məsələn, ABŞ-də yerli istehlak təxminən 70%, Rusiyada isə 50%-dən çoxdur. Yəni amerikalılar öz ölkələrinin yaratdığı hər şeyin 2/3 hissəsini özləri alırlar, rusiyalılar yarısını, çinlilər isə yarısından da azını. Ev üçün alınmayan hər şey isə xaricə getməlidir, əks halda o heç kimə lazım deyil. Çin kimi böyük istehsalçı üçünsə cəmi 40 faizlik daxili istehlak olduqca aşağıdır. Mütəxəssislərin hesablamalarına görə, Çin mallarının itehsal edən zavodların qazancı həmin malların satış qiymətinin maksimum 5-7 faizi qədərdir. Yəni, mənfəət azdır, lakin satış kütləvidir. Mənfəətin az olması isə əmək haqqının da az olmasına gətirib çıxarır. Deməli, Çin dünya bazarını həm də öz əhalisinin məhdudlaşdırılmış gəlirləri hesabına fəth edir.
Çin malları artıq dünyaya sığışmır
Çində artıq o qədər çox müəssisə tikilib ki, onların istehsal etdiyi məhsulu dünya bazarı artıq sadəcə özünə sığışdıra bilmir. Son hesablamalara görə, son illərə qədər bütün planetin gəlirləri ildə təxminən 3% artarkən, Çinin satdığı ilə aldığı arasındakı fərq 20% artıb.

Yəni, Çin hər dəfə dünya bazarına bütün bunları almaq üçün dünyanın qazana bildiyindən xeyli çox mal çıxarıb. Beləliklə, tələblə təklif arasındakı fərq artdıqca artıb. Ötən illər əırzində Çin dünyadakı insanların ala biləcəyindən o qədər daha çox istehsal etməyə başladı ki, çarə yalnız malları ucuzlaşdırmağa qaldı. Artıq bu qədər məhsulu xaricə satmaq çətinləşdiyi kimi, daxildə də “əritmək” müşkülə çevrilib.
Çin avtomobili niyə ucuzdur?
Qiymətlərin davamlı düşməsi deflyasiyaya səbəb olub. Bunun uzun sürməsi ümumilikdə iqtisadiyyat üçün ziyan gətirir. Təsəvvür edin, adam özünə, məsələn, 150.000 yuana(təxminən 22 min dollara) avtomobil bəyənib, amma görür ki, bir ilə bu model 10% ucuzlaşıb. Gözləmək qərarına gəlir, çünki yarım ildən sonra yəqin ki daha sərfəlisi çıxacaq.

Avtosalonlarda bu cür yol ğözləyən yüz minlərlə, bəlkə də milyonlarla avtomobil var. Nəticədə satışlar düşməyə başlayır və istehsalçı bir daha güzəştə gedir, eyni zamanda fəhlələrin mükafatlarını və təchizatçıların sifarişlərini kəsir. İndi artıq bu insanların pulu azdır, alışları məcburi olaraq təxirə salırlar və qiymətlər növbəti dəfə, daha bir pillə aşağı düşür. Bu spiral ucuzluq yaradır, lakin onunla birlikdə mənfəətlər, maaşlar, mükafatlar da aşağı düşür və iş yerlərinin sayı azalır. Həddindən artıq böyük rəqabətin çatışmayan cəhətlərindən biri də budur. Hər sahədə o qədər müəssisə tikilib ki, malı yalnız tək bir yolla — maksimum ucuz qiymətə qoymaqla satmaq olur. Amma qonşu müəssisə də sabah eyni şeylə cavab verir və bir ildən sonra hər ikisi zərərlə işləyir.
Ən aydın şəkildə bu, avtomobil bazarında görünür. Burada istehsalçılar bir ildə 227(!) modelin qiymətini düşürüblər. Hətta iş o yerə çatdı ki, Çin hökumətinin müvafiq qurumu “BYD” şirkətini dempinqə — rəqibləri sıxışdırıb çıxarmaq üçün maya dəyərindən aşağı satışa görə açıq şəkildə danladı.

Ölkədə mənzillər də dördüncü ildir ki, ucuzlaşır. Daşınmaz əmlak 90-cı illərin sonundan bəri çinlilərin əsas investisiyası olaraq qalır. 2021-ci ildən bu yana qiymətlər təxminən 20% düşüb və aydan-aya azalmaqda davam edir.
Əlbəttə, alıcılar üçün bütün bunlar yaxşıdır, amma iqtisadiyyat üçün bu, böyük toplanmış zərərdir. Nəticədə sənaye şirkətlərinin mənfəəti üçüncü ildir ki, azalır, mənfəətsiz şirkətlər isə maaşları qaldırmır və yeni işçiləri işə götürmür.
Bütün bunlar demoqrafiyaya da təsir edir. Keçən il Çində 7.920.000 uşaq doğulub — bu, 10 il əvvəlki ilə müqayisədə iki dəfə azdır və bütün müşahidə tarixinin minimumudur. Ölüm göstəricisi isə xeyli yüksəkdir və əhali artıq dördüncü ildir ki, azalır. Çində bir qadına indi 1-dən az uşaq düşür (əmsal 0.96). Bu, hətta Yaponiyanın göstəricisindən də aşağıdır.
İqtisadiyyat üçün bu, ikiqat yükə çevrilir: az pula işləməyə hazır olan işçilər ilbəil azalır (yəni Çin bazarının ucuzluğunun təməli yox olur), saxlanılması gərəkən pensiyaçılar isə əksinə, çoxalır. Demək olar ki, hər dörd çinlidən birinin yaşı 60-dan yuxarıdır, 2050-ci ilə qədər isə ölkədə yaşlı insanların sayı 520 milyon olacaq — bu, bütün Avropa İttifaqının əhalisini üstələyir.
Bu vəziyyətdə Pekinin fəaliyyətsiz olduğunu demək olmaz, əksinə. Artıq şəxsən Si Cin Pin rəqiblərini sıxışdırmaq üçün şirkətlərin öz zərərinə mal satmasını, xaotik qiymət müharibələrini dayandırmağı tələb edib. Əsas sahələrə yaxın 2 ildə keçən ildəkindən daha az məhsul istehsal etmək tapşırılıb, qiymətlər haqqında qanuna isə maya dəyərindən aşağı ticarəti qadağan edən düzəlişlər hazırlanır.
Beləliklə, Syaopinin vaxtından bəri zavodlardan daha çox istehsal etməyi tələb edən dövlət, tarixində ilk dəfə onlardan daha az istehsal etməyi xahiş edir.
Artıq zatən Çinin ABŞ idxalındakı payı 21.6%-dən 13.4%-ə qədər daralıb və Amerikada birinci təchizatçı Meksika olub. Planetdəki bütün “iPhone”-ların dörddə biri indi Hindistanda yığılır, amerikalıların aldığı geyimlərin beşdə biri Vyetnamda tikilir və sair.
Fabriklər qonşu ölkələrə köçür. Səbəb sadədir: Çin əməyi artıq ən ucuz əmək deyil. Vyetnamlı fəhləyə ayda təxminən 350 dollar ödəyirlər — bu, onun çinli həmkarının aldığından iki dəfə azdır.
Çıxış yolu – istehsalı azaltmaq, qiymətləri artırmaq…
Artıq Çini hələ heç bir ölkənin keçmədiyi miqyaslı bir yenidənqurma gözləyir. Əksər nüfuzlu mütəxəssilər hesab edirlər ki, Çinin çıxış yolu istehsalı azaltmaq və ixracı tənzimləməkdir. Çinlilər öz istehsal etdiklərinin ən azı yarısını özləri almalıdırlar. Bu, deflyasiyanı azalada və ucuzluğa son qoya bilər. Çin Yaponiyanın 90-cı illər yolunu təkrar etməyə məcburdur. Həmçinin, Pekin 20 ildir təxirə saldığı şeyi etməyə vadar olacaq — pensiyaları qaldırmaq, pulsuz səhiyyəni genişləndirmək və Çin ailəsini pulu nəhayət kənara qoymamağa, pul xərcləməyə öyrətmək. Bütöv Çin iqtisadiyyatı hazırda 19 trilyon dollar qiymətləndirilir və onu xarici alıcıdan daxili alıcıya yönəltmək qaçılmaz olacaq.
Əslində, buna bənzər yoldan vaxtilə Yaponiya və Cənubi Koreya da keçib. Hər ikisi ucuz ixracla başlayıb və yeni zavodlar açmaq, sənayeni genişləndirmək xatirinə insanların gəlirlərini aşağı səviyyədə saxlayıb. Amma zamanla onların hər ikisi üzünü əhaliyə tərəf çevirməli oldu. Maaşlar artdı, insanlar daha çox xərcləməyə başladı və xarici bazarlar Yaponiya, Koreya mallarından doyanda daxili tələbat iqtisadiyyatı ayaq üstə saxladı. Çinin də analoji yolu gedəcəyi real görünür.
Bir sözlə, ucuz Çin malları, o cümlədən ucuz Çin avtomobilləri dövrü yaxın perspektivdə tarixə qovuşa bilər. Bunu hansısa siyasətçi, ölkə başçısı, bank, maliyyə qurumu və s. deyil, iqtisadi qanunauyğunluqlar, reallıq tələb və diktə edir.
Elxan Qüdrətoğlu








































